Mübariz Mənsimov Rövnəq Abdullayevə güvənmədi

Tanınmış iş adamı böhran içində olan klubunu niyə onun sərəncamına vermədi?

Son vaxtlar adı ətrafında çeşidli iddialar yayılan azərbaycanlı iş adamı, baş ofisi Türkiyədə yerləşən "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdan yeni xəbər var. Söhbət onun Azərbaycanda sponsorluq etdiyi "Xəzər-Lənkəran" futbol klubunun düşdüyü çətin vəziyyətdən gedir.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın uzun müddətdi maliyyə girdabına yuvarlanması, xüsusən son günlər sürətlə bir-birini əvəzləyən gəlişmələr AFFA-nı hərəkətə keçirib. Federasiya rəhbərliyi növbəti dəfə "Palmali"yə təklif göndərib. Birbaşa qurumun prezidenti Rövnəq Abdullayev tərəfindən,
AFFA-nın birinci şəxsi "Xəzər Lənkəran"a ayda 90 min dollar ayırmağa hazır olduğunu açıqlayıb. Tək şərt odur ki, sözügedən şirkət klubun təsisçiliyini təhvil versin və Müşahidə Şurası (MŞ) yaratsın. Bu təklifə Mübariz Mənsimovun reaksiyası?
Srağagün ölkənin idman mətbuatında yer alan iddialara görə, Mənsimov Rövnəq Abdullayevin istəyini rədd edib və MŞ formalaşdırmaqdan imtina edib. "Kluba pulu mən verirəm. Mən pul verim, başqaları da gəlib "Xəzər Lənkəran"ı idarə etsin? Bu, necə ola bilər? "Xəzər Lənkəran"da 19 yaşlıları da olsa oynadacam, amma klubu başqalarına verməyəcəm" - deyilənə görə, bu sözlərin də müəllifi "Palmali" prezidentidir.
Dünənsə məlum olub ki, "Xəzər Lənkəran"ı AFFA-nın sərəncamına vermək istəməyən Mübariz Mənsimov klubu Azərbaycanda fəaliyyət göstərən öz şirkətinin himayəsinə verib. Yayılan məlumatlara inansaq, "Palsüd" cari mövsümün sonunadək "ağ-yaşıllar"ın əsas maliyyə tərəfdaşı olacaq. İstanbulda yaşayan fəxri prezident "Palmali"nin gələn yaydan cənub təmsilçisi ilə yaxından məşğul olacağını bildirib.
Mənsimovun "Xəzər-Lənkəran"la bağlı Rövnəq Abdullayevin istəyini rədd etməsi və onu "Palsüd"ə tapşırması maraq doğuran məqamdır. Məsələ burasındadır ki, bir müddət əvvəl Azərbaycan mətbuatında "Palmali" prezidenti ilə həm də ARDNŞ rəhbəri olan AFFA prezidenti arasında soyuq küləklərin əsdiyinə dair məlumatlar yer almışdı. Onların arasının niyə dəydiyi konkret açıqlanmasa da, bunun futboldan kənar, işgüzar səbəblərlə bağlı ola biləcəyi bir fərziyyə kimi irəli sürülürdü. Amma iş adamının fəxri prezidenti və sponsoru olduğu kluba qarşı AFFA-nın ögey münasibəti ilə bağlı ciddi narazılıq keçirdiyi də səslənən iddialar arasındadır.
Düzdür, ötən il Mənsimovla Abdullayevin Türkiyədəki bir toy mərasimində eyni masa ətrafında, həm də yan-yana fotoşəkili yayılmışdı. Belə ki, 2014-cü ilin avqustunda Rövnəq Abdullayev və Mübariz Mənsimov SOCAR-ın Türkiyə təmsilçiliyinin rəhbəri Kənan Yavuzun oğlunun toy mərasimində iştirak ediblər. Onlar eyni masada, üstəlik, yanaşı əyləşiblər.
Bununla belə, Mənsimovun Rövnəq Abdullayevdən incikliyinin olması barədə xəbərlər də uzun müddət gündəmdən düşmədi. Xüsusilə 2013-cü ildə "Neftçi" ilə "Xəzər Lənkəran" arasında keçirilən qalmaqallı matçdan sonra "Palmali" prezidentinin AFFA "şef"inə aşkar narazılıq bildirdiyi, narazılığın kökündə isə Rövnəq Abdullayevə yaxınlığı ilə bilinən "Neftçi"nin o vaxtki rəhbəri Sadıq Sadıqov dayanıb. Belə ki, Azərbaycan kuboku uğrunda matç başa çatandan sonra "Neftçi"nin qapıçısı Stamenkoviçin lənkəranlı futbolçulara ədəbsiz jest göstərməsi aranı qarışdırıb. Bu zaman "Neftçi" prezidentinin adamları müdaxilə edərək, rəqibin futbolçularını və məşqçilərini döyməyə başlayıblar.
Mənsimov da R. Abdullayevə bu barədə kəskin etiraz ifadə edib. Bu isə ikincinin ovqatını o qədər təlx edib ki, mükafatlandırma mərasimində AFFA rəhbəri əməlli-başlı kefsiz görünüb. Elə Mənsimovun da qaş-qabağı yer süpürürmüş.
Bundan sonrakı dövrdə də Mənsimovun klubu ölkənin birinci dərəcəli çempionatının idarəçiliyi baxımından narazılıqlarını dəfələrlə dilə gətirib.
Görünür, Mənsimov məhz Rövnəq Abdullayevə və onun rəhbəri olduğu AFFA-ya tam etimadsız yanaşdığından yuxarıda haqqında danışılan təklifi geri çevirərək, Lənkəran klubunu öz şirkətinə həvalə etməyi üstün tutub.
Toğrul Əliyev