ATƏT sədri Azərbaycana gəlib
ATƏT sədri Azərbaycana gəlib

Eymon Gilmor: "Bakıda keçirəcəyim görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq"
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor dünən Azərbaycana gəlib.
Səfər zamanı E. Gilmor rəsmi şəxslərlə yanaşı, siyasi partiyaların liderləri ilə də görüşlər keçirəcək. Görüşlərdə ATƏT-in bölgədə fəaliyyəti, Azərbaycanla qurum arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə olunacaq.
"Son günlər cəbhə xəttində baş verən insidentlər ATƏT sədri olaraq məni ciddi narahat edir". Bu fikirləri Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor deyib. O Bakıda keçirəcəyi görüşlərdə əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacağını deyib: "Sabah Azərbaycan rəsmiləri və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyəm. Görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Cəbhə xəttində son günlər baş verən və insan ölümü ilə nəticələnən insidentlər bizi ciddi narahat edir. Azərbaycan rəsmiləri ilə görüşlərdə atəşkəs rejiminə riayət olunması, snayperlərin cəbhə xəttində geri çəkilməsi məsələləri də müzakirə olunacaq".
Ermənistanda ona edilmiş Dağlıq Qarabağa səfər təklifinə münasibət bildirən ATƏT sədri qeyd edib ki, münaqişə zonasına səfər etmək fikri yoxdur: "Bu məsələni sabah (bu gün) Azərbaycan rəsmiləri ilə keçirəcəyim görüşlərdə də müzakirə edəcəyəm. Lakin birmənalı şəkildə deyirəm ki, Dağlıq Qarabağa səfər etmək fikrim yoxdur".
Qeyd edək ki, E. Gilmor regiona səfəri çərçivəsində iyunun 11-də Ermənistana gedib. Ermənistandan sonra isə ATƏT sədri Gürcüstanda səfərdə olub.