Rühanilər üzr istəməlidir
Rühanilər üzr istəməlidir

İranın dini rəhbərinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri axund Möhsün Müctəhid Şəbüstəri Azərbaycan hakimiyyətinə qarşı bəyanatlar səsləndirib.

Təbrizin cümə namazında çıxış edən axund Azərbaycan Respublikasından danışarkən deyib: "Bu respublikanın xaricə bağlı rəsmiləri əxlaqa zidd, bayağı proqramlar keçirməklə ölkənin müsəlman əhalisinin imanını zəiflətmək niyyətində idilər. Lakin bu proqrama maraq göstərilmədiyindən öz hədəflərinə çata bilmədilər.
Amerika Azərbaycan Respublikasını bölgənin ikinci İsrailinə çevirmək niyyətindədir. Lakin onlar bilmir ki, artıq müstəmləkəçilik dövrü başa çatıb və müstəmləkəçilərin gücü tənəzzülə uğrayır".
İranda islahatçılara yaxınlığı ilə tanınan azərbaycanlı ruhani ayətullah Əbdülkərim Musəvi Ərdəbili isə Qum şəhərində etdiyi çıxışında İranda islam inqilabının əvvəlki hədəflərindən yayınmasına toxunaraq rəsmiləri xalqdan üzr istəməyə çağırıb.
Ayətullah Musəvi Ərdəbili deyib: "İndi bəzi işlərə və əməllərə və həmin əməllərin nəticələrinə baxanda nigaran olur, fikirləşirəm ki, bəlkə öz vəzifələrimizi düzgün yerinə yetirməmiş, hansısa xəta və qüsura yol vermişik. Vaxtilə mübarizə aparıb fədakarlıq edən dostlarımız indiki vəziyyətdən daha yaxşısını arzulayırdılar. Bu gün isə fikirləşirəm ki, bəlkə də sabah Allahın, haqq sahiblərinin və bu xalqın qarşısında xəcalətli qalıb başıaşağı olacağıq. Beşgünlük dünyadır və mən bu yaşımda, bu vəziyyətimdə bu haqda sizdən çox fikirləşməli oluram.
Mən bu fürsətdən yararlanaraq üzümü şərif İran xalqına, şəhid ailələrinə, müharibə əlillərinə və bu yolda (islam inqilabı yolunda - "Media forum") zəhmət çəkən hər kəsə tutub deyirəm ki, biz xoş bir niyyətlə bu yola çıxmışdıq. Lakin ola bilsin ki, biz öz borcumuzu layiqincə yerinə yetirə bilməmişik və ya səhvə yol verib bəzi şeylərə başısoyuq yanaşmışıq. Əgər belədirsə, şəxsən birbaşa mənim adımla bağlı olan bütün çətinliklərə və çatışmazlıqlara görə hamıdan üzr istəyirəm. Ürəyimiz istəyirdi və hələ də istəyir ki, xalqımızın başı uca olsun, cəmiyyətimizdə əxlaq və iman hakim olsun. İnsanlarımız da yaxşı səviyyədə yaşasınlar.
Əgər mən keçmişdə lazım olmayan hansısa bir hərəkəti, səhv bir hərəkəti etmişəmsə və ya lazım olan bir əməli yerinə yetirməmişəmsə, hamıdan üzr istəyir, halallıq istəyirəm. Mən öz adımdan danışıram. Mənim başqası ilə işim yoxdur. Mən etdiyim və etmədiyim hərəkətlərimə görə narahatam. Əgər biz düzgün hərəkət etsəydik, indi vəziyyətimiz belə olmazdı. Lakin hesab edirəm ki, bütün rəsmilərimiz, istər keçmişdəkilər olsun, istərsə də bugünkü rəsmilər, hamımız xalqdan üzr istəməliyik. Bu üzr istəmək ruhani paltarında olan rəsmilər üçün daha vacibdir".
Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani də ayətullalardan fərqli olaraq müasir kommunikasiya texnologiyalarını tərifləyib. Rəfsəncani deyib ki, internet və peyk antenaları mövcud olan bir dövrdə totalitar hakimiyyətlərin azad informasiyanın qarşısını almağa cəhdi mənasız bir addımdır: "Bu gün biz şahidik ki, heç bir xərc çəkmədən yaradılan "Facebook" səhifəsi birdən-birə bir neçə televiziya aparatına və radioya çevrilir, milyonlarla nəfəri öz təsirinə alır. Bu isə dünya üçün mübarək bir tapıntıdır. Əlbəttə, bu, bəzilərinin xoşuna gəlməyə bilər. Lakin hesab edirəm ki, belə bir medianın olmaması dünya üçün təhlükəlidir.
Bu gün internet və peyk antenalarının sayəsində informasiyaların yayılmasının qarşısını almaq artıq mümkün deyil. İnsanlar informasiyaya yiyələnmənin yollarını öyrəndikdən sonra bunun qarşısını necə almaq olar? Bu gün biz görürük ki, hardasa bir jurnalisti tutub həbsə salanda xəbəri qısa bir zamanda bütün dünyaya yayılır. Yəni baş verən hər bir hadisəni dünya görüb eşidir, dünya mediası isə onu yaymağa başlayır. Bu isə bizim dövrümüzdə baş verən informasiya partlayışıdır. Əlbəttə, bu informasiya partlayışının mənfi tərəfləri də var. Lakin hesab edirəm ki, əgər biz bunun qarşısını almağa cəhd göstərsək, onun yerini 10-u tutacaq".
Fuad