23 Sentyabr 2019
22 Sentyabr 2019
Berti Foqtsun "lyubimçik"i, ən böyük tapıntısı və 30 "köhnə"
Berti Foqtsun "lyubimçik"i, ən böyük tapıntısı və 30 "köhnə" İDMAN 11:33 2014-10-21

Berti Foqtsun "lyubimçik"i, ən böyük tapıntısı və 30 "köhnə"

Üç gün gözləməyə gərək yox: millimizdən növbəti biabırçılıq

Azərbaycan millisinin baş məşqçi postundan istefa verən Berti Foqts yığmamızdakı 6 il yarımlıq fəaliyyəti dövründə 79 futbolçunun xidmətindən yararlanıb. Onun başçılığı altında komandamızın çıxdığı 71 matçda daha çox şans qazananlar, debütantlar və legionerlər də müəyyənləşib.

Foqtsun sevimlisi Mahir Şükürov olub. Müdafiəçi 54 matçda almaniyalıdan şans qazanıb. Mütəxəssisin postundakı son matçlarda iştirak etməyən futbolçu digər komanda yoldaşlarını arxada qoyub.
Məhz almaniyalının vaxtında millidə debüt edənlər arasında ən çox oyun keçirən Kamran Ağayevdi. Qolkiper Foqtsun yığma üçün ən böyük tapıntısıdı. Hesabında 51 oyun olan Ağayev ümumi siyahıda yalnız Mahirdən geri qalır.
Daha çox - 48 qarşılaşmada kapitan sarğısı daşıyan Rəşad Sadıqov da 51 belə matçın iştirakçısı olub. Müdafiəçi yalnız dəqiqə hesabında Kamrandan geri qalır.
11 oyunçu, yəni daha 8 futbolçu da Foqtsun baş məşqçi olduğu görüşlərin yarıdan çoxunda iştirak edib. 71 matçlıq dövrdə 36 və daha çox qarşılaşmaya çıxanlardan Vaqif Cavadov 45, Cavid Hüseynovla Ruslan Abışov hərəyə 43, Rauf Əliyev 42, Vüqar Nadirov 41, Aleksandr Çertoqanov, Elnur Allahverdiyev hərəyə 37, Rahid Əmirquliyev 36 dəfə meydanda olub. Onlardan üçü - Ruslan, Cavid və Rauf da almaniyalının baş məşqçiliyi vaxtında debüt edib.
Ümumiyyətlə, Bundestimin sabiq çalışdırıcısı Azərbaycanda 49 debütanta şans verib. Güvəndiyi 79 oyunçudan 30-u "kohnə", 49-u yeni olan Foqtsun sayəsində millidə çıxış edənlərin sayı 196-ya çatıb. Ona qədər bu rəqəm 147 idi.
Almaniyalı milliləşən legionerlərin də sayının artmasında rol oynayıb. Onadək 18 belə oyunçusu olan yığmamızda artıq müxtəlif ölkələrdən olan 35 əcnəbi oynayıb. Onlardan 26-na Foqts şans verib. Çalışdırıcı 17 yeni, 9 "köhnə" legionerdən yararlanıb.
Sonuncular arasında daha çox Çertoqanova güvənən mütəxəssis debütü onun dövrünə təsadüf edənlərdən Vladimir Levinə 28 matçda şans verib. Azərbaycanın heç bir komandasında oynamayanlardan isə daha çox - 18 dəfə Cihan Özkara milli forması geyib.
Bu məşqçinin rəhbərliyi altında Cavadov hamıdan çox - 8 qol vurub. Rauf Əliyevlə Elvin Məmmədov isə son 6 ildə 7 dəfə fərqlənib.
Bu arada FİFA-nın oktyabrın 23-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidir. Bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib. Buna yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakterli olmasıdır.
Hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandamız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib.
Millimiz indi siyahıda 126-cı yerdədir. Lüksemburqla şərik olan komandamız hokkey ölkəsi olan Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.
Millimiz və "qonşuları":
121 (107). Niger - 258
122 (120). Kanada - 251
123 (126). Liberiya - 249
124 (121). Livan - 246
125 (114). Ekvatorial Qvineya - 238
126 (95). Azərbaycan - 233
126 (127). Lüksemburq - 233
128 (130). Burundi - 232
129 (134). Filippin - 229
130 (130). Qvineya-Bisau - 226

İlk "onluğ"un tərkibində də dəyişikliklər olub. Belə ki, Portuqaliya İsveçrəni 10 ən güclü arasından sıxışdırıb. İlk 3 komandanın mövqeyi isə dəyişməz qalıb.

İlk "onluq":
1 (1). Almaniya - 1669
2 (2). Argentina - 1565
3 (3). Kolumbiya - 1420
4 (5). Belçika - 1388
5 (4). Hollandiya - 1375
6 (6). Braziliya - 1307
7 (9). Fransa - 1191
8 (7). Uruqvay - 1184
9 (11). Portuqaliya - 1175
10 (8). İspaniya - 1119

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu:
11 (13). İtaliya - 1064
14 (19). Xorvatiya - 1002
59 (46). Bolqarıstan - 532
68 (76). Norveç - 481
126 (95). AZƏRBAYCAN - 233
156 (155). Malta - 129

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdır. "Ay-ulduzlular" 8 pillə geriləyiblər.
İlkin Həsənoğlu