İsmət Abbasovun "kooperativləşmə şousu"
İsmət Abbasovun
"kooperativləşmə şousu"
Doğrudanmı, Azərbaycan iri fermer
təsərrüfatlarının yaradılmasını genişləndirir?

Rəsmi məlumatlara görə, Azərbaycan iri fermer təsərrüfatlarının yaradılmasını genişləndirir. Bu istiqamətdə ilkin mərhələ kimi artıq ərazilər də müəyyənləşdirilib.
Kənd təsərrüfatı naziri İsmət Abbasov bir müddət əvvəl bildirib ki, iri fermer təsərrüfatların yaradılması əsas məsələ olduğu kimi digər tərəfdən də pay torpaqlarının birləşdirilərək iri təsərrüfatların yaradılması nazirliyin məşğul olduğu əsas işdir.
Ölkədə iri fermer təsərrüfatlarının yaradılması üçün respublika üzrə artıq iki ərazi müəyyənləşdirilib. Bu barədə danışarkən nazir İsmət Abbasov bildirmişdi ki, Beyləqan və Ağcabədi rayonlarında 4 800 hektar ərazi qışlaqlar üçün müəyyənləşdirilib: "Orada artıq lazımi işlər həyata keçirilir və yaxın vaxtlarda burada meliorativ işlərə başlanacaq. Düşünürəm ki, ilkin pilot təsərrüfat öz müsbət nəticəsini verdikdən sonra, digər sahələrdə də iri fermer təsərrüfatları yaradılacaq".
Ekspertlər də hesab edir ki, kooperasiyaların yaradılması çox vacib məsələdir. Nazir isə bildirib ki, ölkədə kənd təsərrüfatında kooperativləşməni stimullaşdırmaq üçün gələcəkdə güzəştlər də tətbiq edilə bilər: "Kiçik həcmli torpaqlardan məhsul istehsal edərkən məhsuldarlıq baha başa gəlir ki, bu da əlverişli sayıla bilməz. Artıq bu istiqamətdə hazırlanan kooperasiya haqqında qanun layihəsi Milli Məclisin ikinci oxunuşundan bu günlərdə keçəcək və qanun layihəsi qəbul edildikdən sonra bu sahəyə diqqət daha da artırılmalıdır. Hesab edirəm ki, insanları maraqlandırmaq üçün gələcəkdə kooperativləşmədə subsidiyaları da, müəyyən güzəştlər də tətbiq etmək olar".
İsmət Abbasov cari ildə taxıl biçini ilə bağlı texnika üzrə problem yaşanmayacağına hamını əmin edib: "İlk olaraq deyim ki, texnika çatışmazlığı ilə bağlı bizdə problem yoxdur. Bizim bu gün taxıl biçini üçün artıq ölkəmizdə 2600-dən çox kombayn mövcuddur. 1029-1030 kombaynlarıdır. Bu gün onlar işlək vəziyyətdə gözləyirlər ki, biçinə başlasınlar. Tam məsuliyyətlə deyirəm ki, burada heç bir problem olmayacaq".
Başqa bir rəsmi iddiaya görə isə hazırda Azərbaycan istehsal etdiyi meyvə-tərəvəz və bostan məhsulları ilə özünü tam təmin edə bilir. Eyni zamanda, bu məhsullar ixrac olunur. Kənd təsərrüfatı naziri isə bildirib ki, yeni istixanaların tikilməsi ixracatın daha da artmasına imkan verəcək. Nazir deyib ki, artıq kənd təsərrüfatı sahəsində elə bir zaman yaranıb ki, ölkə intensiv metodlarla kənd təsərrüfatının istehsalı ilə yanaşı ixracatı da kifayət qədər artırmağa nail olmalıdır.
Adının çəkilməsini istəməyən müstəqil iqtisadçı ekspertlərdən biri isə nazirin açıqlamalarını populizm sayır. Onun sözlərinə görə, Azərbaycanın özünü meyvə-tərəvəz məhsulları ilə təchizetdiyinə dair söylənənlər mifdir: "Əgər belədirsə, o zaman xaricdən meyvə-tərəvəz idxalında niyə azalma müşahidə olunmur? Əgər azalma yoxdursa, bu, o deməkdir ki, belə fikirlər reallıqla səsləşmir".
İri fermer təsərrüfatlarının yaradılmasının genişləndirilməsinə gəlincə, ekspert bunu da doğru saymır: "İnhisarçılığın genişləndiyi bir ölkədə iri fermer təsərrüfatlarının genişləndirilməsindən danışmaq gülməlidir. Olixarxlar buna imkan verməzlər. Monopolistlərin at oynatdığı bir dönəmdə yalnız onlara bağlı iri fermer təsərrüfatlarının sayının artmasından danışmaq olar ki, bunun da ölkənin aqrar sektorunun dirçəlməsinə real müsbət təsiri olacağını düşünmək sadəlöhvlükdür".
Sənan Mirzə