Rəsul Quliyev "Naxçıvan klanı"nı dirçəldir
Rəsul Quliyev "Naxçıvan klanı"nı dirçəldir

Sabiq spiker Sülhəddin Əkbərdən sonra, İbrahim İbrahimli ilə də danışıqlar aparıb

Yenidən aktiv siyasətə qayıdan sabiq spiker Rəsul Quliyevin bu yaxınlarda Norveçdə keçirdiyi görüşdən sonra durum bir qədər fərqli şəkil alıb. Osloda Fuad Əliyev və Sülhəddin Əkbərlə görüşərək, anlaşma əldə edən keçmiş spiker atdığı bir addımla özü haqqında yeni fikirlərin meydana çıxmasına səbəb olub.
Qeyd edək ki, Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasına (ACP) Sülhəddin Əkbəri sədr gətirməsi yeni siyasi addımların atılmasından xəbər verir. Müşahidəçilərin fikrincə, Müsavat Partiyasından istefa verdikdən sonra özünə təşkilat yaradan Sülhəddin Əkbərin Rəsul Quliyevlə anlaşması heç də sıradan bir hadisə deyil. Onlar hesab edirlər ki, hər iki şəxsin eyni regiondan olması bir çox mətləblərdən xəbər verir. Ekspertlərin qənaətinə görə, hal hazırda istər hakimiyyətdə, istərsə də müxalifətdə əslən Naxçıvandan olan siyasət adamlarının durumu heç də yaxşı deyil. Belə ki, bu "klan"ın üzvləri vaxtaşırı işdən çıxarılır və ya siyasi arenadan çəkilməyə başlayırlar.
Rəsul Quliyevin indiki məqamda siyasət meydanına təşrif buyurmasından sonra həmin kadrları başına yığması isə onu deməyə əsas verir ki, sabiq spiker "Naxçıvan klanı"nı yenidən gücləndirmək fikrindədir. Hətta belə bir məlumat da var ki, sabiq spiker təkcə Sülhəddin Əkbərlə deyil, digərləri ilə də anlaşaraq, onları öz ətrafına yığmağa çalışır. Bunun üçün onun ciddi şəkildə danışıqlar apardığına dair də məlumatlar mövcuddur.
Bildirək ki, hal hazırda müxalifət düşərgəsində və hakimiyyətdən ayrılmış naxçıvanlıların sayı heç də az deyil. Rəsul Quliyevin hədəflədiyi qüvvələr sırasında Müsavatdan istefa vermiş İbrahim İbrahimli ola bilər. Bu barədə dəqiq məlumatlar olmasa da, çatan xəbərlərdə qeyd olunur ki, İbrahimli ilə Quliyev arasında müəyyən danışıqlar olub. Lakin tərəflər arasında tutarlı bir anlaşma əldə olunmayıb.
Sabiq spikerin digərlərinə də üz tutacağına dair məlumatlar var ki, hələlik həmin şəxslərin kimlikləri dəqiqləşməyib. Bəzi məlumatlara görə, hakimiyyətdən "vurulmuş" kadrların açıq olmasa da, gizli şəkildə Rəsul Quliyevə dəstək verəcəyi gözlənilir. Bu dəstək nəticə etibarı ilə onun güclənməsini şərtləndirə bilər ki, bu da indiki məqamda hakimiyyət üçün uğurlu variant hesab olunmur.
Bu əsnada onu da bildirək ki, Rəsul Quliyevin Sülhəddin Əkbəri partiyasına sədr gətirməsi və digər həmyerliləri ilə anlaşmağa başlaması siyasət dairəsində birmənalı qarşılanmayıb. Bu barədə verilən məlumatlarda vurğulanır ki, düşərgənin digər nümayəndələri keçmiş spikeri regionçuluqda və klançılıqda ittiham edirlər. Onlar indiki məqamda əslən Naxçıvandan olan siyasətçilərin bir partiyada cəmləşdirilməsini cəmiyyət üçün təhlükəli tendensiyalara yol aça biləcəyini və regionçuluğun daha da təşəkkül tapmasına yardımçı olacağını qeyd edirlər. Həmçinin deyirlər ki, Rəsul Quliyevin hərəkəti nəticə etibarı ilə müxalifətin zəifləməsinə və parçalanmasına da şərait yarada bilər.
Nəzərinizə çatdıraq ki, sabiq spikerin aktiv siyasətə qoşulması və başına dəstə yığmaq üçün hazırlıqlara başlaması gözlənilən idi. Hələ ilk günlərdən məlum idi ki, onun əsas hədəfi regionçuluq əsasında yeni bir siyasi təşkilat qurmaqdır. Artıq proses başlayıb və bunun hara qədər gedəcəyini demək bir qədər çətindir. Yalnız onu vurğulamaq olar ki, Rəsul Quliyevin aktivliyi daha çox gələn ildən diqqəti çəkəcək. Həmin müddətə qədər isə həmyerlilərini öz ətrafına yığmaq üçün ciddi cəhdlərə baş vuracaq.
Namiq Əlibəyli