Məmurlarımızın

Devalvasiya inanılmaz bahalaşmaya yol açdı, qiymətlər kəllə-çarxa çıxdı

Dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların 50%-ə yaxın qalxması bir çox sahələr kimi qızıl bazarına da təsirsiz ötüşməyib. Qızıl-zinət əşyalarının qiyməti xeyli bahalaşıb. Belə deməyə isə qızıl mağazalarında apardığımız araşdırmamız əsas verir.

Bakının ən böyük ticarət mərkəzlərindən birində qızılın qiyməti 50% -ə yaxın qalxıb. Apardığımız sorğu-sualdan aydın oldu ki, qızıla olan təlabət əvvəlki günlərə - yəni devalvasiyadan öncəyə nisbətən xeyli azalıb, bu da qiymətlərin bahalaşmasından irəli gəlir.
Satıcı, eyni zamanda, zərgər Kənan Babayev deyir ki, bazarda alıcı qüvvəsi xeyli azalıb: "Birinci devalvasiyadan sonra onsuzda qızıl alanın sayı azalmışdı, amma bu qədər də yox. Artıq neçə gündür, demək olar ki, qızıl alan yoxdur. Gündə bir dəst qızıl satanda sevinirik. Əslində, camaatı da başa düşürük. Amma belə olmaz, axı. Bizim alverimiz yoxdur, vergi ödəyirik, icarə haqqı veririk. Heç olmasa, icarə haqqını, vergi pulunu azaltsınlar".
Digər qızıl satıcıları da vəziyyətin heç də ürəkaçan olmadığını deyirlər. Hamı alıcıların sayının xeyli azaldığından, alverin olmamasından şikayət edir. Piştaxtalarda şüşə altında bərq vuran brilliantların qiymətində də xeyli artımın olduğunun şahidi oluruq.
Qızıl almaq istəyən Nazilə İsmayılova qızıl almaqda gecikdiyinə görə çox təəssüflənir: "Ötən həftə gəlib baxmışdım qızıllara. Dedim, qoy, gəlin də yanımda olsun. Bu gün də gəlinlə gəldim, qiymətlər iki dəfə qalxıb. Yəqin ki, qənaət etməli olacam. Hər şey almağa imkanın olmayacaq", - deyə alıcı bildirib.
İqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyadan sonra qızılın qiymətinin artması, əslində, gözlənilən idi: "Qızıl ölkəmizə idxal olunan məhsuldur, yerli deyil, ona görə də qiymətinin iki dəfə artması məlum idi. Amma inanmıram ki, bu uzun müddət davam edər, çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl sahəsində alıcılıq dəyəri azalacaq. İndi insan öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alır, yalnız kiminsə artıq pulu olarsa, o, qızıl alar, əks halda, bu dəqiqə kimsə qızıl hayında deyil", - deyə Samir Əliyev bildirib.
Əgər əvvəllər insanlar qızıla pul yatırmaqdan çəkinmirdilərsə, bu gün bunu etmək bir qədər çətindir. İndi hər kəs qızıldan daha çox digər qida, geyim və digər tələbatlarını ödəməyi düşünür. Xüsusən qida bazarında da qiymətlərin qalxması insanların vəziyyətlərini çətinləşdirir. Amma toy edənlər, qızıl almaq məcburiyyətində qalır. Qızıl sata bilməyənlər isə icarə haqqını verməklə bağlı problemlər yaşayır. Odur ki, həm satıcı, həm də alıcının istəklərini nəzərə alıb, bu sahədə də müəyyən güzəştlərin tətbiqi arzuolunandır.
Onu da deyək ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanın qızıl bazarında da müəyyən məmurların xüsusi çəkisi var. Müxtəlif vaxtlarda KİV-də ortaya atılan iddialara inansaq, belə məmurlardan biri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl "polka"ları var. "Laçın", "Lotos", "Diqlas" və "Mərkəzi Univermaq"da, eləcə də "Gənclik" metrosu yaxınlığındakı qızıl dükanlarında icra hakiminin yaxın adamları onun qızıl biznesini idarə edirlər. Razim Məmmədov Rusiyadakı yaxın tanışlarının vasitəsilə qızılları ordan ucuz qiymətə aldırır və Bakıda satışa çıxarır.
İddia edilir ki, qızıl biznesindən milyonlar qazanan icra hakimi həmin pulları tikinti sektoruna yatırır
Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur. Bir müddət əvvəl mətbuatda yer alan informasiyalara görə, Mərkəzi Univermaqda və onun ətrafında, eləcə də şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən qızıl dükanları və sexləri bağlanıb. Həmçinin Mərkəzi Univermaqda və "Moskva" univermağında, "Laçın" Ticarət Mərkəzində qızıl, brilyant satışı demək olar ki, bir əldə cəmlənib. Mərkəzi Univermaqda isə qızıl alveri ilə məşğul olanlar və qızıl sexi sahiblərinin çoxu univermağın direktoru, deputat Ərəstun Cavadovun adamları tərəfindən sıxışdırılaraq sıradan çıxarılıblar.
Gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir. Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin - "Carrera y Carrera", "Pasquale Bruni", "Leo Pizzo", "Antonini" və s.-lərin məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir.
Onu da deyək ki, vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl dəyişdirdiyinə dair iddialar mövcuddur.
Bir sözlə, belə görünür ki, devalvasiya bəzi məmurlara bahalaşdırma fürsəti yaradıb və onlar bu prosesdən qazanclı çıxacaqlar.
Digər tərəfdən isə qızıl bazarındakı bahalaşma alıcılıq qabiliyyətini aşağı sala bilər ki, bu da gəlirlərinin artacağını gözləyənlər üçün əks-effekt yaradar, onların qazanclarına mənfi təsir edər.
Hər halda bu variantların hansının doğrulacağını zaman göstərəcək. Odur ki, qızıl bazarındakı proseslərin necə, hansı istiqamətdə cərəyan edəcəyini gözləyək.
Toğrul Əliyev