Azərbaycanda vətəndaş cəmiyyəti ayaq üstə dura bilib, hətta
QHT-lər hadisələrə bir başa təsir etmə imkanlarına sahibləniblər

Bu gün Azərbaycan istər vətəndaş cəmiyyətinin formalaşması, istərsə də dövlət quruculuğu istiqamətində ardıcıl siyasətini davam etdirməkdədir. Düzdür, bu gün dünyada baş verən bir sıra proseslər, o cümlədən qlobal böhran əksər ölkələrin vətəndaş cəmiyyətlərini çıxılmaz duruma saldı və demək olar ki, illər boyu qurulan mexanizm alt-üst oldu.
Amma Azərbaycan hakimiyyətinin vaxtında gördüyü işlər Azərbaycanda vətəndaş cəmiyyətinin ayaq üstdə durmasına müsbət təsirini göstərdi. Belə ki, hələ illər öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Fondu yaradıldı və bu yolla vətəndaş cəmiyyətinin inkişafına nail olundu. Bu gün dünyada qlobal böhran baş versə də , xarici donorlar qrand layihələrini dayandırsalar da Azərbaycanda vətəndaş cəmiyyəti elə dövlətin himayəsi ilə fəaliyyətlərini davam etdirirlər və kifayət qədər ciddi nəticələr əldə olunub. Elə hazırda keçirlməsi nəzərdə tutulan parlament seçkilərində vətəndaş cəmiyyətinin iştirakçıları da aktiv iştirak edirlər və bu da sübut edir ki, nəinki Azərbaycanda vətəndaş cəmiyyəti ayaq üstə dura bilib, hətta hadisələrə bir başa təsir etmə imkanlarına sahibləniblər. Bu isə bir daha onu nümayiş etdirir ki, bir sıra qüvvələrin Azərbaycanda QHT-lərin sıxışdırılması ilə bağlı dedikləri cəfəngdir və bunu Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov da bəyan etdi: "Milli QHT Forumu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir. Bildiyiniz kimi, QHT-lərin əsas rolu vətəndaş cəmiyyətinin fəaliyyətini konsolidasiya etməkdən, eləcə də korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verməkdən ibarətdir. Əfsuslar olsun, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar. Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzim edən qanunvericilikdə çoxlu boşluqlar var idi. Bunlar da öz növbəsində, bəzi QHT-lər tərəfindən yuxarıda sadaladığım qanun pozuntularının törədilməsi üçün münbit şərait yaradırdı. Bunları nəzərə alaraq, bu yaxınlarda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edildi və bunun da əsas məqsədi QHT-lərin fəaliyyətində şəffaflığın tam təmin olunmasından ibarətdir. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur və QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi ideyası elə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün ideyası ilə də üst-üstə düşür". Bunu da qeyd edək ki, hadisələr nə qədər mürəkkəbləşsə də prezident dövlət quruculuğu prosesini davam etdirir və cəmiyyətin hər bir təbəqəsinin inkişafına bir başa təsirini göstərir. Elə prezidentin keçirdiyi son müşavirə də bunu sübut etdi. "Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Dünya ölkələrini saran iqtisadi böhran ABŞ və Avropa Birliyi, Yaponiya və Avstraliyadan tutmuş, Polineziyadakı kiçik ada dövlətlərədək sirayət edib. Sabit dönər valyutaların kurs ləngərləri, enerjidaşıyıcılarının ucuzlaşması, Yaxın Şərq və Şimali Afrikanın faktiki olaraq xaos bölgələrinə çevrilməsi, İŞİD başda olmaqla müxtəlif terror təşkilatlarının sivil dünya üçün real təhdidə çevrilmələri, ən nəhayət Suriya, İraq və Yəməndəki olaylara müdaxilə edən dövlətlərin sayının artması onsuz da gərgin qlobal situasiyanı daha da ağırlaşdırıb.
Postsovet məkanındakı durum da ürəkaçan deyil. Ukraynadan başlayaraq Qırğızıstanadək uzanan geosiyasi qeyri-stabillik zolağında Qərbin sərt sanksiyalar tətbiq etdiyi Rusiya da var.
Belə şəraitdə Azərbaycan iqtisadiyyatının kənar zərbələrdən yan keçməsi mümkün deyildi və olmadı da.
"Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb.
Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir". Bunu dövlət başçısı dedi.
Dövlət başçısının dediyinə görə, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər".
Beləliklə aydın olur ki, dünyada baş verən qlobal böhran, lokal münaqişələr Azərbaycana təsir edə bilmir və Azərbaycan tutduğu yolu ardıcıllıqla davam etdirir. Bunun isə başlıca səbəbi budur ki, Azərbaycanda dayanaqlı vətəndaş cəmiyyəti artıq var və dövlət quruculuğu uğurla davam etdirir. Düzdür zaman-zaman bəzi qüvvələr bu sabitliyi pozmağa cəhd edirlər və Azərbaycana qarşı təxribat xarakterli addımlar atırlar. Amma bu qüvvələr heç bir şəkildə ölkədəki vətəndaş cəmiyyətini təsir dairəsinə sala bilmirlər və əksinə lazımi anda bu qüvvələri qarşılarında da görürlər. Bütün bunlar isə Azərbaycanın qüdrətinə işarədir.