İyulun 20-də Dövlət Statistika Komitəsində Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə təltif olunan komitənin bir qrup əməkdaşına "Dövlət qulluğunda fərqlənməyə görə medalının təqdim edilməsi mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov əvvəlcə ölkə başçısının Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunan komitənin əməkdaşlarını bir daha təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

T.Budaqov ümummilli lider Heydər Əliyevin müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndərin tövsiyələrinə əsaslanaraq hazırlanan və 2000-ci il iyulun 21-də qəbul olunan "Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin strukturlaşdırılmasının əsası qoyulub. Dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarına aydınlıq gətirilib, dövlət qulluqçusunun hüquq və vəzifələri qanunvericilik yolu ilə müəyyənləşdirilib, dövlət idarəçilik sisteminin əsas amillərindən biri olan kadr ehtiyatlarının düzgün istiqamətləndirilməsinə zəmin yaradılıb. Bu qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan qarşılıqlı münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

"Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri müzakirə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaq, ictimai institutlara maksimal dərəcədə idarəetmə funksiyalarını ötürməkdir, - deyə T.Budaqov əlavə edib.

Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində "Dövlət qulluğu haqqında Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli "Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında Sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.

Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Sonda komitənin 4 əməkdaşına "Dövlət qulluğunda fərqlənməyə görə medalı təqdim olunub.