Əli Həsənovdan evi zəbt olunan vətəndaşlara ağır zərbə
Əli Həsənovdan evi zəbt olunan vətəndaşlara ağır zərbə

Komitə sədri onların Avropa Məhkəməsinə gedən yolunu necə kəsdi?

Azərbaycanda məcburi köçkünlərlə bağlı çoxsaylı həll edilməmiş problemlər qalır. Biz dövri mətbuatda onların ən müxtəlif çətinlikləri ilə bağlı şikayətləri haqqında tez-tez oxuyuruq.
Hazırda məcburi köçkünlərin ən ümdə problemlərindən biri şəxsi mənzillərə yerləşənlərin aqibəti ilə bağlıdır. Hökumət hər il bu problemin həlli ilə bağlı çoxsaylı vədlər verməsinə baxmayaraq, hazırda minlərlə məcburi köçkün digər vətəndaşlarla ixtilaf içərisindədir. Onların məcburi köçkün düşdükləri illərdə və ondan sonra yerləşdikləri şəxsi mənzillərin hüquqi sahibləri ilə aralarındakı problemi çözməsi ciddi sorun olaraq qalır.
İndiyədək bir çox vətəndaşları bu problemin həllini Avropa Məhkəməsində görür, qitənin ən ali məhkəmə instansiyasına qədər gedərək orada qanuni haqlarının bərpasına nail olurdular. Amma belə görünür ki, artıq bu imkanda vətəndaşlardan alınmaqdadır. Söhbət nədən gedir?
Məsələ burasındadır ki, Azərbaycan Avropa Məhkəməsinə şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərlə bağlı məsələlərə baxmamaq üçün müraciət edib. Bu barədə elə dünən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan Avropa Məhkəməsi tərəfindən bununla əlaqədar qəbul edilən qərarların hamısını icra edib. İndiyədək 30 qərarın icra edildiyini xatırladan Ə.Həsənov deyib ki, Azərbaycan hökuməti bu problemi özü yoluna qoymaqda maraqlıdır: "Ona görə də biz Avropa Məhkəməsinə müraciət etmişik ki, daha bu məsələyə baxılmasın. Çünki Azərbaycan özü bu prosesi həyata keçirir. Avropa Məhkəməsi də bu təklifimizi qəbul edib".
Komitə sədri bildirib ki, məcburi köçkünlər tərəfindən zəbt edilmiş mənzillərlə bağlı məsələ Dövlət Proqramına əlavələrdə də nəzərdə tutulub: "Belə mənzillərin sayı çoxdur. Artıq 2500-ə qədər mənzillə bağlı problemin həlli Dövlət Proqramında nəzərdə tutulub. Biz bu prosesə başlamışıq".
Əlbəttə, prosesə nə vaxt başlanıldığı barədə Həsənovun konkret söz deməməsi, eləcə də bununla bağlı mətbuata geniş bilgilərin verilməməsi komitə sədrinin optimizmini bölüşmək üçün əsas vermir. Digər tərəfdən, hökumətin bir yandan müxtəlif dövlət layihələrini əldə bayraq edərək vətəndaşların mülkiyyətini ayaqlar altına atdığı, insanların cüzi kompensasiya hesabına və yaxud əksərən isə ümumiyyətlə, heç bir təzminat küçəyə saldığı bir vaxtda bizim digər yandan insanların şəxsi mənzilləri ilə bağlı mübahisələrin obyektiv həll ediləcəyinə inanmağımız çox çətindir.
Əgər hökumətin, o cümlədən də Əli Həsənovun rəhbərlik etdiyi komitənin belə bir istək və iradəsi var idisə, bu, niyə zamanında özünü göstərmədi? Niyə məhz Avropa Məhkəməsinə iddia axını başlayandan sonra rəsmilər əl-ayağa düşürlər? Kim təminat verə bilər ki, Avropa Məhkəməsinin bu mövzuda Azərbaycandan daxil olacaq iddiaları qəbul etməyəcəyinə dair vədini aldıqdani sonra hökumət yenə də arxayınlaşmayacaq və və məcburi köçkünlərin məskunlaşdıqları şəxsi mənzillərlə bağlıv mübahisələr yenidən vətəndaşların baş ağrısına çevrilməyəcək?
Əlbəttə, ölkəmizin hər xırda probleminin məhz elə ölkəmizin daxilində öz hüquqi həllini tapması və Avropaya çıxmaması yaxşı olardı, ancaq təəssüf ki, Azərbaycan reallıqları buna inanmaq üçün əl yeri qoymunr. Eyni zamanda indiyədək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi bir çox layihələrin icrası zamanı ortaya çoxsaylı şikayətlərin çıxması, narazılıqların baş qaldırması, korrupsiya iddiaları və s. haqqında danışılan problemin obyektiv, qanunların üstünlüyü əsas götürülərək həll ediləcəyinə inamı azaldır.
Hələliksə bizə komitə sədri Əli Həsənovun dediklərinin reallaşacağına ümid etməkdən başqa heç nə qalmır.
Necə deyərlər, ümid ən axırda ölür.
Ülviyyə Qasımlı