23 Sentyabr 2019
22 Sentyabr 2019
Rövnəq Abdullayevdən futbol millimizə qalmaqallı baş məşqçi seçimi
Rövnəq Abdullayevdən futbol millimizə qalmaqallı baş məşqçi seçimi İDMAN 09:38 2014-11-25

Rövnəq Abdullayevdən futbol millimizə qalmaqallı baş məşqçi seçimi

Türkiyə klubunun baş məşqçisi Robert Prosineçki AFFA ilə danışıqlara gəldi

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib. Mütəxəssis dünən Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Dalğa Arena"da keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasını izləməli idi.

O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.
Daha çox futbolçu kimi məşhurlaşan Prosineçki məşqçilik fəaliyyətinə 2006-cı ildə başlayıb. Ölkəsinin əsas yığmasında Slaven Biliçin köməkçisi kimi gələn futbol veteranı 4 il bu postda qalıb. 2010-cu ildə baş məşqçi kimi "Srvena Zvezda"ya qayıdan mütəxəssis 2012-ci ilədək burada çalışıb. 2012-ci ildə Türkiyənin "Kayserispor" klubunun "sükanı arxasına" keçən xorvatiyalı 2013-cü ilin sonunadək bu postda qalıb. Onun məşqçi kimi yeganə uğuru 2011/12 mövsümündə Serbiya kubokunu qazanması olub.
Qeyd edək ki, 45 yaşlı Prosineçki zəngin futbolçu karyerasında Yuqoslaviya (1989-91) və Xorvatiya (1994-2002) millilərində, "Dinamo" (Xorvatiya), "Srvena Zvezda" (Serbiya), "Real", "Ovyedo", "Barselona", "Sevilya" (hamısı İspaniya, "Standard" (Belçika), "Portsmut" (İngiltərə), "Olimpiya" (Sloveniya), "Hrvatska Draqovolyats", "Zaqreb" (hər ikisi Xorvatiya) klublarında çıxış edib. Xorvatiyalı dünya çempionatının bürünc mükafatçısı (1998), Çempionlar kubokunun qalibi (1990/91), gənclər arasında dünya çempionu (1987), U-21-lərin Avropa ikincisi (1990) olub.
Maraqlıdı ki, həmin finalda Yuqoslaviya millisini Tərlan Əhmədovun da heyətində olduğu SSRİ millisi məğlub edib.

AFFA İcraiyyə
Komitəsinin üzvündən Prosineçki seçiminə
maraqlı münasibət

"Robert Prosineçkinin hazırda Bakıda olmasından, "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasını izləyəcəyindən xəbərim yox idi. Bunu ilk dəfə sizdən eşidirəm". Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.
Veteran futbolçu Azərbaycan yığmasının baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçkinin mümkün təyinatına münasibət bildirmək istəməyib.
Tuayev hazırda Bakıda olan xorvatiyalı mütəxəssisin məşqçilik fəaliyyətini izləmədiyini bildirib: "Qoy, onu Bakıya dəvət edənlər danışsın. Prosineçki ilə danışıqlar tamamlanandan, bütün prosedurlar yekunlaşandan sonra mən öz sözümü İcraiyyə Komitəsində deyəcəm. Orada nə deyəcəyimi isə sizə açıqlamayacam. Bilirəm ki, Prosineçki yaxşı futbolçu olub. Amma onun necə məşqçi olduğunu bilmirəm. Axı mən onu izləyəsi deyiləm. Heç hansı ölkədə yaşadığını da bilmirəm. Mən özümüzünküləri izləmişəm. Anatoli Banişevski, Yuri Kuznetsovu...".

Türkiyə klubu AFFA-ya hansı mesajı göndərdi?

"Robert Prosineçki yeni gələndə komandamız normal çıxış edirdi. Çempionatın ikinci yarısında isə ardıcıl bir neçə oyunda uduzduq. Prosineçki bu səbəbdən komandadan ayrılmaq istədi. Heç bir problem yaratmadan istefa verdi". Bu sözləri Türkiyənin "Kayserispor" klubunun idman direktoru Hasan Hüseyin Abız deyib.
Abız 2012-2013-cü illərdə Kayseri təmsilçisinin baş məşqçi olmuş, hazırda yığmamızın "sükanı arxası"na keçməyə ən real namizəd olan Robert Prosineçki haqqında danışıb.
Onun sözlərinə görə, əgər bu keçid reallaşarsa, xorvatiyalı mütəxəssis Azərbaycanda uğur qazana bilər: "Əgər Azərbaycanda ona dəstək verilərsə, uğur qazanmaq gücündədi. Çox yaxşı insandı. Futbolçularla necə davranmaq lazım olduğunu yaxşı bilir. Nə lazımdırsa, onu edən, işini görən biridi. Sərt insan deyil. Amma hər şey təkcə məşqçidən asılı deyil. Elə yerlər var ki, orda sərt olsan yaxşıdı, elə yerlər də var ki, orada mülayim davranmaq lazımdı. Həm də uğur qazanmaq bir az da şans məsələsidi. Əgər mühit yaxşı olarsa, fikrimcə, Prosineçki nəticə verə bilər. Ümumi deyim ki, yaxşı məşqçidi".
Hasan bəy xorvatiyalı mütəxəssisin "Kayserispor"da niyə möhkəmlənə bilmədiyini də açıqlayıb: "Bilirsiniz, komandamız uğursuz çıxış etməyə başladı və o dedi ki, burada dəyişiklik olmalıdı. Biz ona israrla davam etməsini istədiyimizi desək də, razılaşmadı. "Mən komandaya heç nə verə bilmirəm" deyib getdi. Yəni, işlədiyi komanda uğursuz çıxış edərsə, istənilən an istefa verə bilər. Əgər "Qalatasaray"da Çezare Prandellinin yerinə Rober Prosineçki olsaydı, çoxdan klubdan ayrılmışdı. Prandelli dünyada tanınmış məşqçidi və çempionatda uğursuz çıxış edir. Demək olar ki, hər matçda 3-4 qol "yeyir", amma istefa vermir. Prosineçkidə isə belə bir xarakter yoxdu. Biz də həmin vaxtlar bir az zəif çıxış etdik. O da getdi. Bizdə çox məşqçilər oldu. Nə qədər komanda pis çıxış etsə də, getmək istəmirdilər. O isə "mən bacarmadım" deyib gedər".
"Kayserispor"un idman direktoru Prosineçkinin millimizdə işləmək qarşılığında AFFA-dan nə qədər məbləğ tələb edə biləcəyinə də aydınlıq gətirib: "O, Azərbaycan millisində çalışmaq üçün 1 milyon da, 2 milyon da tələb edə bilər. Bu məbləğ onlar üçün normaldı".

İdman mediamızdan
sərt münasibət

"Sən taleyin işinə bax... Berti Foqtsu millimizdən Xorvatiyaya rüsvayçı 0:6 hesablı məğlubiyyət göndərmişdi. AFFA Foqtsun yerinə xorvat məşqçi gətirir". Bunu isə ölkənin tanınmış idman saytlarından biri - komanda.az yazıb.
Sayt Prosineçkinin təyinatının Azərbaycan millisinə, futboluna nə verəcəyinə gəlincə, belə yazıb: "Futbolçu karyerası mükəmməldi: Madrid "Real"ında, "Barselona", "Sevilya" kimi klublarda çıxış edib. Məşqçi kimi elə də parlaq karyerası yoxdu: "Srvena Zvezda", "Kayserispor" və Xorvatiya millisində köməkçi-məşqçi. Yox, yox, söhbət Prosineçkinin "məşqçilik anketi"nin zəngin olmamasında deyil. Məsələ burasındadı ki...
AFFA rəhbərliyi Prosineçkini gətirmək üçün kiminlə məsləhətləşib? Daim "kukla" rolunu oynayan İcraiyyə Komitəsinin üzvləriylə? İnanmayın. İK-nın üzvlərindən olan Kazbek Tuayevin apasport.az saytına verdiyi açıqlamadan da görünür ki, o heç Prosineçkini tanımır da. Cahangir Hacıyev, Hafiz Məmmədov, İskəndər Cavadov, Elmar Qasımov və başqa İK üzvləri xorvat məşqçini tanıyır? Ay-hay! Güldürməyin adamı. İcraiyyə Komitəsinin Robert Prosineçkidən xəbəri yoxdu! Bunu tam məsuliyyətimlə deyirəm. Amma sabah xorvat məşqçinin də Foqts kimi fiasko olduğu məlum olunca (belə olacağına şübhəniz olmasın), bütün günahlar İcraiyyə Komitəsinin belinə yüklənəcək. Necə ki, Elxan Məmmədov Berti Foqts rüsvayçılığına görə məsuliyyəti İK-nın daşıdığını deyir, sabah da eyni sözü deyəcək.
AFFA rəhbərliyi Prosineçkini Bakıya dəvət edənə kimi futbol ictimaiyyətinin rəyini nəzərə alıbmı? Burda da yekə bir YOX! Heç kimin fikri nəzərə alınmayıb, rəyi öyrənilməyib. Bəs AFFA niyə Prosineçkini gətirir?
Avropada daimi qapazaltılardan olan Azərbaycan kimi millilərin başına Joze Mourinyo, Pep Qvardiola, Kapello, Mançini, Klopp kimi top-məşqçilərin gəlməsinin mümkünsüz olduğu dəqiqdi. Heç Xorvatiyanın daha tanınmış məşqçisi - Slaven Biliç də bizə gözünün ucuyla baxmaz. Çünki hədəfləri olan məşqçidi, futbola təkcə varlanmaq mənbəyi kimi baxmır. Bax, düyün burda açılır: Azərbaycan kimi ölkələrə ya Berti Foqts kimi hayı gedib vayı qalmış qocalar, ya Robert Prosineçki kimi böyük hədəfləri, iddiaları olmayan, gününü keçirib, pulunu qazanmaq istəyənlər üz tutar. Prosineçki ağılsız adam deyil. Yəqin ki, Xorvatiyaya 0:6, Bakıda Norveçə 0:1 hesabıyla uduzan millimizi izləyib. İzləyib və əmin olub ki, bu komandanın potensialı Avropada qapazaltı olmaqdan uzağa getmir. Bunu görən və bilən məşqçi Azərbaycana sadəcə pul dalınca gələr, iddia, şan-şöhrət dalınca yox.
İnanın və əmin olun ki, Robert Prosineçki Berti Foqtsdan sonra AFFA-nın növbəti səhvi olacaq (müqavilə bağlansa). Xorvat məşqçinin görəcəyi işi azərbaycanlı məşqçilər də görə bilər. Məyər uduzmaq, qapazaltı olmaq üçün hansısa xüsusi istedada sahib olmaq lazımdı?
Alnına daim məğlub olmaq yazılan bir komandaya BAŞ gətirmək üçün Avropanı ələk-vələk eləməyə ehtiyac yox idi. O BAŞ-dan Azərbaycanda, qonşu Türkiyədə nə qədər istəsəz, var. Amma artıq gecdi..."

İlkin Həsənoğlu