“Şahdəniz” qazının Avropaya nəqli marşrutu gələn il seçiləcək
“Şahdəniz” qazının Avropaya nəqli marşrutu gələn il seçiləcək

Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin II mərhələsi (“Şahdəniz Mərhələ 2”) çərçivəsində çıxarılacaq qazın Avropaya nəqli ilə bağlı marşrutun son seçimi 2013-cü ildə ediləcək.

Bu barədə “Şahdəniz” layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir: İtaliya marşrutu olan Trans-Adriatik Boru Kəməri (TAP), Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq “Nabucco West” və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa Boru kəməri (SEEP): “Şahdəniz” konsorsiumu marşrutun son seçimini 2013-cü ildə edəcək”.
Bununla yanaşı qeyd olunur ki, “Şahdəniz Mərhələ 2” və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Dünyada ən böyük qaz işlənməsi layihələrindən biri olan bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Hesablamalara görə, 25 mlrd. dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir.
Sahildən təxminən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 km uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. “Şahdəniz” qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri tikilməli və genişləndirilməlidir.
“2012-ci ilin aprel ayında “Şahdəniz” konsorsiumu “Şahdəniz Mərhələ 2” layihəsinin ilkin mühəndis-layihələndirmə işlərinə (İMLİ) başlamaq barədə qərar qəbul edib. Bu, konsorsiuma ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir”, - deyə məlumatda bildirilir.
Şirkətdən qeyd edirlər ki, ilkin mühəndis-layihələndirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olduğunu bildirir: “Bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri bağlanacaq. Bu mərhələdə həmçinin “Şahdəniz” konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq”.