Elməddin Behbud: " Belə QHT-lər Şuraya müsabiqədə iştirak etmək üçün iki il müraciət edə bilmirlər"

QHT-lərin yaranmasının, fəaliyyətinin qayəsi ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhvə vermək olsa da, günü bu gün də qrant xətrinə QHT yaradanlar az deyil. Məqsədi qrant almaq olan QHT-lərin cəmiyyət üçün faydalı bir iş görə bilməyəcəyi də bəllidir. Bununla belə QHT-lər qeydiyyatdan keçərkən onların hansı amal üçün yaradıldığını saf-çürük etmək mümkün olmadığından, vətəndaş cəmiyyəti institutlarının vətəndaş cəmiyyətinin inkişafı baxımından nə dərəcədə effektli iş görəcəyini də bəri başdan müəyyənləşdirmək mümkün olmur.
Odur ki, çarə qalır QHT-lərin fəaliyyət dönəmində gördükləri işə, həyata keçirdikləri layihələrə nəzər salmağa. QHT-lərin çoxu informasiya texnologiyalarının imkanlarından istifadə edərək gördükləri işi ictimaiyyətə çatdıra bilsələr də, bu heç də həmin QHT-lərin layihələrinin səmərəli olduğundan xəbər verə bilməz. Çünki bu gün görüntü xatirinə dəyirmi masa təşkil edib tədbir düzənləyən, regionlarda, fiziki məhdudiyyətli insanlar arasında şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşmaqla işini görmüş hesab edən QHT-lər də az deyil. Onların çoxunun layihəsini incələsək nə əlillərin problemlərinin, nə də ki, digər aktual məsələlərin həllinə zərrə qədər töhvə vermədiyi üzə çıxacaq. Bu gün görüntü xətrinə tədbir düzənləyən QHT-lərin də sayı az deyil. Hansı ki, onların düzənlədiyi tədbirlərdə nə diskusiya aparılır, nə də ki, hər hansı problemin həlli ilə bağlı təkliflər verilir. "Unikal" qəzeti bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alan QHT-lərin həyata keçirdikləri layihələrin səmərəliliyini incələyib. Şura maliyyə ayırdığı QHT-lərin həyata keçirdiyi layihələrə hansı formada nəzarət edir? Bu suallara Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud cavab verib. E. Behbud Şuradan maliyyə yardımı almaq üçün müsabiqənin keçirilmə qaydalarından, keçirilən müsabiqələrdə qalib gələn QHT-lərin layihələrinə nəzarət mexanizmindən söhbət açıb. E. Behbudun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə maliyyə yardımı müsabiqəsinin qaydaları var: "Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında təsbit olunmuş prioritet istiqamətlər üzrə qeyri-hökumət təşkilatlarının layihə və proqramlarına maliyyə yardımını təmin etmək məqsədilə hazırlanıb. Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə maliyyə yardımı ayırması məqsədilə keçirdiyi müsabiqələrin təşkilini nizamlayır. Müsabiqə Şuranın katibliyi tərəfindən həyata keçirilir".
E. Behbudun sözlərinə görə, Şuranın katibliyi Şuranın müvafiq qərarlarına uyğun olaraq, müsabiqələrin təşkilinə aid tədbirlər planı hazırlayır və onu həyata keçirir, layihələrin təqdim olunma formalarını, müddətlərini və təqdim edilməsi zəruri olan digər sənədlərin siyahısını hazırlayır və Şuranın müzakirəsinə təqdim edir. Bundan əlavə QHT-lərdən layihə təkliflərinin toplanmasını həyata keçirir. Təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi üçün yaradılmış ekspertlər qrupunun işini əlaqələndirir. Ekspertlərin yüksək balla qiymətləndirdiyi layihələri təqdim etmiş təşkilatlara səfər edir və təşkilatın potensialını qiymətləndirir. Layihə təkliflərinin qiymətləndirilməsi barədə ekspertlərin rəylərini yekunlaşdırır və Şuranın müzakirəsinə təqdim edir. Şuranın qərarına uyğun olaraq, layihə təklifləri məqbul hesab edilmiş QHT nümayəndələri ilə şifahi müsahibə aparır. Seçilmiş layihələrin maliyyələşməsi məqsədilə Şuranın qəbul etdiyi qərarları icra edir. Müsabiqə qalibi olmuş QHT-lər üçün təlimlər və məsləhət saatları təşkil edir, həmçinin onlara metodiki yardımlar göstərir.Müsabiqədə qalib gəlmiş QHT-lərlə müvafiq qaydada müqavilə bağlayır. Müsabiqə tələblərinə və bu qaydalara cavab verməyən layihələr barədə müvafiq QHT-lərə 1 ay müddətində məlumat verir.Müsabiqədə qalib gəlmiş layihələr barədə mətbuat vasitəsilə ölkə ictimaiyyətini məlumatlandırır. Bu məlumatlar, həmçinin Şuranın internet səhifəsində yerləşdirilir. Şura tərəfindən maliyyələşdirilən layihələri monitorinq edir,layihə həyata keçirən QHT-lərdən hesabatları qəbul edir".
E. Behbudun sözlərinə görə, müsabiqələrin prioritet istiqamətləri Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında müəyyənləşdirilib. Müsabiqənin müddəti (başlanması və bitmə tarixləri) Şura tərəfindən müəyyənləşdirilir.Layihə təkliflərinin toplanması üçün 1 ayadək vaxt müəyyən edilir. Layihə təklifləri 1 ay müddətində Şura tərəfindən qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə ictimaiyyətə məlumat verilir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş qeyri-hökumət təşkilatları iştirak edir. İl ərzində keçirilən hər bir müsabiqəyə bir təşkilat yalnız bir layihə təqdim edə bilər. Layihə təklifləri müsabiqələrin şərtlərinə və qaydalarına uyğun olmalıdı. Şərtlərə görə, müsabiqədə iştirak edən QHT-nin müraciət etdiyi mövzu üzrə müəyyən təcrübəsi və mütəxəssis potensialının olması üstün cəhət kimi qiymətləndirilir. Şuranın elan etdiyi maliyyə yardımı müsabiqələrində hər bir QHT-nin maliyyə ili ərzində əsasən bir layihəsi maliyyələşə bilər. Müsabiqədə QHT-lərin regional, rayon filial və şöbələri mərkəzi təşkilatın yazılı razılığı olmadan iştirak edə bilməz.
Həmsöhbətimiz deyir ki, müsabiqədə qalib gəlmiş QHT-lərlə müvafiq qaydada müqavilə bağlandıqda, şərtlər, layihənin icrası ilə bağlı tövsiyələr də həmin hüquqi müqavilədə öz əksini tapır: "Əgər layihə uzun müddətlidirsə, QHT-lər lahiyənin gedişatı barədə Şuraya iki dəfə hesabat təqdim edirlər. Onların layihə ilə bağlı keçirdikləri tədbirlərin formal olmadığına nəzarət etmək üçün Şuranın ekspertləri də tədbirlərdə iştirak edirlər".
E. Behbudun sözlərinə görə, layihənin keçirilməsi üçün ayrılan maliyyə QHT-lərin hesabına köçürülsə də, hesabdan həmin pulun hamısının çıxarılmasına icazə verilmir: "QHT-lər həmin vəsaiti aylar üzrə layihənin icrasına çəkiləcək xərcə uyğun çıxarda bilirlər. İlk olaraq 70 faiz maliyyə onların hesabına köçürülsə də, 30 faiz sonda, layihə bitərkən hesaba yatırılır. Biz ümumiyyətlə maliyyələşdirdiyimiz layihələrin icra prosesini özbaşına buraxmırıq. Müsabiqədə qalib gələrək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alan QHT-lərin həyata keçirdikləri layihələrə nəzarət olunur".
E.Behbud deyir ki, əgər hər hansısa QHT Şuradan maliyyə yardımı alıb vəsaiti doğru-dürüst xərcləmirsə, layihəni başdan sovdu icra edirsə, o QHT iki il Şuranın elan etdiyi müsabiqələrə layihə üçün müraciət etmək hüququndan məhrum olunur: "Ona görə də, Şuraya maliyyə yardımı üçün layihə təqdim edən,müsabiqədə qalib olan QHT-lər bilməlidirlər ki, onlar həmin layihənin icrasına məsuliyyət daşıyırlar. Layihə başdan sovdu icra edilə bilməz. Ayrılan maliyyə necə gəldi xərclənə bilməz. QHT-lər bilməlidirlər ki, Şura onlardan hesabatları məhz bu məqsədlə tələb edir. Həmin hesabatlarda QHT-lərin aldıqları məbləği necə sərf etdikləri incələnir".
E. Behbudun sözlərinə görə, Şuranın əməkdaşlarının sayı elə çox olmasa da, imkan daxilində maliyyə ayrılan QHT-lərin tədbirlərində iştirak edirlər: "QHT-lərin tədbirlərinə də nəzarət olunur ki, layihə səmərəli olsun. QHT-lər anlayırlar ki, Şuradan ayrılan maliyyə hər hansı layihənin sözün əsl mənasında icrası üçündür. Çünki, Şura daha çox Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və sair kimi, Azərbaycan dövləti üçün əhəmiyyətli məsələlər üçün müsabiqə elan edir. Bu müsabiqələrdən sonra maliyyə yardımı alan QHT-lər sözün əsl mənasında iş görməlidirlər".