Doğum evlərində rüşvəti "Pampers"in arasında alırlar
Doğum evlərində rüşvəti "Pampers"in arasında alırlar

Həkimlər korrupsiyaya qarşı mübarizədən bu şəkildə sığortalanmağa başlayıblar

Ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə aparıldığı bir vaxtda bəzi qurumlarda vəziyyət tamam başqa şəkil alıb. Məsələ belədir ki, bunca həbslərə rəğmən, bir çoxları rüşvət almağın yeni metod və üsullarını "kəşf" edirlər. Elə buna görədir ki, son dövrlər daxil olan məlumatlarda rüşvətalmanın yeni formalarının üzə çıxdığı məlum olur.
Azərbaycanda korrupsiya və rüşvətin ən yayğın yerlərindən biri də doğum evləridir. Milli adət-ənənə adı altında "muştuluq", "göz aydınlığı" və "oğlan və ya qız atası olmaq" kimi əndrəbadi şeyləri əsas gətirərək valideynlərdən pul yığılır. Əvvəllər bu proses həddindən artıq aşkar şəkildə həyata keçirildiyindən kimsə bir söz demirdi. Çünki bəzi vicdanlarını itirmiş həkimlər etiraz edənlərin uşaqlarına doğum evlərində ya pis baxmaqla, ya da müxtəlif vasitələrlə zərər yetirirdilər.
Qeyd edək ki, belə hallarla üzləşənlər arasında jurnalistlər də olub. Hələ bir müddət əvvəl jurnalist İdrak Abbasov mətbuat konfransı keçirərək, uşağının dünyasının dəyişməsində həkimləri ittiham etmişdi. Həmçinin jurnalistlərdən savayı digər sıravi vətəndaşlar da bu cür ağrılı vəziyyətlərlə üzləşiblər.
Hal hazırda durum necədir? Doğum Evlərində rüşvət varmı? Səhiyyə Nazirliyi bununla bağlı hansı tədbirlər görür?
Bu suallara cavab tapmaq bir xeyli araşdırma tələb etdiyindən biz də öz növbəmizdə qollarımızı çırmayıb işə başladıq. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, hər nə qədər bəyan edilsə belə, vəziyyət dəyişməyib. Əksinə, bir çox tibb ocaqlarında yığılan rüşvətin həcmi xeyli artıb. Məsələn, əvvəllər keyser yolu ilə uşaq dünyaya gətirən ana cərraha 700 manat verirdisə, indi bu rəqəm 1200 manata qalxıb. Tibb bacıları, uşaq baxıcılarının da "tası" qalxıb. Əvvəllər 10 manat alan bu işçilər, indi isə rəqəmi 50 manata qaldırıblar.
Araşdırmalar zamanı əldə etdiyimiz məlumatlar isə çox maraqlıdır. Məlum olub ki, korrupsiyaya qarşı mübarizənin gücləndiyindən xəbər tutan bəzi tibbi işçiləri Doğum Evlərində rüşvəti olduqca maraqlı bir üsulla alırlar. Bu vəziyyətlə üzləşmiş valideynlərdən birinin dediyinə görə, əgər əvvəllər açıq şəkildə "şirinlik" adı altında pulu aşkarcasına verə bilirdilərsə, hal hazırda həmin pulu "Pampers"in içində qəbul edirlər. Valideynin sözlərinə görə, bu vəziyyətlə üzləşəndə təəccübdən özlərini saxlaya bilməyiblər. Tibb bacıları və həkimlər isə buna qarşılıq olaraq bildiriblər ki, həbs oluna biləcəklərindən belə bir addım atıblar.
Səhiyyə Nazirliyinə gəldikdə isə onların məsələ ilə bağlı tədbir gördüyü qəti diqqəti çəkmir. Nazirlik hər yerdə tibbi xidmətin pulsuz olduğunu bəyan etsə də, vəziyyət heç də deyildiyi kimi deyil. Eyni zamanda, sözügedən dövlət qurumu Doğum Evləri ilə bağlı hər hansı bir araşdırma aparmaq fikrindən də uzaqdır.
Həkimlərin qənaətinə gəldikdə isə onlar hesab edirlər ki, valideynlərdən "muştuluq" almamaqla öz güzəranlarını çətinə salırlar. Onların sözlərinə görə, hal-hazırda səhiyyə sahəsində çalışanların əməkhaqları həddindən artıq aşağıdır. Həmin pulla dolanmağın mümkün olmadığını deyən "ağ xalatlılar" yaşamaq üçün başqa çıxış yollarının qalmadığını vurğulayırlar.
Doğrusu, bizim üçün təəccüblü gələn əsas məsələ rüşvətin "Pampers"in arasında alınması oldu. Yəni, indiyə qədər rüşvətalmanın çoxlu mexnizmləri barədə bilgimiz olsa da, belə bir halla rastlaşmamışdıq. Görünür, tibb sahəsində çalışanlar, xüsusən də Doğum Evlərində işləyənlər bu məsələni özlərini daha maraqlı şəkildə sığortalamaq üçün düşünüblər.
Namiq Əlibəyli