Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

1992-ci il... Hələ də Azərbaycan dünyaya Dağlıq Qarabağ probleminin əsl mahiyyətini göstərə bilmir, bunun qarşılığında isə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilməkdədir. Faciələr ardıcıllıqla sıralanır və bu faciələrin içərisində Xocalı faciəsi daha dəhşətli bir faciəyə çevrilir.

Dünyada böyük gücə malik olan erməni lobbisi isə bunun tam əksi istiqamətində təbliğatını davam etdirir, hətta Xocalı faciəsində ölənlərin erməni uşaqları və qadınları olmasıyla bağlı həyasızcasına informasiyalar yayırlar.
1993-cü il... Artıq Heydər Əliyev hakimiyyətə gəlib. Qarşıda isə minlərlə həllini gözləyən problemlər var. Bunlardan ən ümdəsi isə Dağlıq Qarabağ problemidir. Dünya siyasətini dərindən bilən Heydər Əliyev işğal prosesinin qarşısını almaq üçün özünün ilk strateji proqramını hazırlayır. Beləliklə plana bunlar daxil edilir:
- Atəşkəsin elan olunmasını təmin etməklə işğal prosesini dayandırmaq
- Köçkünləri müvəqqəti sığınacaqlarda yerləşdirmək və sosial problemlərini həll etmək
- Erməni lobbisi ilə savaşda Azərbaycana dostlar tapmaq və mərkəzləşmiş fəaliyyət göstərmək
- Dünya dövlətlərinə həqiqəti çatdırmaq
- Avropa və ABŞ ictimayyətinə həqiqəti çatdırmaq
- Beynəlxalq qurumlarla sıx əməkdaşlıq yaratmaq və onları Dağlıq Qarabağ probleminin həllinə cəlb etmək.
Bütün bunları Heydər Əliyev ölkədəki xaos durumunda həyata keçirməli idi və keçirdi də. Heydər Əliyev ilk məqamda bütün gücünü səfərbər edərək yəhudi və türk lobbisi ilə sıx əlaqələr yaratdı. Dağlıq Qarabağ probleminin olduğu kimi dünyaya tanıdılmasına başladı. Daha sonra isə dünya dövlətlərinin cəmləşdiyi BMT ilə sıx əməkdaşlığa nail oldu. Nəticə də 1994-cü il 30 sentyabr. Heydər Əliyev ilk dəfə BMT Baş Məclisinin iclasına qatılır və Azərbaycan prezidenti kimi çıxış edir. Prezident ilk dəfə bu tribunadan bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ağır nəticələr verib və BMT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tədbirlər görməlidir.
Hətta prezident problemin həlli formatını da açıq şəkildə bəyan edir: DAĞLIQ QARABAĞ PROBLEMİ , AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ VƏ SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞI PRİNSİPLƏRİ İLƏ HƏLL OLUNMALIDIR.
1995 - ci 22 oktyabr... Heydər Əliyev BMT-nin Baş Məclisində yenə iştirak edir və Ermənistanın BMT qətnamələrini hələ də yerinə yetirmədiyini bir daha xatırladıb. Məhz, bu məqamdan sonra BMT-nin müvafiq strukturları Azərbaycana hümanitar yardımlara start verir. Həmçinin, BMT Baş Assambleyası ATƏT-lə əməkdaşlığa dair qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini bəyan edir.
2000-ci il sentyabr... Heydər Əliyev BMT-nin Minillik Zirvə Toplantısında iştirak edir. 150-dən çox dövlət rəhbərlərinin iştirak etdiyi toplantıda Prezident çıxış edir və Ermənistanın işğalçılıq siyasəti dünyaya bir daha bəyan edilir.
QEYD: Bu siyasət daha sonra da davam etdirilir və 2003-cü ildə o zaman baş nazir olan İlham Əliyev BMT Baş Məclisində, 2004-cü ildə isə BMT-in sessiyasında çıxış edərək Dağlıq Qarabağ problemini dünyanın diqqətinə çatdırır.
Nəzərə çatdıraq ki, prezident Heydər Əliyev ömrünün son gününə qədər hər zaman bəyan etdi ki, Azərbaycan üçün birinci problem Dağlıq Qarabağ problemi oldu. Hətta bir sıra beynəlxalq güclər Azərbaycanı Dağlıq Qarabağ probleminin həllində güzəştə getmək üçün məcbur etməyə cəhd etdilər. Amma Heydər Əliyev Azərbaycan parlamentində deputatların, nazirlərin, ziyalıların iştirakı ilə Dağlıq Qarabağla bağlı toplantı keçirdi. Hamının fikrini dinləyəndən sonra açıq şəkildə bir daha bəyan etdi: MƏN HEÇ VAXT TARİXDƏ AZƏRBAYCAN TORPAQLARINI ERMƏNİSTANA VERƏN PREZİDENT KİMİ QALMAYACAĞAM. Bu, əslində Heydər Əliyevin həm xalqa, həm də dünya güclərinə mesajı idi.
2003-cü il 15 oktyabr... İlham Əliyev prezident seçilir. İlk çıxışında isə prezident bəyan edir ki, ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalacaq və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Həqiqətən də qısa zaman kəsiyində sübut olundu ki, İlham Əliyev ümumilli lider Heydər Əliyevin siyasətini davam etdirəcək. Bu davam həm də Dağlıq Qarabağ probleminin həlli, Ermənistanın işğalçılıq siyasətinin dünyaya bəyan edilməsi üçün İKİNCİ MƏRHƏLƏ oldu. İlham Əliyevin həyata keçirtdiyi İKİNCİ MƏRHƏLƏnin tezisləri isə bunlar oldu:
- Dünya dövlətləri ilə artıq bərabərhüquqlu əlaqələr qurmalı
- Beynəlxalq təşkilatlar qarşısında Dağlıq Qarabağ problemini daha sərt şəkildə qaldırmalı
- Ermənistan diplomatiyasını fakt qarşısında qoymalı.
Bu prinsiplər isə qısa zaman ərzində bəhrəsini verdi. Demək olar ki, həyata keçirilən sistemli siyasət nəticəsində bir çox dünya dövlətləri Xocalı faciəsini soyqırım kimi qəbul etdilər. Heydər Əliyev Fondunun təşəbbüssü ilə "Xocalıya ədalət" kampaniyasına start verildi və demək olar ki, hər il yüzlərlə ölkədə Xocalı faciəsi yad edilir.
QEYD: Məhz İlham Əliyevin həyata keçirdiyi siyasət, Xocalı faciəsini dünyaya tanıtması sayəsində erməni lobbisi qondarma erməni "soyqırımı"nın 100 illiyini istədikləri kimi keçirə bilmədilər və tam fiaskoya uğradılar. Bu isə tək Azərbaycan diplomatiyasının qələbəsi yox, həm də dünya türklərinin qələbəsi və artıq dünya ictimaiyyətinin Ermənistanın iç üzünü görməsi idi. Amma bu heç də asan başa gəlməmişdi və bunun üçün prezident İlham Əliyev Azərbaycan diplomatiyasında strateji dəyişikliklərə əl atmışdı. Söhbət MÜDAFİƏDƏN HÜCUM DİPLOMATİYASINA KEÇİD traktından gedir. Prezident İlham Əliyev Azərbaycan diplomatlarının müşavirəsini təşkil etdi və bəyan etdi ki, bu gün dünyada sürətli bir siyasət həyata keçirilir ki, bunu da Azərbaycan diplomatları qəbul etməli və hücum diplomatiyası yeni yolumuz olmalıdır: "Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır".
Onu da unutmayaq ki, prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli üçün ENERJİ DİPLOMATİYASIndan da məharətlə yararlana bildi. Bu gün dünyada TAP, TANAP kimi enerji siyasəti mövcuddur və bu bir başa prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu layihələrin həyata keçirilməsi bir tərəfdən Azərbaycan iqtisadiyyatının inkişafı deməkdirsə, digər tərəfdən Azərbaycana dost ölkələrin qazandırılması deməkdir. Çünki dost ölkələrin sayı nə qədər artarsa, Dağlıq Qarabağ probleminin həlli də o qədər yaxın olacaq. Məhz, dost ölkələrin sayının artmasına görə Azərbaycan bir il BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü də ola bildi.
Bu gün Azərbaycanın Ermənistan işğalçılığını ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadı da TOLERANTLIQ SİYASƏTİ ilə üzvi şəkildə bağlıdır. Dünənə qədər Azərbaycanı və azərbaycanlıları dünyaya qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq nümunəsini dünyanın qəbul etməli bir nümunə olduğunu etiraf edirlər. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz. Bunu da xatırladaq ki, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə vətəndaş cəmiyyətinin vəhdəti də təşkil olundu. Hesab etmək olar ki, bu HÜCUM DİPLOMATİYASInın ən uğurlu nəticələrindən biridir. Tək elə Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir.
Beləliklə hesab etmək olar ki, bu gün Azərbaycan dövləti Dağlıq Qarabağ probleminin həlli istiqamətində kifayət qədər ciddi addımlar atıb və hazırda üçüncü mərhələyə keçid prosesinin baş verdiyini demək olar. Bu nədir?
Prezident İlham Əliyevin son səfərlərini, ölkə daxilində həyata keçirtdiyi islahatları və G-20-lərin görüşündəki çxışını ümumiləşdirərək belə nəticə çıxartmaq olar:
1. Dağlıq Qarabağ probleminin həlli beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyəcək faktora çevrilir.
2. Hücum diplomatiyası ilə yanaşı, Azərbaycan ordusunun da hücum strategiyası üzərində formalaşmasına startın verilməsi.
3. Ermənistanın təcrid siyasətinin davam etdirilməsi və meydanda tək qalmasına nail olmaq.
4. Tərəfsizlik siyasətinə ciddi əməl etmək.
Bunu da qeyd edək ki, dünya siyasətində baş verən proseslər də təsdiqləyir ki, Azərbaycanın ÜÇÜNCÜ MƏRHƏLƏ siyasəti kifayət qədər doğrudur və bu siyasət Azərbaycanı Ukrayna, Şərqi Asiya ölkələri sırasına düşməsinin nəinki qarşısını alacaq, həm də mövqelərinin möhkəmlənməsinə müsbət təsirini göstərəcək. Unudulmamalıdır ki, bu gün Azərbaycanın qonşusu olan Rusiya, İran və Türkiyə kifayət qədər aktiv siyasət yürüdür və bu siyasətin fonunda Azərbaycan bitərəflilik prinsipini saxlamaqla hədəflərdən kənarda dayana bilir. Nəticə isə budur ki, Azərbaycan regionda müstəqil siyasət yürüdən bir dövlət kimi artıq müstəqil maraqlarını da ortaya qoyur və bununla razılaşmaq qarşı tərəflərin borcudur.
Hüseyn İsgəndərov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb