Zülfiyyə Bayramova: "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi postvaksinal fəsadla əlaqədar olduqda vətəndaş, fasiləsiz
iş stajından asılı olmayaraq, aldığı orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir"

Hüquqi dövlətlərdə əhalinin sağlamlığının qorunması prioritet olur. Dövlət bu istiqamətdə vətəndaşların sağlamlığının qorunmasına yönəlik qanunvericilik bazası formalaşdırır.Eyni zamanda həmin qanunlar dövrün tələbinə uyğun olaraq təkminləşdirilir. Ümumdünya Səhiyyə Təşkilatı da, dövlətlərə bu istiqamətdə müəyyən tövsiyyələr verir, beynəlxalq tələblər qoyur. Son vaxtlar dünyada epidemiyalar daha çox yayıldığından, insanların immunoprofilaktikası istiqamətində görülən işlər beynəlxlaq təşkilatların, ÜST-ün daha çox diqqət mərkəzindədir.
Azərbaycanda ÜST-ün tövsiyyəsinə əsasən zəruri peyvəndlər demək olar ki, peyvənd təqviminə salınıb. Amma bununla belə son vaxtlar dünyada epidemiyalardan ölüm hallarının artması ölkəmizdə əhalinin peyvəndlənməsi məsələsini bir qədər də aktuallaşdırır. Azərbaycanda peyvənd təqviminə əsasən əhali pulsuz peyvəndlənsə də, peyvənd üçün özəl klinikalara müraciət edənlərin sayı da az deyil. Buna səbəb, peyvənddən postvaksinal fəsadların olmasıdır. Maraqlıdır, peyvənddən postvaksinal fəsad zamanı vətəndaşların hüquqları necə qorunur?
Öncə qeyd edək ki, Azərbaycanda əhalinin sağlamlığı, "Sağlamlıq haqqında" qanunla qorunsa da, yoluxucu xəstəliklərin immunoprofilaktisikası üçün ayrıca qanunvericilik bazası var. Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında"qanun bu cür xəstəlikləri olan insanların hüquqlarını, vəzifə və məsuliyyətlərini müəyyənləşdirir: "
Həmsöhbətimiz bildirir ki, "İmmunoprofilaktika haqqında Azərbaycan Respublikasının qanun"u digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. İmmunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilib.
Z.Bayramovanın sözlərinə görə, immunoprofilaktika sahəsində dövlət siyasətinin əsas prinsiplərinə bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi, dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərin əhaliyə pulsuz aparılması, məqsədli dövlət proqramlarının və regional proqramların həyata keçirilməsi, immunoprofilaktikanın aparılması üçün səmərəli tibbi immunobioloji preparatlardan istifadə olunması, tibbi immunobioloji preparatların keyfiyyətinə, təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti və sair məsələlər aiddir. Həmsöhbətimiz deyir ki, yeni tibbi immunobioloji preparatların işlənib hazırlanması sahəsində aparılan elmi tədqiqatlara dövlət qayğısı, tibbi immunobioloji preparatların müasir tələblərə cavab verən istehsalının təmin edilməsi, tibbi immunobioloji preparatların yerli istehsalçılarına dövlət qayğısı, immunoprofilaktika sahəsində tibb işçilərinin hazırlanması, postvaksinal fəsadlar baş verdikdə vətəndaşların sosial müdafiəsi, statistik müşahidə sisteminin təkmilləşdirilməsi, immunoprofilaktika sahəsində humanitar təşkilatların iştirakına şərait yaradılması da bu prinsiplərə daxildir: "Əhalinin immunoprofilaktikasının həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir. Silahlı qüvvələrdə, qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə immunoprofilaktikanın həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır. Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Profilaktik peyvəndlər dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılır. Ümumiyyətlə profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı olduqda tətbiq edilir. Profilaktik peyvəndlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi-sanitariya qaydalarına və tələblərinə əməl etməklə tibbi əks göstərişləri olmayan vətəndaşlara aparılır. Profilaktik peyvəndlərin aparılmasına tibbi əks göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".
Həmsöhbətimiz deyir ki, immunoprofilaktikanın maliyyələşdirilməsi isə dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir. Z. Bayramova bildirir ki, qanunla təqvimə daxil edilən və epidemik göstərişlərə görə müəyyən edilən tibbi immunobioloji preparatlarla tibb müəssisələrinin təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir: "Profilaktik peyvəndlər, postvaksinal fəsadlar, epidemik göstərişlərə görə, profilaktik peyvəndlərdən imtina halları haqqında məlumatlar tibbi sənədlərdə qeyd olunur və onların dövlət statistik uçotu aparılır. Profilaktik peyvəndlərin, postvaksinal fəsadların qeydiyyatı qaydaları, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtinanın əsaslandırılması, habelə tibbi sənədlərin və profilaktik peyvəndlərin sertifikatlarının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Profilaktik peyvəndlərin nəticəsinin keyfiyyətli olması üçün mütləq və müvəqqəti əks göstərişlər nəzərə alınmalıdır. Müvəqqəti əks göstərişlər nəticəsində peyvənddən kənarlaşdırılmış şəxslər nəzarət altında saxlanılmalı, mümkün olduqda, onlara profilaktik peyvəndlər aparılmalıdır".
Hüquqşunas deyir ki, mövcud qanuna görə, İmmunoprofilaktika sahəsində vətəndaşların hüquq və vəzifələri də müəyyənləşib: " Profilaktik peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina edilməsinin nəticələri, mümkün postvaksinal fəsadlar haqqında tibb işçilərindən tam və obyektiv məlumat almaq onların hüquqlarına aiddir. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə məşğul olan şəxsləri seçmək, dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərdən əvvəl büdcə vəsaitləri hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq da bu qanuna görə mümkündür. Real əks göstərişlər olduqda, həmin şəxsin epidemik göstərişlərə görə, profilaktik peyvəndlərdən imtina etmək hüququ var".
Həmsöhbətimiz deyir ki, immunoprofilaktika sahəsində vətəndaşların vəzifələrinə, tibb işçilərinin immunoprofilaktika ilə bağlı göstərişlərini yerinə yetirmək, epidemik göstərişlərə görə aparılan və ya təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlərdən imtina etməsinin səbəbini yazılı şəkildə bildirmək daxildir. Eləcə də, mövcud qanunla hər hansı postvaksinal fəsad yaranarsa, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nəzərdə tutulub: "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi postvaksinal fəsadla əlaqədar olduqda vətəndaş, fasiləsiz iş stajından asılı olmayaraq, aldığı orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi, fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısı və həmin müavinətin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər ölkə qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar".