Bu günlərdə prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin iclası keçirildi. Həmin toplantıda prezident İlham Əliyev Azərbaycanın bir çox sahələrdəki fəaliyyəti və reallaşdıracağı proqramlarla çıxış etməsi yeni detalları ortaya çıxardı. İlk növbədə aydın oldu ki, sosial yönlü dövlət büdcəsi bundan sonra da bu şəkildə qalacaq. Amma bununla paralel olaraq əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün əlavə yardımçı addımlar da atılacaq. Bu addımlar nədən ibarətdir və əsas məqsəd nədir? Prezident İlham Əliyevin çıxışını təhlil edərək aşağıdakı nəticələri çıxartmaq olar.
1. Azərbaycanda qeyri-neft sektorunun inkişafına sosial yardıma ehtiyacı olan təbəqə daha çox cəlb ediləcək.
2. Sosial yardıma ehtiyacı olan insanların rifah halının yaxşılaşdırılması üçün kənd təsərrüfatı sahəsinin inkişafına nail olunacaq.
3. Sənaye parklarının salınması ilə məşğulluğun artırılması qabarıq şəkildə hiss olunacaq.
4. Bu prosesləri həyata keçirmək üçün dövlət büdcəsindən əlavə vəsaitlər ayrılacaq.
5. Dövlət büdcəsi ilə yanaşı xarici investorlar da bu işə cəlb olunacaq.
6. Prezident fondundan ayrılan vəsaitlər hesabına sosial yardıma ehtiyacı olanlara əlavə imkanlar tanınacaq.

Bütün bu proseslər həyata keçirilən zaman əsas diqqətdə saxlanılan məsələ əhalinin məşğulluq imkanlarının artırılması olacaq. Ekspertlər hesab edir ki, prezident İlham Əliyevin söylədiyi prinsipial məsələlər ümumilikdə əhalinin yaşam səviyyəsinin artırılmasına müsbət təsir edəcək və bu proses bir neçə ildən sonra daha real imkanları ortaya çıxaracaq. Elə prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsində görülən işlərlə bağlı verdiyi məlumat da təsdiqlədi ki, ölkədə baramaçılığın, pambıqçılığın inkişafı əsas məqsədlərdəndir və bu kənd insanlarının işlə təmin olunmasında əsas olacaq. Başqa sözlə İlham Əliyevin çıxışından çıxarılan nəticə budur ki, əsas məqsəd insan faktoruna hesablanıb. İndi isə gəlin prezident İlham Əliyevin çıxışındakı sosial nüanslara diqqət ayıraq. Prezident İlham Əliyev bəyan edir:Qeyd etdiyim kimi, sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda, digər islahatlar da aparılır. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir.Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar. Məhz prezidentin çıxışının bu məqamına xüsusi diqqət ayırmaq lazımdır. Çünki indiyə qədər əhalinin aztəminatlı təbəqəsinin dolanması ümün ünvanlı sosial yardımlar ayrılırdı və bu yardımlar qarşı tərəfin sadəcə olaraq gündəlik xərclərinə bəs edirdi. Amma prezident İlham Əliyevin verdiyi son bəyanatdan aydın oldu ki, dövlət tərəfindən aztəminatlı ailələrə veriləcək yardımlar artıq məqsədli olacaq. Yəni ailələrə daha ciddi şəkildə birdəfəlik yardımlar ayrılacaq və bu yardımlar hesabına aztəminatlı ailələr özlərinə təsərrüfat yaratmaqla yaşam imkanlarını genişləndirəcəklər. Ekspertlər hesab edir ki, bu həm də bir psixoloji məsələdir və bunu prezident də xüsusi olaraq qeyd etdi, ələbaxımlılıq aradan qalxmalıdır. Həqiqətən də aparılan müşahidələr göstərir ki, ünvanlı sosial yardım alan şəxslərdə bir tənbəllik yaranır və onların məşğulluq qabiliyyəti get-gedə zəifləyir. Prezident İlham Əliyevin bu sahədəki yeni təklifləri ümumilikdə cəmiyyətin inkişafına yönəlib. Bununla paralel olaraq prezident İlham Əliyevin çıxışından aydın oldu ki, dünyada iqtisadi krizis hökm sürsə də Azərbaycan sosial layihələrin davamına qərarlıdır və bu ümumilikdə əhalinin güzaranına müsbət təsir edəcək. Belə bir addımın atılması həm də fərdi şəxslərin varlanmasına, təsərrüfat sahibi
olamsına müsbət təsir göstərəcək. Çünki prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafıdır. Kiçik sahibkarlığın inkişafı isə sözsüz ki, aztəminatlı ailələrin sayının azalmasına bir başa təsir göstərəcək. Yəni dövlətin aztəminatlı ailələrə verəcəyi yardım onların kiçik təsərrüfatla məşğul olmalarına bir başa təsir edəcək. İndi isə qayıdaq prezident İlham Əliyevin çıxışındakı başqa nüansa:Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək.Azərbaycan Prezidenti vurğulayıb ki, bu, çox ciddi sosial təşəbbüsdür və geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək.
Dövlətimizin başçısı bununla əlaqədar geniş tikinti layihələrinin gözlənildiyini, bunun çox müsbət təsiri olacağını, məşğulluğun artacağını və inşaat materialları sektorunun da canlanacağını diqqətə çatdırıb. Prezident Mənzil İnşaatı Dövlət Agentliyinin bu il fəaliyyətə başlayacağını diqqətə çatdırıb.Bu isə o deməkdir ki, qısa zaman ərzində əhalinin mənzil probleminin həllinə də nail olmaq mümkünləşəcək. Daha ciddi məsələ ölkə də yeni infrastrukturların yaradılmasıdır. Yəni yeni yaşayış massivlərinin salınması, yeni imkanların yaradılması və son nəticədə əhalinin sosial durumunun yaxşılaşdırılması deməkdir. Məhz bu amilləri nəzərə alaraq prezident İlham Əliyev yeni prosesə start verdi. Bunu da qeyd edək ki, yarımçıq tikililərlə də bağlı mühüm qərar verildi. Bu qərara əsasən 3 il ərzində tikilən bina təhvil verilməzsə, bina tikən şirkətə verilən razılıq qərarı ləğv ediləcək ki, bu da nətəcədə əhalinin xeyrinə çıxarılan qərar olacaq. Beləliklə baş verənləri cəmləşdirərək deyə bilərik ki, prezident İlham Əliyev Azərbaycan hakimiyyətinin yürüdəcəyi siyasətdə köklü dəyişikliklər edib və bu dəyişikliklər bilavasitə əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəlib. Ekspertlər hesab edir ki, beş il ərzində nəzərədə tutulanlar reallaşarsa bu gün aztəminatlı ailə nə qədərdirsə beş ildən sonra bunun üçdə ikisi artıq aztəminatlı ailə statusunu aşıb keçə biləcək. Bununla yanaşı gənc ailələrin də mənzillə təmin olunması prosesi qısa zaman ərzində aradan qaıdırılacaq. Bunu da unutmayaq ki, artıq növbəti dəfə ipoteka kreditləri ayrılıb və bu kreditlərin verilməsi də əhalinin soisal durumunun yaşxılaşdırılmasına yönələcək. Bütün bunları cəmləşdirərək sonda bunu deyə bilərik ki, Azərbaycan artıq qeyri-neft sektorunun inkişafına daha ciddi yanaşır və bu yanaşma ilk növbədə Azərbaycan xalqının güzaranına müsbət təsirini göstərəcək. Çünki bir tərəfdən dövlət büdcəsi sosial yönlü büdcədirsə, digər tərəfdən həyata keçirilən proqramlar sosial yönlüdür və ən strateji məqsəd məşğulluq səviyyəsinin artırılmasıdır. Bu isə sözsüz ki, ilk növbədə aztəminatlı ailələrin güzaranına təsir edəcək.