Rəsul Quliyev müxalifəti parçalayır
Rəsul Quliyev müxalifəti parçalayır

ACP-yə Müsavat və AXCP-dən transferlər düşərgədə ciddi qarşıdurmalara səbəb olacaq

Rəsul Quliyevin yenidən siyasətə qayıtdıqdan sonra ehtimal olunurdu ki, o, regionçuluq prinsiplərinə əsasən fəaliyyət göstərəcək. Bu deyimlərin üzərindən çox keçmədi ki, sabiq spiker lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) rəhbərliyinə Sülhəddin Əkbəri gətirdi. Bunun ardından isə digər transferlər üzərində baş sındırıldı ki, artıq onun da nəticələri göz qabağındadır.

Verilən məlumatlara görə, Sülhəddin Əkbərin rəhbərliyi altında həyata keçirilən taktika sayəsində əsas hədəf Müsavat Partiyası seçilib. Qısa müddət ərzində Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının 15 üzvü ACP-yə keçib. Bunun ardından isə əsas hədəf kimi Naxçıvan regionu götürülüb ki, Rəsul Quliyevin partiyası artıq burada böyük üstünlük qazanmağa başlayıb.
Məlum olduğu kimi, ACP-yə Müsavat Naxçıvan təşkilatından transfer edənlərin arasında bu partiyanın Divan üzvləri də var. Gələn xəbərlər isə ondan ibarətdir ki, Naxçıvanda proses təkcə Müsavatla deyil, həmçinin AXCP üzvləri ilə də əhatələnib. Yaxın günlərdə daha çox insanın Rəsul Quliyevin tərəfinə keçəcəyi gözlənilir.
Baş verənlər nəyə dəlalət edir? Burada bir sıra məqamları diqqətlə izləmək doğru olardı. İlk olaraq, Rəsul Quliyevin regionçuluq prinsiplərinə ciddi üstünlük verməsinə nəzər yetirək. Sabiq spiker hələ vəzifədə olduğu dönəmdə də eyni taktika ilə işləyir və öz yerlilərini ətrafına yığmağı xoşlayırdı. Sonrakı mərhələdə müxalifətə keçən Quliyev həmin ənənəni davam etdirdi. Bu gün isə həmin proses daha aydın şəkildə diqqəti çəkir.
Təbii ki, burada Sülhəddin Əkbərin partiya sədri olması da mühüm amillərdən biridir. Bir zamanlar Müsavat Partiyasında önəmli postlardan birini tutan keçmiş nazir müavini oradan ayrıldıqdan sonra çoxlarının gedəcəyini dilə gətirmişdi. Dediyi kimi olmasa da, onunla bərabər bir neçə nüfuzlu şəxs Müsavatı tərk etdi. Amma indi onun konkret olaraq partiya sədri olması naxçıvanlıları ətrafına toplamaq üçün imkan yaradıb. Üstəlik, Müsavatla aralarında olan problemlərdən dolayı Əkbər partiyanın təşkilatlarının əlindən almaqla qüvvəsini nümayiş etdirməyə çalışır. Yəni, Müsavat rəhbərliyinə mesaj göndərir ki, "Siz məni bəyənmədiniz, indi görün başınıza hansı oyunu açıram".
Digər bir məsələ də ənənəvi müxalifətin üzvlərinin artıq yeni qüvvə axtarışına çıxmasıdır. 20 ildir dəyişməyən partiya sədrlərinin yanlış taktikaları üzündən həbsxanalara düşən, polisə aparılan və müxtəlif əziyyətlərlə üzləşən müxalifətçilər prosesləri yekunlaşdırmaq arzusundadır. Elə bu səbəbdəndir ki, son illər düşərgədə sapmalar, geriçəkilmələr, parçalanmalar daha çox təzahür edir. Həmin proseslərin məntiqi davamı isə ondan ibarətdir ki, bu parçalanma və başqa bir partiyada təmərgüzləşmə güclənəcək.
Hərçənd elə qəbul etmək lazım deyil ki, Rəsul Quliyev yeni qüvvədir və ya o, güclü fiqurdur. Əksinə, bu gün siyasi proseslərdə sabiq spiker daha çox siyasi meyit kimi qəbul edilir. Amma narazılar, vəziyyəti dəyişmək istəyənlər Müsavat və AXCP-dən qopduqdan sonra alternativ tapa bilmədiklərindən ACP-yə üz tuturlar. Əgər normal yeni bir qüvvə meydana çıxdığı təqdirdə, yaranmış "sabun köpüyü" də partlayıb, yox olacaq.
Sonda onu da bildirək ki, Rəsul Quliyev həm də bu transferlərlə digər müxalifət liderlərindən güclü olduğunu nümayiş etdirmək üçün istifadə edir. Hələ bir müddət əvvəl sabiq spiker bəyan etmişdi ki, İctimai Palata satqınlar yığıncağıdır və onlar Azərbaycanda heç nəyi dəyişə bilməz. Əlavə olaraq onu da bildirmişdi ki, əsas qüvvə kimi o, meydana çıxacaq. İndi baş verən yerdəyişmələrdən sonra Quliyev şübhəsiz bu istəyini dilə gətirib bəyan edəcək ki, o, hal hazırda bütün partiyalardan güclüdür.
Bir sözlə, müxalifət daxilində illərdən bəri davam edən intriqalar zaman-zaman kluminasiya nöqtəsinə çataraq, parçalanmalara yol açır. Rəsul Quliyevlə İP arasında gedən savaş da həmin nöqtələrə çatmaq üçün atılmış addımlardan biri sayılmalıdır.
Cavid Qarabağlı