16 Sentyabr 2019
15 Sentyabr 2019
Çiyələyin Bakıya yolunu kimlər kəsir?
Çiyələyin Bakıya yolunu kimlər kəsir? İQTİSADİYYAT 13:53 2012-05-15

Çiyələyin Bakıya yolunu kimlər kəsir?
Çiyələyin Bakıya yolunu kimlər kəsir?

KTN təmsilçisi dövlət tədarükü şəbəkəsinin bərpasını vacib sayır

Bakıda çiyələyin kiloqramı 3 manata satıldığı halda regionlarda fermerlər yetişdirdiklər məhsula 50 qəpikdən belə alıcı tapa bilmirlər. Bu barədə Cəlilabadın Göytəpə qəsəbəsinin fermerləri məlumat veriblər.

Onların məlumatına görə, yetişdirilən çiyələyin qiymətinin aşağı düşməsində məhsulun bol olması ilə yanaşı, Nəqliyyat Nazirliyi tərəfindən yol kənarında meyvə-tərəvəz məhsullarının satışının qadağan edilməsi də rol oynayıb. "Əvvəlki illərdə Lənkərana, Bakıya, Gəncəyə, Tiflisə gedən əhali avtomobillərini saxlayaraq bizdən mal alırdı. Biz də 2,2 kiloqramlıq vedrələri 1-2,5 manatdan satardıq",- deyə kənd sakinləri bildirirlər.
Göytəpə sakinlərinin dediyinə görə, qəsəbə camaatının əsas dolanışığı çiyələkdən çıxır - qəsəbə sakinləri ailə başına 25 sotdan 1 hektara qədər çiyələk əkiblər və bunun üçün xeyli vəsait xərcləyiblər. "Mən bir hektar yer əkmişəm və 3,5 min manat şitilə, 1,5 min manat isə fəhləyə borcluyam. Həmin borcları indi ödəməliyik, amma məhsulu sata bilmirik ki, camaatın borcunu verək",- deyə Göytəpə məktəbində müəllim işləyən qəsəbə sakini bildirib.
Onun sözlərinə görə, qəsəbə sakinlərinin əksəriyyəti bu cür iri xərclərin altına girməsələr də, onlar üçün də çiyələyin vaxtında satılması önəmlidir: "Camaat yalnız öz həyətyanı sahəsində əkir və məqsədləri dükanlara olan borclarını ödəməkdir. Bütün qışı ərzağı dükanlardan borca götürüblər",- deyən göytəpəli müəllim problemi həll etmək üçün Nəqliyyat Nazirliyini yo kənarında meyvə-tərəvəz satışan icazə verməyə çağırır.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçilik İdarəsinin rəisi Sabir Vəliyev isə bu problemin bu cür inzibati üsullarla həllini normal saymır: "Yol qırağında meyvə-tərəvəz satmaq tıxaclar yaradaraq hərəkət sürətini aşağı salmaqla yanaşı, ekoloji baxımdan da təhlükəlidir. Çünki yolda avtomobillərin havaya atdığı bütün toksiki tullantılar meyvə-tərəvəzin üzərinə hopur".
KTN təmsilçisinin fikrincə, Azərbaycan yenidən dövlət-tədarük şəbəkəsinin bərpasına dönməlidir: "Biz 10 ildir ki, tədarük sisteminin bərpasının vacibliyini vurğulayırıq. Amma bizə deyirlər ki, bunu özəl sektor eləməlidir. Özəl sektor da eləmir. Deməli, dövlətin bu məsələyə qarışmasının vaxtı çatıb. Sadəcə, bizim dediklərimizi dövlət başçısına normal çatdırmırlar. Prezident bu məsəlyə qarışsa kənd təsərrüfatı mallarının Rusiya, Ukrayna və Belarusa da ixracı məsələsini həll etmək olar",- deyə Sabir Vəliyev bildirib.
Onun sözlərinə görə, dövlətin xətti ilə əkin-biçinin güclü olduğu rayonlarda bu cür dövlət tədarük məntəqələri yaratmaq olar. Bu məntəqələr, xüsusi soyuduculu maşınlarla məhsulları Bakıdakı dükan və mağazalara, bazarlara paylaya bilər. "Bu məntəqələrin ilkin mərhələdə dövlət tərəfindən təşkil edilməsi vacibdir. İş qaydaya düşdükdən sonra əvvəlcə qismən, sonra da tam özəlləşdirilə bilər",- deyə Sabir Vəliyev vurğulayır.
Bitkiçilik İdarəsinin rəisinin fikrincə, bu məntəqələrin yaradılması ölkədən kənara kənd təsərrüfatı mallarının ixracını da təşkil edə bilər: "Rusiya, Ukrayna və Belarusda meyvə-tərəvəz işinə əsasən azərbaycanlılar baxır, o, adamlarla əlaqə qurub, xarab olan malları soyuduculu vaqonlarla göndərmək mümkün mümkündür. Buna görə də tədarük məntəqələrini dəmir yolu stansiyalarının yanında qurmaq daha məsləhətdir", - deyə Sabir Vəliyev bildirir.
Qeyd edək ki, Rusiyaya ixrac məsələsi son illərdə Azərbaycanda ən kəskin problemlərdəndir. İş adamları Rusiya bazarına mal keçirə bilmirlər. Hər iki tərəfdən yaradılan maneələr nəticəsində 20 tonluq yük maşınından 10 min manata yaxın rüşvət tələb edilir. Vaxtiləsə belə problem yox idi və Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov bu məsələ ilə şəxsən məşğul idi. O, yazda və payızda 2 minə yaxın yük maşının yer aldığı kalonların gömrükdən və hətta polis müdaxilələrinin çox olduğu Dağıstandan sürətli keçidini təşkil edirdi.

Çingiz Rüstəmov