Ermənistan hakimiyyəti öz xalqına xəyanət edir
Ermənistan hakimiyyəti öz xalqına xəyanət edir

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə bildirib ki, "Ermənistanda hakimiyyətdə olan rejim xalqa arzusunu və istəyini yerinə yetirməyə - azərbaycanlılarla və Azərbaycan Respublikası ilə ünsiyyət qurmağa, sülh yaranmasına imkan vermir".

Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında aparılan danışıqların reallaşmasında yaranan problemlərə toxunan B. Səfərov deyib ki, buna səbəb Ermənistan hökumətinin qeyri-konstruktiv, anti-demokratik siyasətidir: "Bu gün Ermənistanda hakimiyyətdə olan şəxslər, istər Robert Köçəryan, istərsə də Serj Sərkisyan azərbaycanlılara qarşı törətdikləri soyqırımdan fəxrlə danışırlar. Əlbəttə, zaman gələcək onlar müttəhimlər kürsüsündə cinayətkar kimi cavab verəcəklər. Günahsız axıdılan qanlara görə onlardan qisas alınacaq. Bu adamlar icmaların görüşünü, sadə erməni xalqının azərbaycanlılarla ünsiyyət qurmasını necə istəyə bilərlər? Bəli, Dağlıq Qarabağda yaşayan ermənilərin heç də hamısı azərbaycanlılara qarşı düşmən olmayıb, Azərbaycanın hesabına sosial vəziyyətlərini yaxşılaşdırıb və ailələrini dolandırıblar. Bu ermənilər dediklərimi heç vaxt unuda bilməzlər. Ona görə də Ermənistandakı bu rejim devrilməlidir. Ermənistandakı rejim devrilməsə, erməni xalqının normal güzəranı və sülh şəraitində yaşayışı mümkün olmayacaq. İllər keçdikcə, bu hakimiyyət erməni xalqını ölümə sürükləyəcək".
B. Səfərov qeyd edib ki, son 20 ildə dünya ictimaiyyəti - beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşıblar: "Əlbəttə, son illər dövlətin apardığı siyasət beynəlxalq təşkilatların mövqeyində dəyişiklik yaratmaqdadır. Prezident İlham Əliyev də Azərbaycan torpaqlarının danışıq predmeti olmadığını bəyan edir. Artıq dünya ölkələri Azərbaycanın mövqeyini qəbul etməklə yanaşı, onu etibarlı müttəfiq kimi də tanıyırlar".
B. Səfərovun sözlərinə görə, artıq Azərbaycanın güclü, döyüş bacarığına malik silahlı qüvvələri var və bu ordu azərbaycanlılara məxsus torpaqları işğaldan azad edəcək: "Ordumuz torpaqlarımızı işğaldan azad edib orada sülhün yaradılmasına nail olacaq. Bu gün hər bir azərbaycanlı özünü şuşalı hesab edir. Məhz bu amil bizim Şuşaya qalib kimi qayıtmağımıza təkan verəcək. Ali Baş Komandanın əmri olarsa, xalqımız işğal altındakı torpaqlarımızı azad edəcək. İnanıram ki, bu an mütləq olacaq".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, "24 il davam edən Dağlıq Qarabağ problemini Ermənistan hansı formada öz xeyrinə de-fakto həll edibsə, Azərbaycan da həmin formada öz torpaqlarını azad etməlidir. Yəni ermənilər savaşıb qan töküblər və ərazilərimizi işğal ediblər. Biz də savaşıb qan töküb doğma torpaqlarımızı azad etməliyik. Yalvarmaqla donuz darıdan çıxmaz."
QAT sədrinin dediyinə görə, "Şuşanın icra başçısı Vüqar Bayramovun Ermənistan rəhbərliyindən giley-güzar etməsini, ən azından, başa düşmək çox çətindir və adama zor gəlir. Ermənistan hakimiyyəti erməni cəmiyyətinin əhvali-ruhiyyəsini ifadə edir, o cəmiyyətin iradəsini həyata keçirir. Bu gün Ermənistanda Dağlıq Qarabağın taleyi barədə müstəqil sosioloji sorğu keçirilsə, rəyi soruşulanların hamısı deyəcək ki, "Qarabağ bizimdir". Bu qədər elementar həqiqəti bilə-bilə Sərkisyandan giley-güzar etmək gülünc səslənir".
Akif Nağı onu da bildirdi ki, "Bu tip çıxışlar Rusiyanın və Qərb dövlətlərinin son illərdə ortalığa atdığı "xalq diplomatiyası" deyilən məkrli oyunun tərkib hissəsidir. Məqsəd də bundan ibarətdir ki, Azərbaycan cəmiyyəti Dağlıq Qarabağın itirilməsi ilə barışsın və necə deyərlər, Qarabağda tökülən nahaq qanlara görə ermənilərə qəzəbi soyusun. Hədəf budur".
Qarabağ qazisi sonda dedi ki, "Belə bir üsul 1906-cı ildə Çar Rusiyası tərəfindən sınaqdan keçirilib. 1905-1906-cı illərdəki məlum erməni-müsəlman savaşından sonra Tiflisdə bu xalqları guya barışdırmaq üçün sülh konfransı təşkil edilmiş və hər iki xalqın ziyalıları ora dəvət edilmişdi. Bu yığıncaqda məsələlərin qoyuluşunda ədalətsizlik o həddə çatmışdı ki, Əhmədbəy Ağaoğlu zalda bayılmışdı. Amma bizi indiki xalq diplomatı olmuş bəzi üzdəniraq ziyalılarımız bayılmaq əvəzinə bizim üstümüzə bağırırlar".
Savalan