İcra başçılarının "subsidiya fırıldağı"
Qohumbazlıq fermerləri də "vurmağa" başlayıb

Dövlətin fermerlərə ayırdığı subsidiyalarla bağlı ilginc məqam ortaya çıxıb. Məlum olub ki, bəzi rayon icra başçıları subsidiyaların hesablanması qaydasında qohumbazlıq prinsiplərinə yer verilir. Artıq bununla bağlı bir çox rayonların fermerlərindən ölkə rəhbərliyinə şikayətlər daxil olmaqdadır.
Məlumatlara görə, bəzi rayonlarda yerli icra hakimiyyətinin yaxın qohumu ilə sadə fermer eyni səviyyədə subsidiya ala bilmir. Baxmayaraq ki, hər ikisi eyni ölçüdə olan sahədə əkin-biçin işləri aparır. Burada saxta statistika yolu ilə sənədlər hazırlanır. Yerli icra orqanlarından lazımi sənədlər toplanır. Nəticədə məmurun qohumu digər fermerlərdən fərqlənir.
Digər məqam isə fermerlərin subsidiya alması ilə bağlıdır. Belə ki, fermerlər qeyd edirlər ki, bir çox hallarda əkin-biçin üçün nəzərdə tutulan subsidiyanı almaq üçün aidiyyatı qurumlardan lazımi sənədlərin toplanmasında bürokratik əngəllər yaradılır. Bu sənədlərdə əkin sahələri süni olaraq şişirdilir. Nəticədə əldə olunan vəsait yerli icra orqanlarına çatır.
Fermerlər deyir ki, bununla bağlı aidiyyatı yerlərdən yoxlama gələndə də düşünülmüş şəkildə digər sahələr göstərilir. Beləcə fermerin adı ilə dövlət büdcəsindən alınan pul yerli icra orqanları tərəfindən mənimsənilir.
Artıq subsidiyaların verilməsində bu cür fırıldaqlara və özbaşınalıqlara yol açan rayonlar barədə məlumatlar dəqiqləşdirilir. Gözlənilir ki, həmin məlumatlar təsdiqlənərsə, bəzi icra hakimiyyətləri başçıları barədə sərt cəza tədbirləri görüləcək.

Aydın Ələkbərli