Terrorun hədəfi nədən Azərbaycandır?
Terrorun hədəfi nədən Azərbaycandır?

Keçirilən əməliyyatlar problemi kökündən həll etdi

Dünya mediasının indi də diqqət mərkəzində duran məsələ Azərbaycanda "Eurovision" zamanı terror aksiyalarının qarşısının alınmasına yönəlib.

Məlum olduğu kimi? müsabiqə öncəsi Milli Təhlükəsizlik Nazirliyi ard-arda bir neçə ciddi əməliyyat həyata keçirərək onlarla terrorçunu sıradan çıxartdı. Amma bu qrupların nələr etmək istədiyi ilə bağlı heç bir bilgi verilməmişdi.
Amma sonradan aydın oldu ki, terror qruplaşmasının əsas məqsədlərindən biri "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakıda terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olub. MTN yarışma ərəfəsində Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında narahatlıq və vahimə yaratmamaq üçün transmilli cinayətkar silahlı birləşmənin qəddar planları barədə həmin dövrdə ətraflı məlumat verməyib.
Bu da aydın oldu ki, silahlı dəstə bu ilin aprel ayının əvvəlində ölkənin şimal-qərb bölgəsinə planlaşdırılan səfər zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməli, habelə eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməli, bu strukturların əməkdaşlarını öldürməli və inzibati binalarda olan silah-sursatı ələ keçirməli, əhali arasında müqəddəs sayılan yerləri partlatmalı idi.
Bu gün isə iddia olunur ki, Azərbaycan tərəfi terrorla bağlı açıqlamanı zamanında verməli idi. Amma əksər mütəxəssislər hesab edirlər ki, atılan bu addım doğru olub və hər hansı iraddan danışmaq olmaz. Bildirilir ki, terror qruplaşmaları daima əlaqəli fəaliyyətdə olurlar və ən xırda informasiya sızıntısı belə ciddi fəsadlar yarada bilər.
Rəsmi bilgiləri araşdıran zaman həm də aydın olur ki, bu qruplaşmalar heç də həvəskar səviyyəsində olmayıb və bu prosesdə əl-Kaidə izləri də açıq şəkildə görünür. Bu isə o deməkdir ki, terror aksiyasının arxasında real güclər olub.
Çox maraqlıdır ki, MTN-in əməliyyatı gizli saxlaması müsabiqə təşkilatçıları tərəfindən müsbət qarşılanıb.
"Azərbaycan hüquq-mühafizə orqanlarının "Baku Crystal Hall" ərazisində və digər yerlərdə artıq qarşısı alınmış terror aktlarını ictimaiyyətindən gizlətmək haqqı var".
Bunu "Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker deyib.
S. Bakker bildirib ki, Azərbaycanın belə məlumatları final şousunun sonuna qədər gizli saxlamağa tam hüququ var: "Avropa Yayımları Birliyinə bu həbslər barədə məlumat verilməyib. Belə böyük tədbirlər həmişə təhlükə yaradır, lakin biz Bakıda uğurlu və tam təhlükəsiz "Eurovision" şousunun şahid olduq".
Maraqlıdır, bəs bundan sonra terror qruplaşması intiqam xarakterli addımlar ata bilərmi?
Ekspertlərin fikrincə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirtdiyi son əməliyyatlar əslində kifayət qədər peşəkar hazırlanmışdı və demək olar ki, bu problem kökündən həll edildi.
Buna görə də bildirilir ki, çətin ki gələcəkdə hansısa terror qruplaşması Azərbaycana kənardan gələ bilə.
Qeyd olunur ki, əsasən bu təhlükəni Rusiya, İran və Ermənistan ərazisindən gözləmək lazımdır. Məhz zərərsizləşdirilən qruplar da Dağıstandan gəlmişdi.
Bəs hansı səbəbdən hədəf olaraq Azərbaycan seçilib?
Ekspertlər bildirirlər ki, bu məsələnin bir neçə mühüm səbəbləri ola bilər. Bunlardan birincisi regionda gərginliyin artmasını istəyən qüvvələrdir. Bu baxımdan İranın rolunu xüsusi qeyd etmək lazımdır. Bildirilir ki, müasir zamanda terror qruplaşmaları artıq hansısa ideologiya ilə fəaliyyət göstərmir. Öncələr ideoloji baxışlarla formalaşan qruplaşmalar bu ideyaya qüsurlu baxan dövlətlərə qarşı savaş açırdılarsa, indi artıq məsələnin kökündə pul dayanır. İstənilən qruplaşmanı maliyyə ilə təmin etməklə ondan istifadə etmək mümkündür.
Buna görə də son zərərsizləşdirilən qrupun da ciddi sifarişçisinin olduğu söylənilir.
Həmçinin bu da aydın olur ki, terror qrupları əməliyyatlarını müsabiqə zamanı həyata keçirtmək istəyiblər ki, bu da əcnəbilərlə bağlı olub. Başqa maraqlı bir detal isə müsabiqənin məhz Azərbaycanda keçirilməsi ilə bağlıdır. Bu müsabiqə əslində Avropa dəyərlərini təbliğ edən bir müsabiqədir və ilk dəfədir ki, artıq bu müsabiqə Azərbaycan vasitəsilə Şərq dünyasının tam mərkəzinə gəlib çıxdı.
Bu isə, sözsüz ki, müəyyən qüvvələri razı sala bilməzdi.

Toğrul Əliyev