Əhəd Abıyev nə demək istəyir?
Əhəd Abıyev nə demək istəyir?
Ramiz Mehdiyevə müraciət etməklə icra başçısı bir neçə məqsədi hədəfləyir

Ötən gün Daşkəsənin icra başçısı Əhəd Abıyev rəhbəri olduğu rayonda torpaq və otlaq sahələri problemi olduğunu bəyan etdi. Onun dediklərindən belə anlaşıldı ki, icra başçısı Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev və baş nazir Artur Rəsizadəyə müraciət edib. O, Daşkəsənə məxsus otlaq sahələrinin qonşu rayonlardan alınaraq yerli əhaliyə qaytarılmasını istəyir.
Əslində, Əhəd Abıyevin torpaq sahələri və ya otlaqlarla bağlı Ramiz Mehdiyevə müraciət etməsi bir az qəribədir. Bu qəribəlik ondan ibarətdir ki, Prezident Admnistrasiyasının rəhbəri nə torpaq bölgüsü, nə də otlaq sahələrinə baxan orqanın rəhbəridir. Hətta qanunla bu məsələyə qarışmaq üçün səlahiyyət sahibi belə hesab olunmur. Artur Rəsizadəyə müraciət isə başadüşüləndir. Ona görə ki, o, hökumət başçısıdır və ölkənin ikinci şəxsidir. Eyni zamanda, baş nazirin səlahiyyətləri sırasında bu cür işlərlə bağlı sərəncam vermək kimi imkanları mövcuddur.
O zaman sual meydana çıxır: Əhəd Abıyev otlaq sahələri ilə bağlı niyə Ramiz Mehdiyevə müraciət edib? Burada məqamlar çoxdur və bunlara bir-bir aydınlıq gətirməyə çalışaq. İlkin amil ondan ibarətdir ki, Əhəd Abıyevin Ramiz Mehdiyevlə münasibətləri heç də yaxşı deyil. Hətta son parlament seçkiləri başa çatdıqdan sonra keçmiş deputat, hazırkı icra başçısı Abıyev Mehdiyevin ünvanına sərt ifadələr işlətmişdi. Həmin olaylardan sonra tərəflər arasında yaranmış soyuqluq bu gün də davam edir.
Belə olan təqdirdə, Əhəd Abıyevin ilk hədəfi belə ola bilər ki, Ramiz Mehdiyevi yenidən hədəfə almaq üçün onun adını bütün məsələlərdə hallandırmağa başlayıb. Yəni Abıyev əlinə fürsət düşdükcə Mehdiyev haqqında danışmaqla, onu ölkədə bütün problemlərin başçısı olaraq göstərməyi niyyətləyir.
İkinci məsələ isə Daşkəsənə icra başçısı təyin olunandan indiyə qədər Əhəd Abıyev dövlət büdcəsindən və ya Prezidentin Ehtiyat Fondundan bir qara qəpik belə pul almayıb. Halbuki onunla bərabər təyinat almış həmkarları 2-3 milyon manatı çoxdan xərcləyib qurtarıblar. Hətta aralarında elələri də var ki, onlar ikinci dəfə büdcədən pul almağa hazırlaşır. Belə olan halda, icra başısı özünü həm işgüzar, həm də dövlətə sadiq olduğunu göstərməklə büdcədən pul qoparmaq fikrində ola bilər. Daha dəqiq ifadə etsək, Əhəd Abıyev dövlət büdcəsindən pul alaraq, onları rahatlıqla öz məqsədləri üçün xərcləməyi planlaşdırmış kimi diqqəti çəkir.
Buna paralel olaraq Ramiz Mehdiyevin adının hallandırılması isə təəccüblü deyil. Ona görə ki, büdcədən rayonlara pulların ayırılması məsələsində aparat rəhbərinin rəyi də əsas götürülür. O zaman Abıyev Mehdiyevin adını vaxtaşırı çəkməklə ona mesaj göndərməyə çalışır ki, razılıq versin, büdcədən də pul ayrlısın.
Ramiz Mehdiyevin Əhəd Abıyevin başçılıq etdiyi rayona maliyyə vəsaiti ayıracağı inandırıcı görünmür. Çünki bu illər ərzində belə bir addım atılmayıbsa, deməli, bundan sonra həmin hərəkətin ediləcəyi şübhəlidir. Ən azından ona görə ki, Abıyev icra başçısı olduğu rayonda heç bir iş görməməklə yuxarı dairələrin gözündən düşəcək ki, bu da yekunda onun işindən uzaqlaşdırılması ilə nəticələnəcək.
Namiq Əlibəyli