Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank ASC, "Kredobank ASC, "Parabank ASC və "Zaminbank ASC-nin bank lisenziyaları ləğv edilib.

Unikal.org bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.

Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.

"Dekabank ASC, "Kredobank ASC, "Parabank ASC və "Zaminbank ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda olan qorunan əmanətləri Fond tərəfindən ödəniləcəkdir.

22 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nın nəzarəti altında aparılacaq.