Mütəllibov Bakıya qayıdarsa...
Mütəllibov Bakıya qayıdarsa...

Sabiq prezidentin siyasətə qatılması müxalifətin işini xeyli çətinləşdirəcək

Eks-prezidentlər haqqında qanun qəbul ediləndən sonra 20 ildir mühacirətdə yaşayan sabiq dövlət başçısı Ayaz Mütəllibovun Azərbaycana dönüşü üçün qapılar açıldı. Artıq keçmiş prezidentin yaxınları bildiriblər ki, o, iyunun sonlarına kimi Bakıya qayıdacaq və burada yaşayacaq.
Qeyd edək ki, Ayaz Mütəllibov siyasət səhnəsində heç də kiçik fiqur hesab olunmur. Uzun illər Moskvada yaşamasına rəğmən, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan sabiq prezidentin indiyə qədər iki partiyası olub. Onlardan biri Vətəndaş Birliyi Partiyası (VBP) idi ki, deputat Sabir Hacıyev yolun yarısında Mütəllibovu oradan uzaqlaşdırdı. İkinci partiyası Azərbaycan Sosial Demokrat Partiyasıdır (ASDP) ki, o, bu gün də həmin siyasi təşkilatın həmsədri olaraq qalır.
Mütəllibovun hakimiyyətdən getməsindən sonra təsir edə biləcəyi elektoral baza isə daha çox regional amillərlə bağlıdır. Belə ki, eks prezidentin tərəfdarlarının əsas hissəsi Bakı və Bakı kəndlərində, Şirvan zonasında və qismən də Cənub bölgəsində cəmləşib. Elə yaratdığı siyasi partiyaların üzvlərinin statistikasına diqqət yetirilərsə, əsas ağırlığın qeyd olunan ərazilərə düşdüyü aydın şəkildə görünər.
Düzdür, əvvəlki illərə nisbətən Mütəllibovun siyasi təsir rıçaqları xeyli zəifləyib. Buna səbəb olan başlıca amil isə onun mühacirətdə olması və Rusiyadan birbaşa Azərbaycana təsir imkanlarının böyük olmamasıdır. Amma artıq mühacirət həyatına son qoyulur və o, geri dönür. Qalır tək məsələ ki, o da Mütəllibovun siyasətlə məşğul olub, olmayacağı ilə bağlıdır.
Bildirək ki, sabiq prezident dolayısı ilə vurğulayıb ki, Azərbaycana döndükdən sonra siyasətlə məşğul olmaq fikrində deyil. Əgər belə olarsa, onun ASDP-dən istefa verməsi gərəkdir. Hələlik sosial-demokratlar bununla bağlı heç bir fikir səsləndirmirlər. Heç bu məsələnin üzərinə gəlmək də istəmirlər. Güman edilir ki, bu şəkildə sükut vəziyyətinin saxlanılması Mütəllibovun Bakıya dönüşündən sonra verəcəyi qərara görədir. Yəni hər kəs onun verəcəyi qərara qədər susmağa üstünlük verir.
Ancaq Mütəllibov qayıtdıqdan sonra siyasətlə məşğul olarsa, bunun ən böyük zərbəsi müxalifətə dəyəcək. Çünki bu gün müxalifət düşərgəsində onun tərəfdarlarının sayı heç də az deyil. Həmçinin Bakı və Bakıətrafı kəndlərin əhalisi də sabiq prezidentin dönüşündən sonra hərəkətə gələcək. Ən azından, onun təmsil olunacağı partiyaya üstünlük verməyə çalışacaqlar. Eyni zamanda, sözügedən şəxsin siyasi proseslərdə varlığı bir çox qüvvələrin də onun ətrafında təmərgüzləşməsi üçün imkanlar tanıyacaq. Nəticə isə ondan ibarət olacaq ki, müxalifət düşərgəsində yeni bir qüvvə meydana çıxacaq və həmin qüvvə də Mütəllibovun rəhbərliyi altında ana müxalifət funksiyasını üzərinə götürəcək. Belə olan təqdirdə, təbii ki, İP və digər bu kimi birliklərin manevr imkanları zəifləyəcək.
Hərçənd bu zaman Mütəllibovla üz-üzə gələ biləcək tək qüvvə qala bilər. Həmin qüvvə də Rəsul Quliyevdir ki, buna da səbəb onun da Mütəllibov kimi elektoratının yalnız məlum regiondan olması ilə bağlıdır. Yəni sabiq spikerin Naxçıvandan olan siyasətçiləri ətrafına yığması qüvvələrin ikiyə bölünməsi deməkdir ki, Mütəllibovla Quliyev arasında siyasi çəkişmə də bu konteksdə diqqəti çəkəcək.
Beləliklə, sabiq prezident Ayaz Mütəllibov Bakıya döndükdən sonra siyasətə qatılarsa, siyasi arenada bir sıra təlatümlərin olacağı qaçılmazdır. Bundan ən böyük zərər çəkəcək siyasi tərəf isə İctimai Palata və onun ətrafındakı partiyalar olacaqlar.

Cavid Qarabağlı