Prezident İlham Əliyev tərəfindən imzalanan "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamda patent vergi sisteminin (PVS) tətbiqi də nəzərdə tutulur. PVS-nin tətbiqinin üstünlüklərindən ən vacibi budur ki, bu vergini ödəyənlər digər vergi öhdəliklərindən, yəni PVS-nin qəbul edən sahibkarlar daha fiziki şəxslərin gəlir vergisini, fiziki şəxslərin əmlak vergisini, ƏDV-ni ödəmirlər.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib. Onun sözlərinə görə, sərəncamla təsdiq edilmiş islahatların istiqamətlərində nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi məsələsi də yer alıb.



Ekspert qeyd edib ki, hazırda nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin ümumi siyahısı Vergi Məcəlləsində təsbit edilib. Lakin sərəncamdan sonra bu dəyişiklik edilməsi istisna deyil: "Çünki sərəncamda da yazılır ki, kassa aparatları tətbiq etməyən fəaliyyət sahələri dəqiqləşdirilməlidir. Hazırda çoxlu fəaliyyət sahələri var ki, onları sabit vergi ödəyən patent vergi ödəyicilərinin siyahısına salmaq mümkündür. Təbii ki, digər meyar və məhdudiyyətlərin də tətbiqi gözləniləndir. Məsələn, işçilərin sayı və ticarət, xidmət və ya istehsal subyektinin tutduğu sahə ilə bağlı belə dəqiqləşdirmələrin aparılması mümkündür. Tutaq ki, "ticarət zalının sahəsi 20 (və ya 50) kv.metr olan kiçik ticarət obyektləri bu hüquqdan istifadə edə bilər" kimi meyarlardan istifadə edilə bilər.

Beynəlxalq təcrübəyə görə, PVS qanunvericiliklə tətbiq olunsa da, onun seçimi könüllü, tətbiqi isə məcburi xarakter daşıyır.



Q.Toğrulun sözlərinə görə, PVS-nin tətbiqini təsdiq edən sənəd patent adlanır, bu sənəd hər bir fəaliyyət növü üzrə ayrıca istifadə olunur: "Məsələn, bu təcrübəni ən yaxşı tətbiq edən qonşu ölkədə - Rusiyada fərdi sahibkar patentin alınması il bağlı ərizə ilə müraciəti patentin tətbiqinə 10 gün qalmışa qədər ərazi üzrə vergi orqanına təqdim etməlidir. Bu zaman əldə edilmiş patent həmin vergi idarəsinin nəzarətində olan ərazidə tətbiq olunur. Vergi ödəyicisi ünvanını bir ərazidən digərinə dəyişərkən patentini də dəyişməlidir. Bəzi ölkələrdə isə sahibkarlar ərizə ilə deyil, sadəcə, müvafiq ərazi üzrə vergi orqanlarına bildirişlər göndərirlər, çünki ərizə formatı həm də ondan imtina üçün də şərait yaradır. Təbii ki, bu zaman fərdi sahibkarlar mütləq qanunla müəyyənləşdirilən tələblərə cavab verməli və müvafiq sahəni təmsil etməlidirlər. Məsələn, Moskva vilayətində PVS-ni tətbiq etmək istəyən fərdi sahibkarların işçilərinin orta siyahı sayı 15-dən, bir təqvim ili üçün gəlirlərinin həcmi isə 60 mln. rubldan çox olmamalıdır".

İqtisadçı bununla bağlı dünya təcrübəsini də misal göstərib: "Dünya təcrübəsində patentlər sahibkarların seçimi əsasında bir təqvim ili ərzində 1 aydan 12 ayadək verilir. Patentlərdən istifadə hüququnu itirən fərdi sahibkarlar bu hüququ eyni təqvim ilində əldə edə bilməzlər. Pusiya qanunvericiliyinə görə, PVS-nin tətbiq edən fəaliyyət növləri üzrə fərdi sahibkarların işçilərinin orta siyahı sayı 15-dən çox olmamalıdır. Digər bir məqam ondan ibarətdir ki, PVS-nin ödəyiciləri olan sahibkarlar vergi orqanlarına illik bəyannamələr (hesabat) təqdim etmirlər".