Dağlıq Qarabağdan Suriyaya
Dağlıq Qarabağdan Suriyaya

Rusiyanın yeni təklifi yalnız özünə xeyir edir

Rusiyannın xarici işlər naziri Sergey Lavrovun Suriya ilə Dağlıq Qarabağ arasında paralellik axtarması müşahidəçilər tərəfindən birmənalı qarşılanmadı. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyəti Dağlıq Qarabağ nümunəsində həll etməyi təklif edib. Rusiyalı nazir Suriya və Qarabağ münaqişələri arasında paralel aparıb. Brifinqdə çıxış edən nazir müharibələrin bu cür konfiliktlərin həlli üçün çıxış yolu olmadığını bildirib.

"Növbəti dəfə təkrar edirəm - konfrans siyasi nizamlamanın parametrlərini qabaqcadan müəyyən etmək üçün yox, zəruri şəraitin yaradılması, suriyalılar özləri bununla məşğul olması və onları daima danışıqlara davam etmək üçün təkan verməkdir. Dünya ictimaiyyəti ümumi qəbul edilmiş prinsiplər əsasında fəaliyyət göstərir - tərəflər özləri razılaşmalıdırlar. Məsələn, Qarabağ problemi kimi. ATƏT-in Minsk Qrupunun həmsədrləri şərtləri təmin edir, tərəfləri kompromis üçün təkan verir, ancaq zor altında qərar verirmirlər. Bütün hallarda, o cümlədən Suriyadakı vəziyyətlə də məhz belə davranmaq lazımdır". Amma əksər ekspertlər hesab edirlər ki, Sergey lavrovun ortaya qoyduğu mövqe reallığı əks etdirmir.
Nəyə görə? İlk növbə də ona görə ki, Dağlıq Qarabağ problemini həll etməli olan ATƏT-in Misk Qrupu əslində zaman keçirtməklə məşğuldur. Bu günə qədər ATƏT-in Minsk Qrupu bir addımda olsa irəliləyişə nail ola bilməyib. Çünki təsir etmə imkanları sıfırdır və Ermənistan tərəfi bu amildən maksimum dərəcədə yararlanır.
Məsələn, bir neçə il öncə "Madrid prinsipləri" işlənildi və tərəflər bu prinsiplərlə razılaşdılar. Amma son anda Ermənistan tərəfi bundan imtina etdi. ATƏT isə fakt qarşısında qaldı və danışıqlar yenidən sıfır nöqtəsinə qayıtdı.
Bundan sonra növbəti ideya ortaya çıxdı. Bu dəfə "Yeni Madrid prinsipləri" masaya qoyuldu. Uzun-uzadı müzakirələrdən sonra Azərbaycan kimi Ermənistan da prinsiplərlə razılaşdığını söylədi. Amma Soçi görüşündən sonra Ermənistan açıq şəkildə bu razılaşmadan da imtina etdi və bu günə qədər başqa ciddi bir nəticəyə nail olunmayıb. Bunun başlıca səbəbi isə budur ki, Ermənistanın son anda etdiyi imtinaya beynəlxalq qınaq və təzyiq olmur. Buna görə də hesab edilir ki, Suriya məsələsinə Dağlıq Qarabağ probleminə olan yanaşma kimi mövqe sərgiləmək ağılsızlıq olardı. Çünki Suriya hakimiyyəti belə olsa danışıqların istənilən mərhələsində yenidən sıfırlanma addımına gedəcək. Ekspertlər isə hesab edir ki, əslində Dağlıq Qarabağ məsələsi də Suriya məsələsi kimi həll olunmalıdır.
Bu gün dünya dövlətləri, o cümlədən ATƏT-in Minsk Qrupunun üzvləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bununla bağlı hətta BMT-in 4 qətnaməsi də var. Amma problem həll olunmur. Səbəb isə təkdir, Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur və Ermənistan buna görə istədiyi mövqeni sərgiləyə bilir. Amma beynəlxalq təzyiqlər olardısa, müəyyən saknsiyalar tətbiq edilərdisə, problemi tezliklə həll etmək olardı.
Bu gün beynəlxalq aləm bölgədə müharibənin başlanmasından narahatçılıq keçirir. Çünki məsələ heç bir şəkildə öz həllini tapmır. Ekspertlər qeyd edirlər ki, əslində müharibənin başlanmasını istəmirlərsə, beynəlxalq güclər Ermənistanı hədəfə almalıdır.
ABŞ Dövlət Katibinin regiona səfəri zamanı bunun bəzi detalları göründü. Hillari Klinton atəşkəsin qorunmasının zəruri olduğunu bildirməsi ilə yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına işarə etdi.
Ekspertlər buna görə hesab edirlər ki, Lavrovun etdiyi təklif əslində Rusiyanın proseslərə təsirini artırmaq üçündür. Bu gün faktiki olaraq Qarabağ düyünü Rusiyanın əlindədir və ABŞ heç cür prosesi Rusiyanın nəzarətindən çıxara bilmir.
Hesab edilir ki, Suriyada da eyni durumdur və ABŞ təzyiqləri artırmasa, Suriya Ermənistan kimi Rusiyanın tam nəzarətində olacaq. Bu isə, sözsüz ki, ABŞ və Avropa üçün real təhlükə deməkdir. Başqa bir tərəfdən Dağlıq Qarabağ problemi Suriya problemindən, ən azı, mahiyyətinə görə fərqlənir. Dağlıq Qarabağın işğal olunması səbəbindən Azərbaycan Ermənistanla üz-üzədir. Amma Suriyada xalqla diktatura üz-üzə qalıb. Belə olan halda ATƏT-in Minsk Qrupu formatından yararlanmağa çalışmaq, sadəcə, mümkünsüzdür.
Toğrul Əliyev