"İlhamə Quliyevanın meyitindən tibbi ekspertiza üçün qan nümunələri götürülüb. Ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan ölüb. Ölümünə səbəb kimi ilkin ehtimal ürək çatışmazlığıdır. Meyitdən götürülən qan nümunələrinin cavabları 15 gün sonra bilinəcək".

Unikal.org xəbər verir ki, bu barədə ans press-ə Məhkəmə Tibbi Ekspertizasından məlumat veriblər.

Ürək çatışmazlığından vəfat etdiyi bildirildiyi halda meyitin məhkəmə tibbi ekspertizasına gətirilməsininin səbəblərini isə onun qohumu, müğənni Əli Mirəliyev açıqlayıb. Müğənni bildirib ki, prokurorluq əməkdaşları evə gələrək onun meyitinin ekspertizaya aparılmalı olduğunu bildiriblər.

Nəşin Patoloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub:

"Düzdür İlhamə xəstə idi, əziyyət çəkirdi. Ancaq onun ətrafında baş verən qalmaqallarla bağlı şübhələri aradan qaldırmaq üçün ekspertiza lazım idi. Bu məsələdə onun köhnə köməkçisi Mehriban xanımın adı hallanır. Mənə elə gəlir ki, onun günahı yoxdur. Sadəcə xəstə idi... Bilmirəm, gözləyək rəy açıqlanacaq. Amma onun yaşam şansı yox idi. O, kömək olmadan yeriyə bilmirdi. Təcili Yardım həkimlərinin verdiyi rəydə də onun ölümünün səbəbləri kimi ürək çatışmazlığı göstərilib".

Daha sonra xalq artistinin meyiti ailəsinə təhvil verilib və yuyulmaq üçün məscidə aparılıb.

Xatırladaq ki, mərhum xalq artisti sabah II Fəxri Xiyabanda dəfn ediləcək. Mərhumla vida mərasimi R. Behbudov adına mahnı teatrında fevralın 26-da saat 12-dən 14-ə qədər baş tutacaq.