Prezidentin

İslahatlar yenilənmiş yeni komandayla həyata keçiriləcək

Azərbaycanda həyata keçirilən isqtisadi-siyasi islahatlar özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Tendensiya bundan ibarətdir ki, artıq köhnə streotiplərdən qurtula bilməyən, işini günün tələbləri səviyyəsində qurmağa zorlanan məmurlarla yolların ayrılmasına start verilib. Bunu şərtləndirən və prosesi sürətləndirən digər amil də var ki, bu da dəyişən şərtlərdir.

Belə ki, Azərbaycan yeni mərhələyə daxil olub - postneft dövrünün başlanğıcına. Artıq böyük neft pullarının ölkəyə axını keçmişdə qalıb. Hazırda hökumətin prioriteti mövcud resursları səfərbər etmək və keyfiyyətcə indikindən fərqli bir iqtisadiyyat qurmaqdır. Prezident İlham Əliyevin təkcə neft gəlirlərindən asılılığa son qoyulmasının vacibliyini dəfələrlə vurğulaması da postneft dövrünün rəsmən başlanılmasının mesajı idi.
Bununla da prezident son 10 ildə ilk dəfə (Fərhad Əliyev və Əli İnsanovun həbsindən sonra) öz komandasından narazlığını açıq şəkildə dilə gətirdi və neft dövrünün komandası postneft dövrünə etimadsızlıqla daxil oldu. Bunun ardınca dövlətin maliyyə ehtiyatlarının əsas hissəsinin cəmləşdiyi Beynəlxalq Bankda fantastik mənimsəmələrin baş verdiyi üzə çıxdı və "Bandotdel" kütləvi həbslərə başladı - söhbət 6 milyard dollarlıq problemli kreditdən gedir.
Bu dalğada ölkənin maliyyə-bank sektorunun əsas fiqurlarından biri və bəlkə də birincisi, Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev, eləcə də Dövlət Bayraq Meydanının rəisi Rəşad Məmmədov karyerasını bitirdi. Ardınca isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsini itirdi. Milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən görəvdən alındı və MTN-də səs-küylü həbslərə start verildi. Məlum oldu ki, əslində ölkənin təhlükəsizliyinə məsul olan şəxslər ayrı-ayrı sahibkarları sıxışdırmaqla məşğul imiş. Bu isə Prezident İlham Əliyevin bəyan etdiyi iqtisadi yüksəliş strategiyası ilə daban-dabana ziddi idi. Bunlar cəzasız qala bilməzdi və qalmadı da….
Ancaq siyahı hələ də açıq qalır - 6 milyard kredit iri ranqlı məmurların müdaxiləsi ilə mənimsənilib. Hazırda vəsaitin bərpası istiqamətində iş gedir və qurbanların sayının daha çox olcağı gözlənilir. Ölkənin bank-maliyyə sistemi təlatümlü dövrünü yaşayır. Azərbaycanda "dərin dövlət" anlayışı maliyyə-bank sektorunda özünü göstərir. Prezidentin və dövlətin nəzarətindən kənarda mövcud olan maliyyə sektorunun "dərin dövləti" ölkənin valyuta resurslarını mənimsəmək yolunu seçmişdi. Hazırda "dərin dövlətin" zərərsizləşdirilməsi prosesi gedir.
Prezident komandasından ikinci narazılığı Binəqədidə məlum yanğın hadisəsi ilə bağlı hökumət komissiyasının iclasında dilə gətirdi: "Məmurlar məni aldadırlar". Bu mesaj əsasən biznes təmsilçilərindən və nazirilərin qohumlarından ibarət komanda ilə işləməyin çətinliyinin və mümkünsüzlüyünün təzahürü idi. Məmurların qohumlarının və onların yaratdığı "Ala-bala" şirkətlərinin ölkənin sosial mühiti üçün təhlükə mənbəyi olması real faktla təsdiqləndi. Nəhayət, bu il iyulun 22-də prezident Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edərkən "köməkçilərim bəzi məlumatları məndən gizlədir, bu xəbərləri mediadan oxuyuram" deyə, iqtisadi komandasına artıq etimad göstərmədiyini açıqladı.
Bütün bunlar hakimiyyət komandasının yeniləşməsi zərurətini ortaya qoyur. Prezident hələ may ayında - 28 may Respublika günü münasibəti ilə keçirilən rəsmi qəbulda ciddi siyasi və idarəetmə islahatlarının aparılacağını bəyan etmişdi. Həm komandaya etimadsızlıq, həm də böyük məbləğli dövlət xərclərinin optimallaşdırılması zərurəti komandanın yeniləşməsini, oliqarxların texnokratlarla, menecerlərlə əvəzlənməsi zərurətini yaradır. İndiki komandanın əsas prioriteti neft pullarını xərcləmək idisə, yeniləşmiş komandanın mandatı dövlətin maliyyə -iqtisadi resurslarından maksimum səmərəli istifadə etmək və büdcəni doldurmaqdan ibarət olmalıdır. Obrazlı desək, pul xərcləyən hökuməti pul qazanan hökumət əvəzləməlidir.
Bui dalğada isə daha bir neçə iri ranqlı məmurların vurulmasına şahidlik edə bilərik. Artıq prezident İlham Əliyev kadr islahatları ilə bağlı start düyməsini basıb və prosesin daha geniş miqyasda davam edəcəyini gözləmək olar. Bu sırada ilk ağla gələn isə haqqında onsuz da söz-söhbətlər səngiməyən nəqliyyat naziri Ziya Məmmədovdur. Zatən, onun əksər səlahiyyətləri digər dövlət qurumları arasında bölüşdürülüb, özünün vəzifədən çıxarılması isə an məsələsidir. Vurulacaq məmurlar siyahısında digər namizəd isə "AZAL" prezidenti Cahangir Əsgərov ola bilər. Qeyd edək ki, ölkə mətbuatında onun haqqında da kifayət qədər kompromat xarakterli məlumatlar dərc olunub.

Elvin Rüstəmov