"Cavab oyununda böyük şansımız var. Baxmayaraq ki, istəkli komandaya qarşı oynayırıq. Ən doğrusunu etməyə çalışacağıq. Komanda bu oyuna hazırdır".

Unikal.org-un "Report"a məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə keçiriləcək cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş haqqında bunları bildirib: "Öz meydanımızda azarkeşlərimizin yaxşı "Qarabağ" görəcəyinə inanırıq. Ancaq ehtiyatlı oynamalıyıq. Bilməliyik ki, nə vaxt müdafiə olunub, hücum edəcəyik. Rəqibin yeni baş məşqçiləri var və çox istəkli komandadır. Futbolçuları da özlərini yaxşı tərəfdən göstərmək istəyir. Onlar da mərhələ keçmək istəyirlər. Düşünürəm ki, şanslarımız bərabərdir. Hər bir oyunda rəqibin gücünü nəzərə almalıyıq. İlk oyunun sonlarına yaxın rəqib azlıqda qaldı. Amma biz nəzərə almalıyıq ki, onlar evdə oynayır və hücumları artırırlar. Biz isə bunun qarşısını almalıyıq. "Viktoriya" ilk oyunda həddindən artıq pressinq etdi. Futbolçularımdan razı qaldım. Sona qədər mübarizə apardılar. Bacardığımız qədər işimizi davam etdiririk. Belə turnirlərdə düzgün müdafiə çox önəmlidir. İstərdik sabahkı oyunun əsas vaxtı bizim üstünlüyümüzlə keçsin. Nə qədər desək də doxsan dəqiqəni fikirləşirik, bu, yalan olan. Əlavə vaxtı da düşünürük".

O, komandasının iki dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırmasından da söz açıb: "Məğlub olsaq, futbolçuya psixoloji təsir edə bilər. Çalışırıq ki, futbolçular hər bir rəqibi düzgün analiz etsin və öz oyununu göstərsin. Futbolçular bilir ki, hər kiçik şansdan istifadə etmək lazımdır. Biz Avropa Liqası haqda düşünmürük. Cavab görüşündən sonra hansı addımların atılmasının lazımlığını komandaya deyəcəyik. Rəqibin bizə qarşı hazırlaşmağa vaxtı var. Onlar da oyundan-oyuna öz hazırlıqlarını yaxşılaşdırırlar. Təzyiq varsa, öhdəmizə düşən işləri yaxşı yerinə yetirməyə çalışırıq. Hamımızın istəyi, arzusu, borcu mərhələ adlamaqdır. "Qarabağ" bir neçə ildir üçüncü mərhələdə dayanır. İstəyirəm ki, Çempionlar Liqasına düşək. Sindromun qırılıb-qırılmayacağını sabah görəcəyik. Qarşımızdakı rəqibi də nəzərə almalıyıq. Çempionlar Liqasında çıxış edən komandaların hansı çempionatda, hansı rəqiblərə qarşı oynamasını nəzərə almaq lazımdır. Qrupa vəsiqə qazanacağıqsa, heç kimdən çəkinmədən mübarizə aparmaq lazımdır".

Baş məşqçi klubun yeni futbolçularla danışıq apardığını deyib: "Üç-dörd variantımız var. Hazırda həm futbolçu, həm də klubları ilə danışıqlar gedir. Ancaq hələ heç bir futbolçu ilə razılıq əldə olunmayıb. İndi real bir şey yoxdur. Çünki tərəflərin istəyi üst-üstə düşməlidir. Bu gün üçün yüz faiz nəsə deyə bilmərəm. Bəzi detallar var ki, onlar hər iki tərəfin istəyinə uyğun olmalıdır".

Yerli mütəxəssis futbolçu Maksim Medvedevin vəziyyətinə də aydınlıq gətirib: "Maksim Medvedevin vəziyyəti normaldır. Bir neçə gündür məşq edir. Düşünürük ki, oyuna qədər hər şey qaydasında olacaq".