2016-cı ilin II rübü üzrə hesabatların təhlili əsasında bankların təsnifatı

"II rübün bitməsindən 1 ay ötür. Qanunvericiliyə əsasən banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin dərc etməmə üzrə bu dəfə rekord vurulub: 33 bankdan cəmi 8-i hesabatı açıqlayıb".

Unikal.org-un məlumatına görə, bu fikirləri tanınmış hüquqşünas Əkrəm Həsənov deyib. Ekspert xatırlatma edərək qeyd edib ki, hesabatlarını daim gizlədən 4 bank da bu ay bağlandı və məhz bunun nəticəsində 33 bank qaldı: "Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir.


Təsnifat 3 qrupdan ibarətdir: 
1) hesabatı müntəzəm gizlədənlər, 
2) hesabatı ilk dəfə açıqlamayanlar, 
3) hesabatı dərc edənlər.


I qrup - hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 17 bank: Bank VTB, Nikoyl Bank, Unibank, Bank Respublika, Accessbank, AGBank, Amrahbank, AtaBank, Bank Standard, Expressbank, Günaybank, XalqBank, NBC Bank, Naxçıvanbank, Bank of Baku, Dəmirbank və Bank BTB. Bunlar ən etibarsız banklardır. Bu qrupa əslində həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aid olmalı idi, çünki hesabatlarını dərc etmirlər. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün onları heç bir qrupa daxil etməmişəm. Buna görə də mövcud 33 bankın yalnız 31-i bu təsnifata daxildir.
II qrup - rüblük hesabatını ilk dəfə açıqlamamış 6 bank: PaşaBank, KapitalBank, Muğanbank, Bank Avrasiya və Pakistan Milli Bankının Bakı filialı. Görəsən, bunlara nə olub?

III qrup - hesabatlarını dərc edən 8 bank:
1. Azərbaycan Sənaye Bankı - 17 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 16 mln-a yaxın idi).
2. Caspian Development Bank - 14 mln-dan çox xalis mənfəəti var (ötən rübdə də belə idi).
3. YapiKrediBank - 13 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 14 mln-dan çox idi).
4. AFB Bank - 8 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 7 mln-dan çox idi).
5. Ziraat Bank - 7 mln-a yaxın xalis mənfəəti var (ötən rübdə 5 mln-dan çox idi).
6. Bank Silk Way - 1 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 7 mln-dan çox idi).
7. Bank Melli İran Bakı filialı - 500 000 manata yaxın zərəri var (ötən rübdə dərc etməmişdi), amma məcmu kapital tələbini pozmur.
8. Turanbank - 0,8 mln-a yaxın zərəri var (ötən rübdə 0,5 mln mənfəəti var idi), amma məcmu kapital tələbini pozmur.
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!"-deyə ekspert bildirib.