Səlim Müslümovla Aydın Bəşirov arasında görünməmiş savaş
Səlim Müslümovla Aydın Bəşirov arasında görünməmiş savaş

Fondl sədri "gəmiçilik şefi"ni necə özündən çıxardı?

Dövlət Sosial Müdafiə Fondunun Aydın Bəşirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə, daha dəqiqi, adıçəkilən qurumun "Dənizçi" Yardımçı Kənd Təsərrüfatı Müəssisəsinə iri məbləğdə borc hesablaması tərəflər arasındakı mübahisələri kəskinləşdirib.
Bu barədə redaksiyaya daxil olan məlumatda bildirilir ki, Səlim Müslümovun rəhbərlik etdiyi Dövlət Sosial müdafiə Fondunun (DSMF) İri Sığortaedənlərlə iş üzrə Departamenti "Dənizçi" Yardımçı Kənd Təsərrüfatı Müəssisəsinin məcburi sosial sığorta haqlarını ödəməmək və gizlətməkdə ittiham edib və bu haqda müvafiq inzibati tədbirləri həyata keçirib: "Fondun tərtib etdiyi akt və bu aktın əsasında tətbiq olunan sanksiya və borc məbləği isə Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi Aydın Bəşirovu həddən artıq qəzəbləndirib. O, Dövlət Sosial Müdafiə Fondunu və bu fondun İri Sığortaedənlərlə iş üzrə Departamentini məhkəməyə verib, tətbiq olunan akt və sanksiyanın ləğv edilməsini tapşırıb".
Məlumata görə, Aydın Bəşirovun tapşırığından sonra 1saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində Dövlət Xəzər Dəniz Gəmiçiliyinin "Dənizçi" Yardımçı Kənd Təsərrüfatı Müəssisəsi DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinə qarşı iddia qaldırıb. Lakin sözügedən məhkəmə müəssisənin tələblərini rədd edib: "İndi qərardan şikayət verilib. Hazırda şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılır. Hakim iş üzrə mayın 16-da proses təyin edib".
Fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Amma Bakı Apellyasiya Məhkəməsindən belə bir şikayətin olduğu təsdiqlənib. Lakin əlavə məlumat verilməyib.

Könül Ağamalı