İlqar Altay: "Azərbaycan bu illərdəki gərgin quruculuq işləri hesabına inkişafına görə bu gün mükəmməl hüquqi dövlət kimi dünya dövlətləri sistemində layiqli yer tutur"

Azərbaycanda hüquqi dövlət quruculuğu yönündə kifayət qədər işlər görülüb. Son 20-25 il ərzində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr bunu deməyə əsas verir.
Bəs, ölkədə hüquqi dövlət quruculuğu istiqamətində görülən işlər vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən necə qiymətləndirilir? Bu mövzu ətrafında İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay fikirlərini "Unikal"la bölüşüb. İlqar Altay deyib ki, Azərbaycan Respublikasının gerçək müasir dövlət olaraq əsası qoyulub, qurulması dünya tarixində dövlətçilik ustası kimi azsaylı dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin ağlının, qabiliyyət, bacarıq və zəhmətinin bəhrəsidir. Onun sözlərinə görə, bu bir fikir, ideya deyil, mübahisəolunmaz və danılmaz tarixi reallıqdır, həqiqətdir: "Quruculuq prosesi 20 ildən çoxdur ki, davamlı olaraq artan templə getmişdir. Bu illərdə Azərbaycanda dayanıqlı, sistemli, müasir inkişaflı dünya ilə ayaqlaşa bilən, özünütənzim və inkişaf qabiliyyətli müstəqil bir dövlət qurulması istiqamətində böyük işlər görülmüşdür. Dövlətin əsas təməlini təşkil edən dövlət hakimiyyəti qolları təkmil hala salınmış, neçə-neçə yeni nazirliklər, komitələr, müxtəlif icra strukturları, işlək idarəetmə sistemi yaradılmışdır. Dövlət aparatı və hakimiyyət strukturlarının fəaliyyətini, dövlət idarəetmə sistemini və dövlət-xalq münasibətlərini tənzim edən mükəmməl Konstitusiya, qanunvericilik və digər hüquqi aktların qəbulu və icrası ilə hüquqi dövlət sistemi ortaya qoyulmuşdur".
Müsahibimiz qeyd edib ki, hüquqi dövlət quruluşunun nəticəsi olaraq isə, bütün ictimai, siyasi, QHT, media və sair komponentləri ilə dolğun vətəndaş cəmiyyətinin yaranmasına nail olunub. Onun qənaətincə, insan hüquq və azadlığı, məhkəmə müstəqilliyini təmin edə biləcək xeyli hüquqi bazalar yaradılıb: "Ölkənin müdafiəsini təmin edəcək güclü, dayanıqlı, təchizatlı ordu yaradılıb. Beynəlxalq aləmlə siyasi, iqtisadi, ictimai, mədəni və s. müxtəlif sahələr üzrə sabit, balanslı münasibətlər sistemi qurulmuşdur. Ölkədəki quruculuq prosesləri prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Heydər Əliyev siyasi xəttinin davamı olaraq daha da müasir, zamana müvafiq formada inkişaf etdirilib. Azərbaycan bu illərdəki gərgin quruculuq işləri hesabına inkişafına görə bu gün mükəmməl hüquqi dövlət kimi dünya dövlətləri sistemində layiqli yer tutur".
Maraqlıdır, Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi necə dəyərləndirilir, bu sahədə hansı yeniliklər, islahatlar aparıla bilər? Bu suallara da İlqar Altay maraqlı münasibət bildirib. Ekpertin sözlərinə görə, zaman göstərdi ki, dövrün tələbi ilə ölkəmizdəki dövlət quruculuğu prosesinin davamına və daha təkmil formada inkişafına ehtiyac var və bu sahədə hələ çox iş görülməlidir: "Son dövrlər dünyada gedən siyasi-iqtisadi çalxalanma prosesləri, qlobal iqtisadi böhran və bunun da ölkəmizdən yan ötməməsi idarəetmə sistemində bir sıra problemlər olduğunu üzə çıxartdı. Xüsusilə də iqtisadi, maliyyə-bank, nəqliyyat, sosial, turizm və sair sektorlardakı çatışmazlıqlar, bu sahələrə aid nazirlik və komitələrin, idarəçi məmurların yarıtmaz fəaliyyəti ortaya çıxdı. Dövlət başçısı, prezident İlham Əliyev mütəmadi olaraq, idarəetmədə yaranmış bu çatışmazlıqları, hətta ictimailəşdirilmiş formada xalq qarşısında qeyd edir və cavabdeh məmurları, səlahiyyətli şəxsləri tənqid edir. Ölkəmizdəki inkişafı ləngidən, büdcəni, iqtisadiyyatı zəiflədən, iqtisadiyyatımızın onurga sütunu-orta sahibkarlığı boğmağa çalışan, cəmiyyətə qeyri-nümunəvi davranış, tərbiyə mesajı göstərən məmurların sərt cəzalanacağını bildirir. Hiss olunur ki, ölkədə islahatlar dövrü yetişir və bu artıq zamanın da tələbidir. Mənim düşüncəm budur ki, bu gün bizdəki problem təkcə insan faktorunda, yəni məmur yaramazlığında, korrupsiyada, inhisarçılıqda deyil. Problem həm də, dövlət idarəetmə sistemindəki bu kimi hallara şərait yaradan bəzi çatışmazlıqlardadır. Bu kimi mənfi halların qarşısını almaq üçün mükəmməl nəzarət sistemi və mexanizmin çatışmazlıqlarıdır. Söhbət məhz, ölkənin funksional idarəçilik sisteminin cəmləşdiyi bütün nazirlik və komitələrin, onların fəaliyyətinin üzərində daimi, bilavasitə nəzarət və cavabdehlik sisteminin olmamasından gedir.
Konstitusiyamızda təsbit olunmuş hakimiyyət tənzimi prinsipinə görə nazirlər və komitə sədrləri Nazirlər Kabineti, Nazirlər kabineti isə, ölkə Prezidenti qarşısında tabeçilik və cavabdehlik daşıyır. Bizdə isə faktiki olaraq Nazirlər kabinetinin əsas fəaliyyəti müxtəlif sərəncamlar verməkdə və bəzi problemlərdə xüsusi icraçılıq fəaliyyəti ilə nəzərə çarpır. Heç görməmişik ki, hansısa nazir Nazirlər Kabineti qarşısında hesabat versin, baş nazir tərəfindən nəzarət qaydasında dinlənilsin, göstəriş alsın və ya fəaliyyətinə irad tutulsun. Bizdə belə bir ənənə yaranıb ki, bir sıra nazirlər özlərini az qala ölkənin ikinci şəxsi, baş naziri kimi birbaşa prezidentə tabe və yalnız onun qarşısında da cavabdeh hesab edirlər. Bu da onların xüsusi imtiyaza malik məmur kimi nəzarətdən yayınmasına, mücərrəd tabeçilik boşluguna düşməsinə gətirib çıxarır. Onların fəaliyyətlərindəki bir sıra yarıtmazlıqlar və ziyanlı nəticələr vaxtında anında müşahidə və müəyyən olunmur və son anda, iş-işdən keçəndən sonra aşkar olunur".
İ.Altay hesab edir ki, Konstitusiyadakı hakimiyyət bölgüsü prinsipinə görə ölkə prezidenti həm dövlət hakimiyyətinin icra-idarə qoluna rəhbərlik edir, həm də dövlət başçısı kimi əlahiddə vəzifə daşımaqla dövlət hakimiyyətinin bütün, icra, qanunvericilik və məhkəmə qollarına rəhbərlik edir. Dövlətin vahidliyini, xalqın birliyini nəzarətdə saxlamaqla məşğul olur. "Üstəlik, bu günkü, dünyadakı geosiyasi böhranlı və regionun bununla əlaqədar, təlatümlü dövründə dövləti odun alovun içindən xətərsiz çıxartmaq üçün intensiv beynəlxalq çalışmalar yükü də dovlətin cavabdeh başçısı kimi, tamamilə prezidentin üzərinə düşür. Üstəlik, Ali Baş Komandan kimi müharibə vəziyyətində olan ordunun fəaliyyətinə rəhbərlik edir. Üstəlik, dövlətin rəhbəri, birləşdirici qarantı kimi ölkənin istənilən sahəsində hakimiyyət qollarının gücü çatıb həll edə bilmədiyi gözlənilməz böyuk problemlərin, yerlərdəki bəzi kütləvi narazılıqların, hakimiyyət orqanları, məmur və vətəndaş konfliktlərinin, fəlakətlər, qəzalar digər məsələlərin həlli və sair. Bu qədər çoxsaylı qlobal məsul, gərgin işlərlə məşğul olan şəxsin, dövlətin başçısının hansısa nazir ya komitə sədri ilə daima kontaktda olub, onun fəaliyyətini hesabatda və nəzarətdə saxlaması mümkün görünmür. Bunu etmək üçün, Konstitusiyamızda təsbit olunduğu kimi, Prezidentin idarəetmə üzrə icra səlahiyyətlərini həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində Prezidentə birbaşa tabe, onun qarşısında cavabdeh olan yuxarı icra orqanı, Nazirlər Kabineti var. Nazirlər və komitə sədrləri mütəmadi olaraq bu yüksək qurum qarşısında hesabat və cavabdehliklərini daşımalıdırlar. Onlara və rəhbərlik etdikləri strukturlara birbaşa nəzarət məhz bu yüksək qurum vasitəsilə həyata keçirilməlidir. Yoxsa, dövlət hakimiyyəti qolunun qolu olan bir nazir özünü yalnız bütöv bir dövlətin rəhbəri qarşısında hesabat, nəzarət və cavabdehli sayanda təbii ki, məsuliyyətdən yayınma, ambisiozlaşma, reallığın itməsi və yekunda ölkə üçün ziyanlı, dövlət üçün başağrılı nəticələr yarana bilir", - deyə hüquqşünas əlavə edib.
QHT sədri hesab edir ki, bu səbəbdən də ölkədə ən vacib və təxirəsalınmaz islahatlardan birisi kimi, Nazirlər Kabineti strukturunun, kadr və maddi bazasının genişləndirilməsinə, əlavə səlahiyyətlər verilməsi ilə onun idarəetmə sisteminə rəhbərliyi üçün tam işlək hala salınmasına ehtiyac yaranıb: "Nazirlər Kabineti idarəetmə sistemində yuxarı icra orqanı kimi nazirlik və komitələrin, idarəetmədəki bir sıra digər icra orqanlarının işinin tənzimini və fəaliyyətinə nəzarəti öz əlinə almalıdır. Bu gərgin dövrdə idarəetmədəki ağır yükün müəyyən hissəsini öz üzərinə götürməlidir. Prezidentin dövlət rəhbəri kimi fəaliyyətini də icra aparatı funksiyasını Prezident Adminstrasiyası yerine yetirir. Prezidentin icra-idarəetmə hakimiyyəti rəhbəri kimi fəaliyyətindəki icra aparatı isə Konstitusiyaya görə nazirlər Kabinetidir. Bu halda, hesab edirəm ki, Nazirlər Kabinetinin də eynilə, Prezident Adminstrasiyası səviyyəsində işinin qurulması, fəaliyyətinin genişlənməsi və aktiv işlək hala salınması zamanın tələbidir. Yüksək səviyyədə başlayan bu islahat ölkə idarəçilik sisteminin bütün aşağı təbəqələrindəki islahatlara təkan verə bilər, bütün sahələrdə yeni canlanma yaradıb, fəaliyyət dinamikliyini təmin edə bilər".