Ağ Evin Bakı gözləntisi
Ağ Evin Bakı gözləntisi

Hilari Klinton Bakıda nələrə nail ola bilər?

ABŞ dövlət katibi Hillari Klintonun regiona səfərinə hazırlıq işləri görülür. Dövlət katibinin Skandinaviya və Türkiyəyə səfəri gözlənilirdi. Amma sonradan bu siyahıya Azərbaycan, Gürcüstan və Ermənistan da daxil edildi.
Xanım Klinton həmçinin səfər öncəsi müraciətlə də çıxış edib: " Bir neçə gündən sonra gürcü xalqının səmimiliyini hiss etmək və Gürcüstana sadiqliyimizi təsdiqləmək üçün Batumiyə səfər etmək imkanlarım olacaq. Azərbaycanda vətəndaş cəmiyyəti və dövlət liderləri ilə ölkənin problemləri, ABŞ-ın insanların daha işıqlı gələcəyinə necə yardım göstərməsi müzakirə olunacaq".
Maraqlıdır, bəs səfərdə əsas məqsəd nə olacaq?
Ekspertlər hesab edirlər ki, Ağ Evlə rəsmi Bakının arasında həll olunmayan problemlər var və bu səfərdə çalışılacaq ki, bu məsələlərə bir daha aydınlıq gətirilsin. İlk növbədə bu sıraya regional təhlükəsizlik, demokratiya, iqtisadi inkişaf, terrorizmə qarşı mübarizə məsələləri ciddi müzakirə olunacaq.
Həmçinin ötən dəfə olduğu kimi bu dəfə də dövlət katibi vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək.
Bu da söylənilir ki, hazırda müxalifət liderləri də bu görüşə qatılmaq təşəbbüsü ilə çıxış ediblər.
Ekspertlərin fikrincə, danışıqlarda əsas müzakirə olunacaq məsələlərdən biri də İran məsələsidir. Son bir neçə ay ərzində İran-Azərbaycan münasibətləri kifayət qədər gərginləşib, bunun qarşılığında isə İsrail-Azərbaycan münasibətləri istiləşib. Bu isə artıq ABŞ-i ciddi narahat edir. Dəfələrlə amerikalı politoloqlar bununla bağlı narahatlıqlarını bildirib və hesab edirlər ki, İran şəraitdən istifadə edərək Azərbaycanı açıq hədəfə ala bilər.
Hesdab edilir ki, İran mövzusu ilə yanaşı Azərbaycanda islam radikalizminə qarşı aparılan mübarizə də ciddi müzakirə predmeti olacaq.
Bütün bunlarla yanaşı hesab etmək olar ki, həm Ermənistanda, həm də Azərbaycanda Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq. Amma bu müzakirələrin hansısa müsbət nəticələr verəcəyi o qədər də inandırıcı deyil. Çünki hazırda danışıqlar ölü bir nöqtəyə gəlib çatıb və hər iki ölkə prezident seçkilərinə hazırlaşdığından yeni təkliflər müzakirəyə çıxarılmır. Sadəcə olaraq bu görüşdə tərəflər bir daha atəşkəs rejiminə əməl etməklə bağlı bəyanat səsləndirə bilərlər.
Hillari Klintonun Bakı səfərində, sözsüz ki, enerji məsələləri də ciddi şəkildə müzakirə olunacaq. Hətta belə fikirlər səsləndirilir ki, çox ehtimal ki, Azərbaycan Nabucco layihəsinə müsbət cavab verə bilər. Çünki hazırda Azərbaycan-Avropa münasibətləri gərginləşməkdədir və bu baxımdan Azərbaycan ABŞ-la əlaqələri daha da istiləşdirməyə çalışacaq.
Bunu da qeyd edək ki, son zamanlar, daha doğrusu, Vladimir Putin yenidən prezident seçiləndən sonra region üçün Rusiya təhlükəsi kifayət qədər artıb. Belə ki, Vladimir Putin regiona tam nəzarət etmək üçün yeni təkliflə çıxış edib və bu təklif Azad İqtisadi Zona Təşkilatının yaradılması ilə tamamlanmalıdır.
Azərbaycan və Gürcüstan isə hələ ki bundan imtina edirlər. Amma Rusiyanın artacağı təzyiqləri qarşısında duruş gətirmək məsələsi var və ehtimal ki, Bakı səfəri zamanı Hillari Klintonla bu məsələ də ciddi şəkildə müzakirə olunacaq.
Əslində bir neçə gün öncə Vladimir Putin ABŞ-da böyük səkkizlərin görüşündən imtina etməsi də açıq bir mesaj idi və görünür, Putin yenidən dünyada iki qütblülüyün yaradılması prosesinə start verib.
Nəhayət, bu görüşdə terrora qarşı əməliyyatlarda Azərbaycanın rolu bir daha müzakirə olunacaq. Hazırda Azərbaycan Əfqanıstan məsələsində ABŞ-la sıx əməkdalıq edir və ABŞ bu əməkdaşlıqdan razıdır. Güman ki, görüşdə bu əməkdaşlığın daha da genişləndirilməsi nəzərdən keçiriləcək.
Və nəhayət əsas məsələlərdən biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması məsələsi olacaq. Bu gün Azərbaycanın BMT-də tutacağı mövqe ABŞ üçün çox vacibdir və Suriya, İran kimi məsələlərdə ABŞ Azərbaycandan dəstək istəyəcək. Çünki bu gün ABŞ BMT-də Çin və Rusiya kimi rəqiblərlə üz-üzədir və Azərbaycanın tutacağı mövqe proseslərə bilavasitə təsir göstərə bilər.
Mehdi Əli