Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu olduqca çoxşaxəli və mürəkkəb proses olmaqla yanaşı cəmiyyətin bütün sferalarında ciddi islahatlar və dəyişiklikləri zəruri edir. Bu baxımdan vətəndaşların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, onların dövlət qayğısı ilə əhatə olunması xüsusi əhəmiyyət kəsb edir. Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanda da vətəndaşların sosial müdafiəsinin təşkil edilməsi yönündə ardıcıl islahat tədbirləri həyata keçirilir, bu sahədə problemlərin aradan qaldırılması yönündə düşünülmüş siyasət yürüdülür.
Azərbaycan Respublikası yeni iqtisadi sistemə keçidin, iqtisadi inkişaf üçün vacibliyin prinsipini irəli sürməklə yanaşı, eyni zamanda bu keçid prosesində əhalinin sosial maraqlarının təminatını dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edib. Müəyyənləşdirilən bu strategiya bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını, milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafını şərtləndirir. Ümumiyyətlə isə Sovetlər Birliyi dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikasının bu yöndə həyata keçirdiyi ardıcıl tədbirlər ölkəmizin hətta həmin ağır illərin sınağından belə üzüağ çıxmasını şərtləndirdi.
Ulu öndər Heydər Əliyevin yeni iqtisadi münasibətlər dövrünə uyğun sosial müdafiə sistemi qurulanadək əvvəlki dövlət təminatı sisteminin saxlanılması barədə qərarı aparılan zəruri iqtisadi islahatların aztəminatlı təbəqənin yaşayış səviyyəsinə müəyyən mənfi təsirlərinin qarşısının alınmasında mühüm rol oynadı. Bunun nəticəsi olaraq digər MDB respublikaları ilə müqayisədə Azərbaycanda sosial cəhətdən həssas qruplar keçmiş sovet sistemindən qalmış və yeniləşdirilməsi müəyyən zaman tələb edən sosial müdafiə sistemindən faydalanmaqda davam edərək, öz yaşayışında yeni bazar iqtisadiyyatına keçidin çətinliklərini kəskin şəkildə hiss etmədi.
Xüsusi qeyd olunmalıdır ki, bu model sahibkarlığın sürətli inkişafına yönələn kompleks tədbirlərin həyata keçirildiyi, yeni mülkiyyət formalarının yarandığı şəraitdə əhalinin aztəminatlı hissəsinin sosial maraqlarının davamlı şəkildə təmin olunması baxımından unikal olmaqla, analoji keçid dövrünü yaşayan ölkələr üçün də nümunəyə çevrildi.
Dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət isə hazırda özünün uğurlu nəticələrini göstərməkdədir. Dövlətimizin başçısının sosial sahəyə xüsusi diqqət və qayğısı əhalinin sosial cəhətdən həssas qruplarının sosial təminatının ilbəil güclənməsinə səbəb olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi bu nailiyyətlər digər region dövlətləri üçün də örnək sayıla bilər.
Bu baxımdan rəsmi statistikanın bəzi göstəricilərinə göz atmaq yerinə düşər. Belə ki, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Prezidentin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib.
Bütün bunlar isə bir daha təsdiqləyir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Elə buna görə də artıq neçə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində də uğurla davam etdirildi. Aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.
Ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsipləri ön planda yer alır. Ona görə də ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri (poçtla və elektron) hazırlanıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsində dövlət qayğısını əks etdirən göstəricilərdən söz açarkən qeyd edilməlidir ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların digər tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. O cümlədən, müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili daha yüksək səviyyədə təmin olunub.
Respublikamızda sosial problemlərin yoluna qoyulması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq.
Xüsusilə qeyd olunmalıdır ki, vətəndaş cəmiyyətinin əsas atributlarından olan Qeyri Hökumət Təşkilatları (QHT) da bu sahədə üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, bu sahədə vətəndaşlar arasında maarifçilik işinin aparılması məqsədilə həyata keçirilən layihələr dövlət siyasətinə dəstək mahiyyəti daşıyır.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələrdə bu istiqamətə xüsusi önəm verilir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. Şuraya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ilbəil artırılması da dövlətin vətəndaş cəmiyyətinin inkişafına dair uzunmüddətli strategiyasına xidmət edir. Vəsaitin həcminin ildən-ilə artırılması ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
İnkişaf etmiş ölkələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsində QHT-lərə mühüm önəm verilir. Belə təcrübə Azərbaycanda da uğurla tətbiq olunur. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti sosial sferanın innovasiyalı inkişafına, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da yüksəlməsinə, cəmiyyətin sosial müdafiə sahəsində potensialının inkişafına, güclənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Bazar iqtisadiyyatı ölkələrində iqtisadiyyatın üçüncü sektorunun inkişafı sosial xidmətlər sferasında qeyri-dövlət və qeyri-kommersiya strukturlarının iştirakı meyillərinin güclənməsinə və miqyasının genişlənməsinə səbəb olmuşdur. Dünya təcrübəsi göstərir ki, qeyri-dövlət və qeyri-kommersiya təşkilatları sosial sferada dövlət strukturları ilə müqayisədə çevik fəaliyyət göstərməklə daha səmərəli fəaliyyət həyata keçirirlər. Çünki onlar dövlət hakimiyyəti strukturlarına nisbətən yerli səviyyədə mövcud vəziyyəti, problemləri daha yaxşı bilir və onların həllinə çevik reaksiya göstərir, sosial xidmətlərin daha konkret və ünvanlı təqdim edilməsinə, korrupsiya hallarının azalmasına imkanlar yaradır. Bununla əlaqədar olaraq bu istiqamətdə həm dövlət xərclərinin səviyyəsi, həm də dövlət büdcəsinə düşən maliyyə yükü də azalır. Bu baxımdan da yerli QHT-lərin sosial hüquqlarının qorunması, vətəndaşların sosial müdafiəsinin təşkilində iştirakçılığı yalnız ümumi işə fayda verə bilər və bu təşəbbüslər alqışlanmalıdır.
Məlum olduğu kimi, Azərbaycan iqtisadi tərəqqi tempinə görə dünyada lider mövqeyini ilbəil qoruyub saxlayan və dayanıqlı sosial - iqtisadi inkişafın təmin olunduğu bir ölkədir. Belə bir ölkədə isə vətəndaşların sosial müdafiəsinin təşkilində ortaya çıxan istənilən problemin həllində dövlətə yardımçı olmaq hər bir QHT-nin, hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır.