Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun vacib atributlarından biri də yerli özünüidarəetmə orqanlarıdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna doğru uğurla addımlayan Azərbaycanın bu sahədə də nailiyyətləri kifayət qədərdir.
İlk olaraq onu qeyd etmək yerinə düşər ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bələdiyyələrin hüquqi statusu ilk dəfə Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi.
Xalq hakimiyyətinin yaradılması, onun sərbəst və müstəqil öz müqqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək, suverenliyi təmin edən xalqın ən əsas hüquqlarından biridir. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir. Konstitusiyamızın 55-ci və 56-cı maddələrinə əsasən insanlara dövlətin idarə olunmasında və seçkilərdə iştirak etmək- seçmək və seçilmək hüququ verilmişdir.
Bu gün isə bələdiyyələr cəmiyyətimizdə mühüm funksiyalar həyata keçirməklə özünün mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
İlk öncə yerli özünüidarəetmə orqanları haqda qısa məlumat verməyə çalışaq. Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır. Müxtəlif dövlətlərdə yerli özünüidarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır. Yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər.
Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər.Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Nizamnamədə bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin qaydaları və s. müəyyən olunur. Bələdiyyələr sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekologiya üzrə yerli əhəmiyyətli proqramlar həyata keçirir. Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.
Bələdiyyə orqanları dövlət orqanları sisteminə daxil deyil. Bələdiyyə hüququ yerli özünüidarəetmə ilə bağlı məsələləri tənzimləyən hüquqi normalar sistemidir. Bələdiyyə mülkiyyəti mülkiyyət hüququ əsasında şəhər və kənd ərazilərinə, həmçinin digər bələdiyyə qurumlarına mənsub olan əmlakdır.
Vətəndaş cəmiyyətinə nəzəri baxımdan müxtəlif dövrlərdə müxtəlif yanaşma tərzləri olubsa da, son nəticədə həmin cəmiyyət haqqında yekdil fikirlər formalaşmışdır. Belə ki, bu cəmiyyət dövlətin monopolyasından kənarda ayrı-ayrı insanların, insan toplumunun bir-birindən asılı olmayan, lakin əlaqədə olan son dərəcə sosial əhəmiyyətli ictimai sistemdir.
Qeyd olunmalıdır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesində mühüm həlqələrdən biri də yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin inkişaf etdirilməsidir.
Bu gün respublikada demokratiyanı özündə əks etdirən əlamətlər təşkilatlar, vətəndaş cəmiyyəti, onu formalaşdıran mexanizmlər, o cümlədən, bələdiyyələr fəaliyyat göstərir və inkişaf edir.
Məlumdur ki, konstitusiyalı quruluşun əsaslarından biri kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılması demokratik- hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir. Xatırladaq ki, ulu öndər Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılmasını, ilk növbədə dövlət quruculuğu prosesinin tərkib hissəsi, konstitusiyalı quruluşun əsaslarından biri hesab edirdi. "Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyası"nın 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik - idarəetmə sistemini müəyyənləşdirir.
Azərbaycanda yerli özünüidarəetmənin əsas prinsiplərinin tədqiqi də aktual məsələlərdəndir. Yerli özünüidarəetmə dedikdə, yerli əhalinin idarəetmədə birbaşa müstəqil rolu başa düşülür. Eyni zamanda bu, üfüqü müstəvidə hakimiyyəti təmsil edir. Bilavasitə dövlət-cəmiyyət münasibətlərinə işıq salır və tənzimləyir. Yerli özünüidarəetmənin prinsipləri dedikdə, onun orqanlarının təşkili və fəaliyyətinin əsasında duran, onun təbiətiylə şərtləşən ilkin struktur və funksiyalar başa düşülür. Qeyd edək ki, bu prinsiplərdə yerli hakimiyyətin spesifik göstəricilərlə obyektiv qanunauyğunluqları və dinamik inkişaf ənənələri öz əksini tapır.
"Bələdiyyələrin Statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 6-cı bəndində isə bildirilir ki, Bələdiyyələr insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşı tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar.
Hal- hazırda Azərbaycan Bələdiyyələrinin yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Belə ki, Bələdiyyələrə üzv seçməklə vətəndaşların yerli özünüidarəetmədə iştirakı tükənmir. İnkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri əhalinin rifah prosesində Bələdiyyə-Vətəndaş tərəfdaşlığıdır. Bu mənada, Bələdiyyələrin xalqla ünsiyyətini daha da asanlaşdıran yol Vətəndaş İştirakı Hüququ əsasını təşkil olunan Məhəllə Komitələrinin yaradılmasından keçir. İştirak və idarəçilik bütün tərəfləri bir yerə yığmaq üçün bir vasitədir. Məhəllə Komitələri Bələdiyyələrin Statusu haqqında Qanunun 31-ci maddəsinə uyğun şəkildə formalaşdırılan və fəaliyyət göstərən qurumlardır. Azərbaycanda Məhəllə Komitələrinin təşkili üçün Nümunəvi Əsasnamənin təsdiq edilməsinə dair 8 may 2001-ci il tarixli Qanun həmin dövrdən qüvvədədir. Burada qeyd edilir ki, Məhəllə Komitələri "Bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir".
Bələdiyyələrin insan hüquqlarının təminatında rolunu əks etdirən yerli ekoloji proqramların yerinə
yetirilməsi də aktual mövzulardandır. Konstitusiyamızın 39-cu maddəsində qeyd olunduğu kimi, əsas insan hüquqları və azadlıqları kimi vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 78-ci maddədə isə deyilir ki ətraf mühitin qorunması hər bir şəxsin borcudur. "Bələdiyyələrin Statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə görə yerli ekoloji proqramların əsas məqsədi dövlətin həyata keçirtdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, Bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın və torpağın hər cür çirklənmədən qorunması, birgə ekoloji tədbirlərin və layihələrin həyata keçirilməsi və s.
Bələdiyyələr yoxsulluğu aradan qaldıran səbəbləri yerlərdə öyrənərək, sosial cəhətdən yoxsul qrupları və onların ehtiyaclarını müəyyənləşdirməlidirlər. Bu işin nəticələri ictimayyətin nəzərinə çatdırılmalıdır. Belə etməklə yerli demokratik idarəetmənin səmərəliliyi artacaq və yoxsulluğun azaldılması strategiyaları və məqsədləri daha yaxşı inteqrasiya olunacaq.
Bələdiyyələrin fəaliyyətinin əsas istiqamətlərindən biri də insanların məşğuliyyətini artırmaq üçün şəraitin yaradılmasıdır. Bu gün Bələdiyyələr yerli biznesin inkişafı üçün şərait yaratmalıdırlar.