Avropa

Bu ölkənin qurumdan çıxmasını istəyənlər ticarət əlaqələrinin qorunub saxlanacağı "dost kimi qalmaqla boşanma"dan bəhs edirlər

1962 və 1967-ci illərdə Avropa İttifaqına (Aİ) üzvlük üçün iki dəfə müraciət etmiş Birləşmiş Krallıq (Danimarka, İrlandiya və Norveç ilə birlikdə) hər dəfə Fransanın vetosu ilə üzləşmişdi. Bu vəziyyət 1969-cu ildə Fransa rəhbərliyinin dəyişməsi və həmin ildə keçirilən Lahey zirvəsinə qədər davam etmişdi. Fransanın o dövrdəki prezidenti Şarl de Qoll veto səbəbini bu ölkələrin Aİ strukturuna uyğun olmaması və üzv olacaqları təqdirdə Aİ-nin strukturunu dəyişəcəkləri ilə əsaslandırmışdı. 1969-cu ildə Lahey zirvəsində genişlənmə qərarının qəbul edilməsi nəticəsində 1973-cü ildə Britaniya, Danimarka və İrlandiya Aİ-yə üzv oldular. Norveçdə keçirilən referendumda isə Aİ-yə üzvlük əleyhinə səs verildi.

Əslində, de Qollun Britaniyanın üzvlüyünə mane olma səbəblərindən biri də Aİ-nin əsasını təşkil edən Avropa Kömür və Polad Birliyi (AKPB) yaradılarkən Londonun müşahidəçi mövqe seçməsi idi. Britaniya Aİ-ni quran dövlətlərin sırasında olmaq istəmədi. İqtisadi inteqrasiya, Gömrük İttifaqının yaradılması, gömrük rüsumlarının ləğvi, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətlərinin ləğvi, üçüncü ölkələrə qarşı ümumi gömrük tarifləri tətbiqi müsbət nəticələr verəndə Britaniya üzvlüyə maraq göstərməyə başladı. Ancaq bu zaman De Qollun sərt tənqidi ilə üzləşdi. De Qollun irəliyə sürdüyü səbəblər Britaniyanı Aİ-nə üzvlükdən kənarda tutmaq məqsədi daşısa da, bu səbəblər o dövr üçün və bu gün etibari ilə özünü doğrultdu. Britaniyanı Avropa İttifaqına yönəldən və yaxınlaşdıran səbəblər indi onu Aİ-dən uzaqlaşmağa sövq edir.
Adı tarixə "Dəmir ledi" kimi düşən Marqaret Tetçerin 1990-cı ildə Aİ-nin sammitindən qayıtdıqdan sonra Avropa ilə daha geniş inteqrasiyaya "yox, yox, yox" dediyi vaxtdan bu günə qədər Britaniyada elə də çox şey dəyişməmişdir. Tetçerin siyasi karyerasına son qoyan Avropaya əks mövqeyi bu ölkədə hələ də ən çox müzakirə olunan məsələlərdən biridir.
Britaniyanın Aİ-yə üzvlük məsələsi ilə bağlı referendum keçirəcəyi xəbərləri siyasi gündəliyi məşğul edən məsələlərdən birinə çevrilmişdir. "Sunday Times" qəzetində dərc edilən ictimai rəy sorğusunun nəticələrinə görə belə bir referendum keçirilərsə, Aİ-də qalmaq istəyənlər 40%, buna "yox" deyənlər isə 34% təşkil edəcək.
Aİ-nin bir çox qərarlarından kənarda qalmağa üstünlük verən Britaniyanın Aİ ilə münasibətləri ardı-arası kəsilməyən daxili siyasi polemikaların mövzusu olmağa davam edir. Xüsusilə Mühafizəkarlar Partiyası daxilində Aİ-yə qarşı olan ciddi fraksiya mövcuddur.
Ümumi siyasətə və ümumi pul vahidinə etirazları ilə tez-tez "Aİ-nin problemli və ərköyün övladı" təsiri bağışlayan Britaniyanın qarşılaşdığı çətinlikləri bir neçə sual və başlıq şəklində aşağıdakı kimi xarakterizə etmək olar:

Britaniya Avropa
İttifaqından nə istəyir?

London bəzi məsələlərdə Brüsselə "güzəştə getdiyi" səlahiyyətləri "geri qaytarmaq" istəyir. Hökumət bunları müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirir. Bu məsələlərdən biri iş saatlarını tənzimləyən Aİ direktividir. Direktiv həftəlik iş saatlarını məhdudlaşdırır və işçilərin hər il müəyyən müddətə məzuniyyətə çıxmasını qanuni şəklə salmağı nəzərdə tutur. Britaniya Aİ-nin təhlükəsizlik və cinayət hüququna dair bəzi tədbirlərindən də kənarda qalmaq istəyir. Mühafizəkarlar Partiyasının 2010-cu ildə elan olunan manifestində qanuni hüquqlar, cinayət hüququ, ictimai hüquqlar və məşğulluq siyasəti sahəsində səlahiyyətin Londona geri verilməsi istiqamətində iş aparılacağı vəd edilir.
Keçmiş baş nazir M.Tetçer 2002-ci ildə nəşr olunan "Dövlət İdarəetməsi" adlı kitabında Aİ-ni "mənasız layihə, ziyalıların eqoistlik abidəsi, uğursuzluğa məhkum proqram" şəklində xarakterizə etmişdi. Əks təqdirdə Aİ-dən çıxıb Şimali Amerika Azad Ticarət Zonasına daxil olmaq ideyasını irəli sürmüşdü. Hazırda isə alternativ ehtimallardan o qədər də bəhs edilmir.
Britaniyanın Aİ-dən çıxmasını istəyənlər ticarət əlaqələrinin qorunub saxlanacağı "dost kimi qalmaqla boşanma"dan bəhs edirlər. Norveç və İsveçrə kimi üzv olmadan Aİ ilə yaxın əlaqələr şəraitində fəaliyyət göstərən ölkələri nümunə göstərirlər. Təxminən sərt qaydalardan uzaq "yumşaq" üzvlük adlandırılan ikitərəfli anlaşmalar təklif olunur. Aİ-nə üzvlük tərəfdarı olanlar isə Norveç və İsveçrə kimi ölkələrin qərar qəbul etmə mexanizmində iştirak etmədən Aİ-nin bəzi qaydalarına tabe olduğunu xatırladırlar.
Aİ ölkələri arasında sərbəst hərəkət etmə və miqrasiya əleyhinə olanlar isə Norveç modelinin əlverişli olmayacağını, Norveçin sərbəst hərəkət etmə qaydalarını tətbiq edən ölkə olduğunu və bu modelin miqrant axını ilə bağlı narahatlıqları aradan qaldırmayacağını qeyd edir. Həmçinin Norveçin Aİ Şurasında veto hüququ və Avropa Parlamentində üzvü yoxdur. Norveç modelinin Birləşmiş Krallığın Aİ Şurası kimi platformalarda təsirini azalda biləcəyi müzakirə edilir.
İqtidardakı Mühafizəkarlar Partiyasını təmsil edən millət vəkillərinin Avropanın qarşılaşdığı miqrant böhranının planlaşdırılan referenduma kölgə salacağından narahat olduqları məlum olub. Aİ ölkələrinə axan miqrantların sayında müşahidə edilən artım Britaniyada 2017-ci ilin axırında keçiriləcək referendumdan əvvəl birlikdən çıxma fikrini gücləndirir.
Devid Kameron konqresdəki illik çıxışında həmçinin 2020-ci ilə qədər Britaniyanın daha yüksək mövqeyə malik ola bilməsi üçün yoxsulluq, qeyri-bərabərlik və gənc nəslin radikallaşaraq İraq və Suriyada İŞİD sıralarına qoşulması kimi ciddi problemlərin də həlli istiqamətində çalışacağını qeyd edib.

Avrozonada nələr
baş verəcək?

Avrodan istifadə edən ölkələr son dövrlərdə iqtisadi böhrandan yan keçmək üçün inteqrasiyanı daha da dərinləşdirməyin lazım olduğu fikrini əsas götürürlər. Bu baş verərsə, Avrodan istifadə edən və istifadə etməyən üzv ölkələr arasındakı uçurum dərinləşə bilər. Devid Kameron Avro zonasında inteqrasiyanı sadələşdirəcək yeni Aİ müqaviləsinin bağlanmasının vacibliyini bildirir. O, bu müqaviləyə dair müzakirələrin Britaniya kimi ölkələrin üzvlük qaydalarının yenidən təsbit edilməsinə imkan yaradacağını qeyd edir.
Kameronun sədr olduğu iqtidardakı Mühafizəkarlar Partiyası Brüsselin əlində həddindən artıq səlahiyyətin cəmləşməsindən şikayət edir və sərbəst hərəkət etmə fikrinə, iqtisadiyyat və ticarət kimi məsələlərdə ciddi qayda və kvotalara qarşı çıxır.
"The Telegraph"da dərc olunan xəbərə görə Kameron ölkəsinin Aİ-nın bir hissəsi kimi qalması üçün hələlik 4 maddə irəli sürmüşdür.
Birincisi, Britaniya Avropada super dövlət yaratma təşəbbüslərindən kənarda saxlanılmalıdır. İkincisi, Avropanın çoxvalyutalı birlik olduğu və Avronun ümumi pul vahidinin olmadığı bəyan edilməlidir. Üçüncü maddəyə əsasən Britaniya Brüsselin direktivlərini qəbul etməmək və mövcud qanunları ləğv etmək hüququna malik olmalıdır. Dördüncüsü, Kameron Aİ-nın özü üçün yeni struktur təklif edir. Londonun qənaətinə görə, Avrozonada təmsil olunmayan 9 Aİ ölkəsinin digər 19 ölkənin təzyiqlərindən qorunması üçün blokun yenidən formalaşdırılması lazım gəlir. Bununla yanaşı Britaniyaya xüsusi təminatların verilməsinin vacibliyi vurğulanır.

Referendumun
keçirilmə ehtimalı
və bunun
mümkün təsirləri

Referendum məsələsi biznes çevrələri üçün qeyri-müəyyənlik faktoru kimi dəyərləndirilir. Open Europa-nın araşdırma direktoru Stephen Booth qeyd etmişdir ki, "Əgər Brexit (İngiltərənin Aİ-dən çıxması)" baş tutarsa, bu xüsusilə Aİ ilə ticarət müqavilələrinin gələcəkdə necə formalaşacağı məsələsində qeyri-müəyyənliklərə gətirib çıxaracaq. Referendum keçirilərsə, qısa müddətli qeyri-müəyyənliklər qaçılmaz olacaq. Hazırda Britaniyanın Aİ daxilindəki rolunun nədən ibarət olacağı məsələsində də qeyri-müəyyənliklər var".
Maliyyə sektorunun Britaniya üçün son dərəcə mühüm sahə olduğunu vurğulayan Booth referendum keçirilməzdən əvvəl daxilində lazımi tənzimləmələrin aparılması və islahatların həyata keçirməsinin lazım olduğu bildirmişdir.
"Open Europa tərəfindən dərc olunan və Britaniyanın 1 yanvar 2018-ci ildə Aİ-dən çıxacağı təqdirdə yarana biləcək vəziyyətlə bağlı ssenarilərin nəzərdən keçirildiyi hesabatda ÜDM-in normadan 2,2% az ola biləcəyin qeyd edilmişdir.
Hesabatda Britaniyanın lazımi sərhəd və ticarət tənzimləmələri sahəsində Aİ-dən müəyyən razılığa gəlmədən çıxacağı təqdirdə, 2030-cu ilə qədər orta hesabla illik 56 milyard funt sterlinq həcmində xərclərlə qarşılaşa biləcəyi, 2018-2030-cu illər arasında iqtisadiyyatın ümumi maddi itkisinin 672 milyard funt sterlinqə çata biləcəyi bildirilir.
Eyni zamanda, ABŞ Britaniyaya Aİ-dən çıxmamaq məsələsində xəbərdarlıq etmiş və çıxacağı təqdirdə, ona qarşı Çin və Hindistan ilə eyni gömrük vergisinin tətbiq olunacağını, ticarət sahəsində bəzi qarşı tədbirlərə məruz qalacağını bildirmişdir. ABŞ ixracat sahəsində Britaniyanın ən böyük tərəfdaşıdır. Onun Aİ-dən çıxmasının ABŞ-a satdığı mallarda Aİ-nın üzvü olan rəqiblərinə nisbətən əlverişsiz vəziyyətə düşməsi mənasına gələcəyi bildirilir.
Standard&Poors şirkəti Britaniyanın Aİ-dən çıxacağı təqdirdə, kredit reytinqinin bir pillə aşağı salınacağını bildirib. Brüssel ilə münasibətlər daha da pozularsa, bu azalma iki pilləyə qədər olacaq. S&P Britaniyanın 1978-ci ildən bu günə qədər AAA olan kredit reytinqini qoruyub saxlamasına baxmayaraq, Aİ-dən ayrılma riskini əsas gətirərək, iyun ayında ölkənin ümumi mənzərəsini neqativ qiymətləndirmişdir.
Oktyabr ayının əvvəlində keçirilən ictimai rəy sorğusu Aİ-dən çıxma fikrinin 27%-dən 39%-ə qədər artdığını göstərdi. Bu nəticə 2012-ci ildən bu günə qədər olan ən yüksək göstəricidir".

Referendum baş tutmaya bilər: öncə müzakirə, sonra referendum

"Capital Economics"in İngiltərə iqtisadçısı Samuel Tombs isə "Mövcud ictimai rəy sorğularının nəticələrinə baxdıqda, xalqın Aİ-də qalmağın lehinə səs verəcəyi ehtimal olunur. Biz Britaniyanın Aİ-dən çıxma riskinin zəif olduğunu düşünürük" demişdir.
Tombsun sözlərinə görə "Hökumətdə Mühafizəkarlar Partiyası ən böyük partiya olsa da, referendum baş tutmaya bilər. Liberal-demokratlar Aİ-nə üzvlük məsələsinin referendum yolu ilə müəyyənləşdirilməsini istəməyəcəklər. İşçi Partiyası isə üzvlük məsələsini referenduma çıxarmayacağını" bəyan etmişdir.
Baş nazir Kameron ölkəsinin 1973-cü ildən bu günə qədər davam edən üzvlüyünü əvvəlcə digər üzv ölkələrlə birlikdə müzakirə etmək, bundan sonra 2017-ci ilin sonuna qədər referenduma təqdim etmək istəyir. Eyni zamanda Aİ ölkələrindəki milli parlamentlərin səlahiyyətlərinin artırılması və xüsusilə Aİ miqrantlarının sayının məhdudlaşdırılmasını istəyən Kameron miqrantlara göstərilən sosial yardımların kəsilməsinin lazım gəldiyini ifadə edir.

Bəs əgər Avropa İttifaqı qəbul etməsə?

Kameron Britaniyanın bir çox məsələlərdə müsbət mənada Avropanın təsirinə məruz qaldığını, daha mükəmməl bir müqavilə ilə iki tərəfin də öz gücünü qoruyub saxlaya biləcəyini bildirmişdir. O, heç bir mübahisədən çəkinmədiyini vurğulayaraq, "Aİ-də nəyin səhv olduğunu bilirik. Çox avtoritar, həddindən artıq müdaxilə edən və çox böyükdür. Lakin nəyin düzgün olduğunu da görürük. Dünyanın ən böyük bazarına malikdir" - deyə qeyd etmişdir.
Britaniyanın tələbləri qəbul edilməzsə, nə kimi addımlar atılacağı məlum deyil. Cavabı bilinməyən çox sayda sual var. Avropa Londonun istəklərinə cavab verməzsə, necə olacaq? Tələblər qəbul edildiyi təqdirdə, xalq referendumda Aİ-yə "yox" deyərsə, necə olacaq?
Kameronun Aİ ilə yenidən müzakirələr aparmaq istədiyi və İttifaqdan istədiyini ala bilməzsə, "bütün ehtimalları nəzərə alacağı" məlumdur. Müzakirələr istənilən istiqamətdə getməzsə, Kameronun ölkəsinin Aİ-dən çıxmasının lazım gəldiyi fikrini müdafiə etməyə davam edəcəyi gözlənilən haldır.
Elnarə Qəribova,
Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar
Mərkəzinin elmi işçisi