Respublikanın əməkdar artisti Elxan Qasımov: "Çalışmışam ki, Allahın mənə verdiyi ədəb-ərkanla "şofer Əhməd"in  camaatda yaratdığı xoş təəssürata xələl gətirməyim"
Respublikanın əməkdar artisti Elxan Qasımov: "Çalışmışam ki, Allahın mənə verdiyi ədəb-ərkanla "şofer Əhməd"in
camaatda yaratdığı xoş təəssürata xələl gətirməyim"

"Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra biz qocaman aktyorlar düşündük ki, "Vəssalam, Azərbaycan kinosu bununla da bitdi!"

Azərbaycan Respublikasının əməkdar artisti Elxan Məmməd oğlu Qasımov M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir. "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan aktyor və rejissor Elxan Qasımovla bu günki söhbətimiz onun həm bir kinoaktyor, həm də rejissor kimi yaradıclığı və müasir Azərbaycan kinosunun problemləri barədə olacaq.

- Elxan müəllim, Siz Azərbaycan tamaşaçısının yadında daha çox "Əhməd hardadır?" filmindəki şofer Əhmədin nurlu təbəssümü ilə yadda qalıbsınız. O illərdən bu illərə nələri gətirə bilibsiniz?
- Belə deyərdim: nə gətirmişəmsə, mənimdir, nələri gətirə bilməmişəmsə, artıq qalıb orada. Yəni bu, 50 illik bir dövrdür. O filmin çəkilişləri 1963-cü ildə olub. O dövr 50 ildir ki, elə mənimlə yanaşı addımlayır. Bu illərin hersabını Allah daha yaxşı bilir... Bilirsiniz, necədir? Dönüb arxaya baxanda çox sevinməsəm də, xəcalət çəkəçəyim yaşantılarım da olmayıb. Çünki mən bu xalqın tanıdığı və sevdiyi sənətkar olmuşam. Daha doğrusu, məni tanınmış ediblər. 18 yaşımdan. O film çəkiləndən sonra hər bir mahalda, hər bir rayonda, hətta hər bir kənddə "şofer Əhməd" deyibən mənə hörmət ediblər. Mən də çalışmışam ki, Allahın mənə verdiyi ədəb-ərkanla "şofer Əhməd"in camaatda yaratdığı xoş təəssürata xələl gətirməyim. Bunu təvazökarlıq kimi başa düşməyin. Təmasda olduğum insanların o "Əhməd"ə bəslədiyi sevgiyə layiq olmağa çalışmışam. Allah cəmi dünyasını dəyişənlərə rəhmət etsin, bu, rəhmətlik atamın mənə verdiyi tərbiyənin bəhrəsidir. Onun məndən narazılığı ancaq bu olardı ki, "Ay Elxan, sən niyə Füzulini dərindən bilmirsən?" Atam Füzulini dərindən bilirdi. Sevdiyi şairlər Cavid idi, Füzuli idi. O bizə bir az başqa cür istiqamət verib. Biz ailəlikcə hamımız "əməkdar"larıq. Qardaşım da, bacım da, hətta atam da əməkdar həkim idi. Mən isə əməkdar artistəm. Ailəmizdə mübahisələr həmişə kitab üstündə olardı. İndiyə qədər həmişə fəxarətlə xatırlayıram - ailələmizdə bədii mütaliə saatları keçirərdik. Viktor Hüqonun "Səfillər" romanını biz belə oxumuşuq.
- Sonralardan Azərbaycan tamaşaçısı Sizin o şirin təbəssümünüzü rejissor Kamil Rüstəmbəyovun çəkdiyi məşhur "Axırıncı aşırım" filmnində gördü... Vəli obrazında... Bu filmə gəlişiniz necə olub?
- Mən bir neçə filmlərdə çəkilmişəm. Onlarla rollar oynamışam. Bir neçə filmdə baş rolda çəkilmişəm. Filim ssenari müəllifi Fərman Kərimzadə həm qonşum, həm də dostum idi. Rejissor isə bəy nəslindən olan Kamil Rüstəmbəyov idi. Bu film 1971-ci ildə çəkilib. Mən o vaxt Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyirdim. Rəhmətlik Kamil müəllimin mənə ancaq bir tapşırığı oldu: "Bacardığın qədər şux bir bəy obrazı yarat. Heç vaxt əyilmə. Yeriyəndə dik yeri". Deyirdim "Ay Şamil müəllim, vallah psi çıxır ey, belə çox dik yeriyirəm". Allah ona rəhmət eləsin, deyirdi "Yox, qoy, bəy yaxşı görsənsin". Kamil Rüstəmbəyovun özü bəy nəslindən olduğu üçün bizə də belə bir bəy obrazı yaratdırmışdı. Filmdə ən gözəl epizodlardan biri də budur ki, Kərbalayı deyir: "Vəli, bir neçə nəfər götür, get Abasqulu bəyin meyidini gətir. Onu gədə-güdə basdırmasın". Mən deyirəm: "Kimi götürüm, Kərbalayı, hamı gedib, tək qalmışıq". Yəni indi biz də tək qalmışıq. Adil İsgəndərov kimi kişilər gedib bu dünyadan.
- Kino həyatının maraqlı macəraları çox olur, elə deyilmi?
- Kino həyatı maraqlı olmasaydı, mən burada 50 ilimi sərf etməzdim. Kino tərcümeyi-halımda dramatik məəqamlar çox olub. Facilər də olub, göz yaşalrı da, sevinclər də. Unutmayaq ki, mən böyük bir kollektivdə işləmişəm. Sovet dövründə kinostudiyanın 1300 nəfər işçisi olub. Hələ kənardan çəkilışə dəvət edilən aktyorları demirəm. İndin orada 63 işçi qalıb.
- Azərbaycan kinosunun indiki səviyyəsi Sizi qane edirmi?
-Bilirsiniz, nə təhərdir? İndiki vəziyyəti bəli. Elə bil ki, uzaqdan baxırsan ki, bir meşəni tamamilə doğrayıblar. Ağaclar qırılıb, kəsilib, doğranıb. Amma meşəyə yaxınlaşanda görürsən ki, bu yıxılı ağaclar pöhrə verməyə başlayıb və onda anlayırsan ki, yox, həyat və yaradıcılıq davam edir. Sözün düzü, Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra biz qocaman aktyorlar düşündük ki, "Vəssalam, Azərbaycan kinosu bununla da bitdi!" Belə düşünməyə əsasımız da var idi. Ötən əsərin 90-cı illərində "Azərbaycanfilm" kinostudiyası suyu sovulmuş dəyirmanı xatırladırdı. Filmlərin çəkilişi kəskin şəkildə azaldı, demək olar ki, heçə endi. Bu dövr kinomuzun tarixində ən dramatik dövr idi. "Macəralı" dövr idi... Amma, Allaha şükür, vəziyyət belə qalmdı. Kinomuza dövlət qayğısı artdı, yeni rejissorlar, yeni aktyorlar nəsli meydana çıxdı. Hazırda kinostudiyada gözəl filmlər çəkilir. Hələ ki Azərbaycan cəmiyyətinin bunlardan o qədər də xəbəri yoxdur, amma ümid edirəm ki, bir zamanlar bu problem də aradan qalxacaq. Mən Azərbaycan kinosunun "qızıl dövrü"nü görmüşəm. "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Nəsimi", "Tütək səsi" kimi filmlər həmin dövrdə çəkilib. Bundan sonra ki sovetlər dağıldı, kinostudiyada da asan həyat sürməyə alışmış insanlar var idi, onların sayəsində kinostudiya bərbad duruma düşmüşdü. Amma bir neçə dostlarımla bərabər üç il maaş almasaq da, elə-beləcə işə gəlib getdik. Kinostudiya belə insanların sayəsində dağılmadı və bu gün də yaşayır. Onlardan biri də mənəm. Və indi, Allah çox şükürlər olsun, kinostudiyada filmlər çəkilir və hətta cavan rejissorlarımız beynəlxalq festivallarda diplomlar da qazanırlar. Yavaş-yavaş kinoteatrlar da fəaliyyət başlasa, yəni porkat meydana çıxsa, Azərbaycan filmləri dünya miqyasında və Avropa ölkələrində öz layiqli yerini tutacaq. Oxucular, tamaşaçılar mənim dediklərimə inanmaya bilərlər, amma kinomuzun bu günü və gələcəyi var. Bir də baxırsan ki, bir dənə də olsun, Azərbaycan filminə baxmayan adam başlayır ki, "Bizim filmlərimiz niyə belə zəifdir?" Soruşuram ki, "Son zamanlar Azərbaycan filmlərindən hansına baxmısan?", durub üzümə baxır. İnanın mənə, yaxşı filmlərimiz çoxdur. Bir telekanalların birində canlı efirdə mənə sual verdilər ki, "Kinomuz indi niyə belə zəifləyib?" Dedim "Bu günki kinomuz sizin telekanaldan qat-qat güclüdür". Məndən incidilər. Mən bu iddiamdan heç vaxt geri çəkilməyəcəyəm ki, Azərbaycan kinosu Azərbaycan televiziyasından qat-qat yuxarıdır və bu xalqın mənəviyyatının keşiyində durub. Və təkcə televiziyadan deyil, bir çox sahələrdən üstün vəziyyətdədir. Potensial gücünə və dünya miqyasında qazandığı uğurlara görə. Hər halda Azərbaycan kinosu futbolumuz kimi dünyada 134-cü yeri tutmur, ilk yüzlüyün içindədir. Bu belədir, 150 ölkənin kinosu içində yüzdən bu yanadır.
- Mən Sizizn rejissor kimi çəkdiyiniz bir filmə baxışam - "Biz qayıdacağıq". Təsirli filmdir. Həm mövzusuna görə, həm də rejissor həllinə görə. Amma doğrudanmı, muğam zənguləsindəki ruh top atəşindəki ölüm sədasından zəifdir? Siz bir rejiossor kimi bu cürmü düşünürsünüz? Bu xalqa muğam zənguləsi daha böyük həqiqət aşılaya bilər, yoxsa ölümsaçan silahlar?
- O filmdə muğam müsabiqəsində lap zirvəyə çatan yeniyetmə xanəndə hjər şeyi atıb hərbi məktəbə oxumağa gedir. Qaldı sualınıza, təkcə musiqi ilə xalqı saxlamaq, ucaltmaq olmaz. Ac qarınla musiqi dinləmək olmaz. Əgər şeriyyəti bilmirsə, muğamat ona heç nə verə bilməz, ruhunu oxşamaz. Muğamda Şah İsmayılın ruhu və adı yaşayırsa və ifaçı Şah İsmayıl barədə heç nə bilmirsə, bu, xanəndəlik olmayacaq. Sənin tarixin yoxdursa, muğam boş səs yığınına çevrilir. Mənə bu cəmiyyətdə hərtərəfli insanlar lazımdır, o filmdə bunu demək istəmişəm. Mən o filmdə 2005-ci ildə keçirilmiş muğam müsabiqəsinin qalibini çəkmişəm. Öz səsi ilə. Mənə imkan verildi ki, ürəyimdən keçənlərin hamısını bu filmdə ortalığa qoyum. Filmdə Hacı Mailin də qəzəlləri səslənir, Əlağa Vahidin də, dahi Füzulinin də. Hətta adları bilinməyən şairlərin də. Bu film Vətən barədədir. Vətən necə yiyəlik etmək barədədir. Dövlətçilik barədədir. Yəni mən bu filmlə demək istəmişəm ki, bu xalq təkcə şair xalq deyil, həm də cəngavər xalqdır və dünyaca məşhur muğam ifaçıları ilə bərabər dünyaca məışçhur sərkərdələrini, dövlət xadimlərini də yetirib ərsəyə gətirməlidir.

Söhbətləşdi: Savalan