Hacı İbrahimlə qardaşının arasının olmamağı təsdiqləndi
Hacı İbrahimlə qardaşının
arasının olmamağı təsdiqləndi
İş adamı ATV-nin komitə sədri Nazim İbrahimovdan alındığının da dolayısı ilə həqiqət olduğunu bildirib

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XYİDK) rəhbəri Nazim İbrahimovla qardaşı, məşhur iş adamı Hacı İbrahim İbrahimovla aralarında münasibətlərin korlandığına dair bir müddət əvvəl məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Hacı İbrahimlə qardaşının münasibətlərinin korlanması həm biznes, həm də siyasi məsələrlə bağlı olub.
Məlumatda vurğulanırdı ki, Nazim İbrahimov qardaşından diaspora məsələləri və digər işlər üçün maliyyə yardımları göstərməsini istəyibmiş. Hətta o da konflikt üçün bəhanə olub ki, Hacı İbrahim İbrahimovun artıq özü də bilmədən siyasətə qarışdığı barədə xəbərdarlıq edilib. Vəziyyəti belə görən iş adamı da komitə rəhbəri olan qardaşına xəbərdarlıq edib ki, qətiyyən onun işlərinə qarışmasın. Nəticədə, tərəflər arasında mübahisənin yarandığı bildirilir. Və hazırda qardaşların bir-biri ilə danışmadığı deyilir.
Bu hadisənin üzərindən bir müddət keçəndən sonra "Yeni Müsavat" qəzetinə açıqlama verən Hacı İbrahim "Unikal"ın yazdıqlarını təsdiqləyib. O dolayısı ilə təsdiqləyib ki, həqiqətən də qardaşı ilə arasında münasibətləri pisdir. "Deyir od yanmasa, tüstü çıxmaz. Mən öz şəhərimi tikirəm. Bu işlərin mənim işlərimə təsiri ola bilməz. Öz layihəmi yerinə yetirirəm. Bu dəqiqə də işimin başındayam, oturmuşam burda. İşlərimiz də yüksək səviyyədə gedir. Hər tərəfdən də dəstək var. Hər şey normaldır, çox şükür".
O həmçinin ATV məsələsi ilə bağlı verdiyi açıqlamasında da bu məsələyə toxunub. Hacı İbrahim deyib ki, telekanala rəhbər təyin olunan Vüqar Qaradağlı ilə qohum deyillər. "Onun bizə qohumluğu yoxdur. Amma hardasa uzaqdan görmüşəm. Bizdən siyasətdə Nazimdir, amma o, mənim işlərimə qarışa bilməz. Mən heç o televiziyada şəhərim haqqında reklam belə vermirdim ki, deyərlər qardaşlarını reklam etdirir. Ancaq mən bundan sonra yeni şəhərin bütün reklamlarını ATV-yə verəcəyəm".
Əslində, Hacı İbrahim bu açıqlaması ilə digər bir məsələnin də üzərinə aydınlıq gətirib. O təsdiqləyib ki, həqiqətən də ATV qardaşı Nazim İbrahimovun əlindən alınıb. Əks təqdirdə, "Mən ora reklam belə vermirdim ki, deyərlər qardaşlarını reklam etdirir. Ancaq mən bundan sonra yeni şəhərin bütün reklamlarını ATV-yə verəcəyəm" deməzdi. Bu sözün altında yatan başlıca məna ondan ibarətdir ki, artıq telekanal məsələsi barədə deyilənlər həqiqətdir. Eyni zamanda, o da həqiqətdir ki, Hacı İbrahimlə qardaşı Nazim İbrahimov arasında münasibətlər pisdir.

Namiq Əlibəyli