"Azərbaycanın ATV telekanalı bizim "Revizor və "Revizorro verilişlərinin plagiatı ilə məşğuldur. Bizə bu barədə məlumat çatan kimi bu kanalın "Yoxlama adı altında gedən həmin verilişlərinə YouTube-da baxdıq. Bu, əsil plagiatdı. Azərbaycan telekanalı müəllif hüquqlarını kobud şəkildə pozub.

Rusiya KİV-nin məlumatına görə, bu sözləri Ukraynanın "Novıy kanal teleşirkətinin hüquq departamentinin rəhbəri Katerina Moroz bildirib. Xanım Morozun dediyinə görə, Azad Azərbaycan telekanalı onların verilişini "bütünlüklə sanki köçürüb.
O, ATV-nin bu hərəkətini "abırsızlıq adlandırıb.
Katerina Moroz onu da əlavə edib ki, "Novıy kanal ATV-nin kompensasiya ödəməsi və verilişin yayımının dayandırılması tələbilə çıxış edəcək.
"Revizor verilişinin layihə rəhbəri Viktoriya Burdukova isə bildirib ki, onlara "Yoxlama verilişinin mənfi reputasiyalı bir veriliş olması barədə də xəbərlər çatıb: "Görünür, Azərbaycan telekanalında başa düşmürlər ki, başqasının intellektual mülkiyyətini oğurlamaq olmaz. İstifadə etmək istəyirsənsə, buyur, məbləğ ödə, lisenziya al. Biz onlara göstərəcəyik.
Məsələylə bağlı ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə də əlaqə saxladıq. Vaqif bəy bildirdi ki, bu məsələ ilə bağlı açıqlama veriləcək. 
(Lent.az)