Əliməmməd Nuriyev: "İanələrin uçotunun aparılması QHT-ləri şəffaf işləməyə məcbur edəcək"
Bu günlərdə Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası"nı təsdiq etdi. Yeni qaydaya əsasən Azərbaycanda QHT-lər barəsində Ədliyyə Nazirliyinə məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları aparmaq qadağan edildi. Bu Qayda ianələr - qeyri-hökumət təşkilatı (QHT), habelə xarici dövlətlərin QHT-lərinin filial və ya nümayəndəlikləri qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımlar barədə məlumatların Ədliyyə Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməsi qaydasını tənzimləyir. NK-nin təsdiqlədiyi yeni qaydaya əsasən QHT ianəni qəbul etdiyi gündən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir. İanə edilən pul vəsaitləri QHT-nin bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. QHT tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır. QHT-nin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması üçün ərizə ilə müraciət edilməlidir. Ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir. İanə edilən pul vəsaitləri 200 manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin QHT-nin bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir. QHT tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 iş günü müddət təyin edir. Ərizədə göstərilən məlumatlar və ya ona əlavə edilən sənəddə yanlış məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, habelə ərizə və ya ona əlavə edilən sənəd təqdim olunmadıqda, ianə barədə məlumatların reyestrə daxil olunmasından və bu barədə bildirişin verilməsindən imtina edilir. Ədliyyə Nazirliyi nəzərdə tutulmuş ərizə və sənədlər təqdim edildikdən sonra 15 gün müddətində ianə verən hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı, ianənin məbləği, ianəni qəbul edən QHT-nin adı, ianənin verildiyi tarix, ianənin nağd və ya köçürmə yolu ilə verilməsi, ianə barədə məlumatın reyestrə daxil edildiyi tarix, ianənin fərdi nömrəsi barədə məlumatları reyestrə daxil edir və QHT-yə bildiriş verir. Məlumatların və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilmə müddəti 15 günədək uzadılır. QHT-nin qəbul etdiyi ianələrin məbləği, onları vermiş şəxslər, habelə ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumatlar illər üzrə tərtib edilən reyestrdə əks etdirilir. Hər bir ianə barədə məlumat reyestrə daxil edilərkən, ona fərdi nömrə verilir. İanə üzrə bank əməliyyatları aparılarkən, ianənin fərdi nömrəsi bank sənədlərində əks etdirilir. QHT qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları Maliyyə Nazirliyinə də təqdim etməlidir.
Bəs görəsən yeni dəyişiklik QHT-lərə nə vəd edir?
Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev deyir ki, bu gün QHT-lərin ianə mənbələri elə cüzidir ki, bu demək olar ki, QHT-lərin mütləq əksəriyyətinə aid edilmir: "Yəni bu gün QHT-lərin çoxuna ümumiyyətlə ianə verilmir. QHT-lərə verilən ianələrin məbləği elə cüzidir ki, bu ən çoxu 5 faiz təşkil edə bilər. Çünki, bu gün QHT-lər layihələri əsasən qrantlar, maliyyə yardımları əsasında həyata keçirir. Kimsə QHT-yə gətirib ianə şəklində pul vermir ki, bu layihəni həyata keçir. İanələr QHT-lərin ümumi xərcinə aid edilir, ümumi işlərə sərf olunur".
Amma bununla belə Ə. Nuriyev ianələrin uçotunun aparılmasının düzgün olduğu fikrindədir: "Ümumilikdə bu qanuni baxımdan düzgün sayılır. Çünki bu məsələ qanunla tənzimlənirsə mütləq NK tərəfindən qaydalar öz təsdiqini tapmalıdır. Bu hardasa ianə verənləri də arxayın edə bilər. Əvvəllər tutaq ki, QHT-yə ianə verən hardasa verdiyi pulun ümumiyyətlə QHT üçün xərclənib-xərclənmədiyindən narahatçılıq keçirdirdisə, bundan sonra ianələrin uçotunun aparılması göstərəcək ki, verilən ianə QHT üçün xərclənib. Çünki, yeni qaydaya əsasən QHT bunu mütləq göstərməli, uçotunu apararaq Maliyyə Nazirliyinə belə təqdim etməlidir. Yəni, belə deyək ki, bu qayda QHT-lərə verilən ianələrin xərclənməsi ilə bağlı yaranmış şübhələrə son qoyacaq".
Ə. Nuriyevin sözlərinə görə, ümumiyyətlə ianələrin tənzimlənməsi vacibdir. Çünki, bu qanunvericilikdən irəli gələn məsələdir. Amma Ə. Nuriyev burada məbləğin göstərilməsinin daha doğru addım olduğu fikrindədir: "İndiki qərarla ianə edilən pul vəsaitləri 200 manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin QHT-nin bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir. Belə çıxır ki, QHT-yə 1 manat da ianə daxil olarsa bunu həmin sənəddə göstərməlidir. Burada mənim fikrimcə müəyyən məbləğ müəyyənləşməli idi. Tutaq ki, QHT-yə kimsə 10 manat ianə veribsə QHT-nin bu ianənin hesabatını aparması onun vaxtını alacaq. Fikrimcə 50 manatdan yuxarı ianələrin hesabatının aparılması daha doğru olardı".
Amma bütün bunlarla belə Ə. Nuriyev deyir ki, "Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası" şəffaflığa xidmət edəcək bir dəyişiklikdir.
Qeyd edək ki, Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələrinə təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları, əmlak haqları və könüllü ianələri, malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar, səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər,öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər, qrantlar, qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər daxildir. İanə - qeyri-hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona bu Qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır. Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Qeyri-hökumət təşkilatına ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilir.Qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətlər Qrant haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Mələk Eyvazlı