16 Sentyabr 2019
Səssiz yoxlamalar Etibar Pirverdiyevi bitirir
Səssiz yoxlamalar Etibar Pirverdiyevi bitirir İQTİSADİYYAT 12:36 2012-05-11

Səssiz yoxlamalar Etibar Pirverdiyevi bitirir
Səssiz yoxlamalar Etibar Pirverdiyevi bitirir
"Azərenerji" prezidentinə qarşı son həmləyə start verildi

"Azərenerji" Səhmdar Cəmiyyətində geniş miqyaslı yoxlamalar başlayıb. Aidiyyatı dövlət qurumları "Azərenerji"də mənimsəmə və korrupsiya iddialarının həqiqiliyini yoxlayırlar. Bu barədə redaksiyamıza etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbənin deməsinə görə, yoxlamalar kifayət qədər məxfilik şəraitində həyata keçirilir. "Azərenerji" prezidenti Etibar Pirverdiyev bu barədə məlumatın mətbuata sızmaması və ictimailəşməməsi üçün əlindən gələni edir. Elə yoxlamanı aparan qurumlar da Pirverdievdə əndişə yaratmamağa çalışırlar. Bununla belə, yoxlamaların nəticələri əsasında hazırlanacaq dosyenin "Azərenerji" prezidentini görəvdən almağa yetərli olacağına heç bir şübhə yoxdur.
İlkin ehtimallara görə Etibar Pirverdiyevə qarşı yoxlamalar həmləsinin kökündə son altı ayda ardıcıl şəkildə parlamentdə onun barəsində səsləndirilən ittihamlar səbəb olub.
Xatırladaq ki, ötən ilin Milli Məclisin komitələrinin Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclası zamanı millət vəkili Fuad Muradov da "Azərenerji"nin fəaliyyətini sərt bir şəkildə tənqid etmişdi. Millət vəkili bildirmişdi ki, son günlər ölkədə elektrik enerjisi ilə bağlı ciddi problemi yaşandı. Hətta paytaxtda və mərkəzi hissələrdə elektirik enerjisinin verilməsində uzunmüddətli fasilələr yarandı. Halbuki, hər il dövlət büdcəsindən "Azərenerjiyə" vəsait ayrılır və Maliyyə Nazirliyi kifayət qədər böyük maliyyəni bu qurumun hesabına köçürür.
F. Muradovun sözlərinə görə, dövlət insanların verdiyi vergiyə əsasən "Azərenerji"yə investisiya qoysa da, insanlar işıq problemindən əziyyət çəkirlər: "Ona görə də Hesablama Palatası "Azərenerji"nin fəaliyyətinə yenidən baxmalıdır".
Bundan bir qədər əvvəl isə parlamentdə "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva Etibar Pirverdiyevin rəhbərlik etdiyi Açıq Səhmdar Cəmiyyətini kəskin tənqid atəşinə tutub: ""Azərenerji"nin işi ilə bağlı onun rəhbərinə mənim bir neçə sualım var. Çox dəhşətli bir haldı ki, abunəçi öz işıqpulunu ödəyir, hətta onun kartında pul da qalır, amma kimsə pulu ödəmir, gəlirlər kütləvi şəkildə vətəndaşların işıqlarını kəsirlər. Bu yolverilməz bir haldır".
Deputat konkret olaraq misal gətirib. O bildirib ki, özünün də yaşadığı Abşeron rayonu ərazisində iki-üç gündən bir işıq kəsilir: "Mən bununla bağlı bir adam tapıb onunla danışa bilmirəm ki, niyə belədir, bunu kim belə edir? Çox maraqlı və gülünc alınır ki, külək əsir, işıqlar sönür. Məsələni həll etmək lazımdı. Kiminsə imkanı var, generator alır və öz elektrik enerjisi təminatı problemini həll edir. Ancaq realldır ki, hamı generator ala bilmir. Bütun bunlar mütləq nəzərə alınmalıdı".
Etibar Pirverdiyevin ünvanına sonuncu ən sərt ittiham isə deputat Çingiz Qənizadədən gəlib. Belə ki, Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə "Azərenerji" prezidenti Etibar Pirverdiyevi açıq bir dillə korrupsiyada suçlayıb.
Millət vəkili bildirib ki, "Azərenerji" ASC-nın rəhbəri ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağlayır, dövlət vəsaitlərini talayır. "Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırıldığının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə "Azərenerji" bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur" - deyə Çingiz Qənizadə bəyanət edib.
Deputatın sözlərinə görə, bir həkim 300 manat alıb həbs olunduğuna görə, bu qədər milyonların talandığı "Azərenerji" ilə bağlı heç bir ölçü götürülmür. O təklif edib ki, Hesablama Palatası "Azərenerji" ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin: "Etibar Pirverdiyev "Azenko" ilə müqavilələrlə milyonlarla manat vəsaiti mənimsəyir".
Millət vəkili "Azərenerji"dəki korrupsiya faktları ilə bağlı özünün də Baş Prkurorluğa müraciət edəcəyini bildirib.
Bütün bunları göz önünə aldıqda Etibar Pirverdiyevin fəaliyyətinin təftiş edilməsinə star verilməsini əsla təəccüblə qarşılamamaq lazımdır. Aydın görünür ki, bütün proseslər "Azərenerji" prezidentinin görəvdən alınması ilə bağlı siyasi qərarın hazırlanmasına doğru gedir. Hətta proseslərin qurumda korrupsia və mənimsəmələr ehtimalının araşdırılması ilə paralel aparılması Etibar Pirverdiyevin həbs təhlükəsi ilə üzləşə bilmək riskini də göz önünə gətirir.

Mehman Əzizli