Sahib Məmmədov: "Vətəndaş cəmiyyəti nümayəndələri İctimai Şuralarda cəmiyyətin marağında olan məsələləri müzakirəyə çıxardır"

3-cü sektorun vətəndaş cəmiyyətinin inkişafına töhvəsi danılmazdır. Azərbaycanda "İctimai iştirakçılıq haqqında" qanunun qəbulundan sonra isə QHT-lərin üzərinə daha böyük məsuliyyət düşdü. Hazırda bu qanun ölkə vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Artıq bir neçə yerli və mərkəzi icra orqanında ictimai şuralar fəaliyyətə başlayıb.
Bu qanunun tələbi ilə ictimai şura bu qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum kimi fəaliyyət göstərir. Bu dəfə QHT nümayəndələrinin təmsil olunduğu ictimai şuraların ictimai dinləmə, ictimai müzakirə və yazılı məsləhətləşmələri hansı formada apardığı, bu məsələnin qanunla necə tənzimləndiyini araşdırmağa çalışdıq. Hüquqşunas Sahib Məmmədovun sözlərinə görə, ictimai dinləmə və ictimai müzakirə "İctimai iştirakçılıq haqqında" qanunun 12-ci maddəsi ilə tənzimlənir: "Bu qanunda göstərilib ki, dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər. İctimai dinləmənin və ictimai müzakirənin təşkilinə və keçirilməsinə dair əsas tələblərinə isə bir sıra nüanslar daxildir. İctimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilməsi zamanı bəzi məqamalar nəzərə alınmalıdır. Bura ictimai dinləmənin və ictimai müzakirənin məqsədinin və mövzusunun dəqiq müəyyən edilməsi, dinləmənin və müzakirənin mövzusu barədə maraqlı tərəflərin məlumatlandırılması, dinləmələrə və müzakirələrə ekspertlərin və mütəxəssislərin cəlb edilməsi, problemin müstəqil və geniş təhlilinin aparılması daxildir".
Həmsöhbətimiz deyir ki, tələb olunduğu hallarda alternativ layihələrin və təkliflərin müzakirəyə çıxarılması, dinləmənin və müzakirənin mövzusuna aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməsi, dinləmənin və müzakirənin nəticələri haqqında maraqlı tərəflərin məlumatlandırılması, ictimai dinləmə və ictimai müzakirə açıq keçirilir. S. Məmmədovun sözlərinə görə, istənilən şəxs dinləmələrdə iştirak edə və müzakirə olunan məsələ barəsində öz mülahizəsini bildirə bilər.
S. Məmmədovun "Unikal"a bildirdiyinə görə, ictimai dinləmənin və ictimai müzakirənin təşkilatçısı, dinləmənin və müzakirənin mövzusunu dəqiqləşdirir və təsdiq etməlidir. Həmçinin əsas məruzələrin mövzusunu və məruzəçiləri müəyyən etmək, dinləmənin və müzakirənin keçirilməsi proqramının layihəsini hazırlamaq, dinləmənin və müzakirənin keçirilməsi yerini, vaxtını və müddətini müəyyən etmək, iştirakçıların seçilməsi prinsiplərini və dəvət edilməsi formalarını müəyyənləşdirmək də onun vəzifələrinə aiddir. Təşkilatçı eyni zamanda, kütləvi informasiya vasitələri və ictimaiyyət üçün elan xarakterli məlumatlar hazırlayaraq həmin məlumatları hamının tanış ola biləcəyi yerlərdə yerləşdirməlidir. Dinləmənin və müzakirənin yekun sənədinin ilkin layihəsini hazırlamaq da onun üzərinə düşən iş sayılır. İctimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan təşəbbüskarın internet səhifəsində və ya kütləvi informasiya vasitələrində tədbirdən ən azı yeddi iş günü əvvəl dəqiq vaxt və yer göstərilməklə yerləşdirilir.
S. Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlanır, ictimai dinləməyə sədrlik edən tərəfindən imzalanır və dinləmə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur: "Vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir, iclasın sədri tərəfindən imzalanır və müzakirə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur".
O ki, qaldı yazılı məsləhətləşməyə, bu, qanunun 16-cı maddəsində öz əksini tapıb: "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları hazırladıqları hüquqi aktların layihələri barədə yazılı məsləhətləşmələrin başlanması haqqında məlumatı öz internet səhifəsində və ya kütləvi informasiya vasitələrində yerləşdirir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əldə edilməsi məhdudlaşdırılmış informasiyanı nəzərdə tutan hüquqi aktların layihələri və ya onların müvafiq struktur elementləri yazılı məsləhətləşmə üçün dərc olunmur".
S. Məmmədov deyir ki, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları hazırladıqları hüquqi aktların layihələri barədə vətəndaş cəmiyyəti institutlarının rəy, irad və təkliflər verə bilməsi üçün azı yeddi iş günü nəzərdə tutur: " Daxil olmuş rəy, irad və təkliflər mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən müzakirə edilib qiymətləndirildikdən sonra onların nəzərə alınmasına və ya rədd edilməsinə dair on dörd gün ərzində əsaslandırılmış qərar verilir və dərc edilir. Konstitusiyanın 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Milli Məclisə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə Milli Məclisin Aparatı tərəfindən təşkil edilir".
S. Məmmədov deyir ki, qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün Milli Məclisin Aparatı, Milli Məclisin internet səhifəsində xüsusi bölmə ayırır: "Milli Məclisin Aparatında qeydiyyata alınmış bütün qanun layihələrini müvafiq komitəyə göndərdikdən sonra üç gün ərzində Milli Məclisin internet səhifəsinin xüsusi bölməsində yerləşdirilir. Milli Məclisin internet səhifəsinin xüsusi bölməsində qanun layihəsi ilə birlikdə onu təqdim edən subyekt, layihənin qeydiyyat nömrəsi, göndərildiyi komitə ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı yerləşdirir. Qanun layihələrinə dair təqdim olunmuş rəy, irad və təkliflərin nəzərə alınmasının nəticələri barədə ictimaiyyəti məlumatlandırır. Birinci və ikinci oxunuşlardan sonra qanun layihəsinin yenilənmiş mətnlərini dərc edir.Qanun layihələrinə dair ictimai dinləmələrin keçirilməsi qaydası Milli Məclisin daxili nizamnaməsi ilə müəyyən edilir. Digər hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir".
S.Məmmədov deyir ki, Prezident İlham Əliyev çıxışında da dəfələrlə ictimai nəzarətin olmasının önəmliyini vurğulayıb: "Bu mühüm fikirlərdən biri vətəndaş cəmiyyəti ilə bağlı idi. Prezident ölkənin bütün siyasi elitasının və məmurların iştirak etdiyi tədbirdə açıq şəkildə qeyd etdi ki, ictimai nəzarət vacibdir. Təbii ki, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, biz bunda iştirak edəcəyik. Hazırda "İctimai iştirakçılıq haqqında" Qanunun tətbiqi prosesi gedir. Nazirliklərin bəzilərində artıq ictimai şuralar yaradılır və bəziləri müsabiqə elan ediblər. Bu da vətəndaş nəzarətinin Azərbaycan modelidir. Həmin qanunda bir neçə vətəndaş nəzarəti formaları var. Bunlardan biri ictimai iştirakçılıq, digəri qərarların əvvəlcədən ictimai müzakirəsi və o cümlədən ictimai sorğulardır".