"Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı  davam edir"
"Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı davam edir"

"Bu gün Azərbaycanda ümumi gəlirlərin artmasına baxmayaraq, əhalinin
aylıq qazancının 70%-i gündəlik tələbat mallarının əldə edilməsinə yönəldilir. Müqayisə üçün deyim ki, Birləşmiş Ştatlarda bu rəqəm 12% təşkil edir"

Vaşinqton Universitetinin məzunu, iqtisad elmləri doktoru Vüqar Bayramov təkcə Azərbaycanda deyil, xaricdə də tanınmış mütəxəssisdir. Onun elmi əsərləri Yaponiya, CAR və İngiltərədə nəşr edilib. İordaniyadakı Kral İslam Strateji Araşdırmalar Mərkəzi 2010-cu ildə Vüqar Bayramovu dünyadakı 500 ən nüfuzlu müsəlmandan biri adlandırıb. Onunla söhbətimiz Azərbaycan iqtisadiyyatının indiki durumu barədə olacaq.

-Vüqar müəllim, söhbətə ənənəvi sualla başlayaq: ölkənin indiki iqtisadi durumunu necə dəyərləndirirsiniz?
-Bütövlükdə Azərbaycan iqtisadiyyatındakı vəziyyəti dəyərləndirsək, 2012-ci ildə 2011-ci ildə olduğu kimi məhz qlobal maliyyə böhranından sonra aşağı artım templəri müşahidə olunub. Amma bununla yanaşı artım templərini də qoruyub saxlamağa çalışıb. Yəni MDB üzrə dövlətlərin makroiqtisadi gəlirləri müqayisə etsək, dünyanın digər ölkələrində, hətta Birləşmiş Ştatlarda iqtisadiyyatda problemlər yaradacaq iqtisadi böhranın Azərbaycana o qədər də güclü təsir edəcəyi gözlənilmir. Bu həm də onunla bağlıdır ki, 2012-ci ilin dövlət büdcəsində gəlirlərin təmin edilməsi ilə bağlı problem olmayacaq. Bu daha çox dünya bazarında neftin qiymətinin artması ilə bağlıdır. Bu artım Azərbaycan iqtisadiyyatına daxilolmaların artmasına gətirib çıxardır. Digər səbəb onunla bağlıdır ki, 2012-ci ildə həm dövlət proqramları, həm də investisiya layihələri üzrə nəzərdə tutulan vəsaitlərin gəlir mənbələri artıq sığortalanmış gəlir mənbələri hesab edilə bilər. Ona görə də 2012-ci ildə dövlət büdcəsinin formalaşmasında, büdcənin gəlir və xərc bölmələrində problem olmayacaq. Amma sözsüz ki, həm 2012, həm 2011, həm də əvvəlki illərdə müşahidə edilən problemlərdən ən ciddisi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı hələ də davam etməkdədir. Nəzərə alsaq ki, Maliyyə Nazirliyinin normativinə görə, neft sektoru dövlət büdcəsinin 74 %-ni formalaşdırır, bizim qiymətləndirmələrə görə isə neft sektoru büdcə gəlirlərinin 85%-ni təşkil edir, büdcəyə edilən transferlərin 60%-ni Dövlət Neft Fondunun transferləri təşkil edir, deməli, ölkə iqtisadiyyatında disbalans durum hələ də qüvvədədir. Bu baxımdan Azərbaycan iqtisadiyyatını ümumən xarakterizə etsək, ölkədə iqtisadi stabillik mövcuddur. Çünki gəlirlərin formalaşmasında problemlər yoxdur, amma neft sektorundan asılılıq və dövlət gəlirlərinin böyük qisminin bu sektorun payına düşməsi bu stabilliyin dayanıqlı ola biləcəyi ilə bağlı müəyyən narahatlıqlar yaradır. Çünki bu gün birmənalı şəkildə Azərbaycan iqtisadiyyatındakı stabilliyin dayanıqlı olması üçün neft sektorundan asılılığın azaldılmasına ehtiyac var. Ya da neft sektorunun inkişafı təmin edilməlidir. Xüsusən də nəzərə alsaq ki, ölkənin neft hasilatında zaman-zaman azalmalar qeydə alınır. Əgər 2010-cu ildə ölkədə 51 milyon ton neft hasil edilmişdisə, 2011-də bu rəqəm 46 milyon tona qədər azaldı, 2012-ci ildə isə artıq 40 milyon ton neft çıxarılacağı proqnozlaşdırılır. Göründüyü kimi, ölkənin neft hasilatında azalmalar var. Buna görə də dövlət büdcəsinin formalaşdırılmasında qeyri-neft sektorunun payının artırılmasına böyük ehtiyac var ki, növbəti illərdə büdcənin formalaşmasında problemlər yaranmasın.
-Azərbaycan iqtisadiyyatı "holland sindromu"ndan yan keçə bilibmi? Ölkədə qeyri-neft sektorunun inkişaf tendensiyaları hiss olunurmu?
-Azərbaycan iqtisadiyyatının qiymətləndirilməsi ilə bağlı apardığımız tədqiqatlar göstərir ki, Azərbaycanda "holland sindromu" təhlükəsi yoxdur. ""Holland sindromu qorxusu ona görə yoxdur ki, Azərbaycanda dövlət rezervləri güclüdür. Dövlətin valyuta ehtiyatları 40 milyard ABŞ dollarından çox olduğu üçün - bu isə dövlət büdcəsinin bütövlükdə 70%-dən artığını təşkil edir - sözügedən sindromun yaranma ehtimalı sıfırdır. Bu mövzu uzun müddət müzakirə edilib. Axırda bizim də, beynəlxalq ekspertlərin də gəldiyi qənaət bundan ibarət oldu ki, ölkədə bu təhlükə yoxdur. Amma bununla belə Azərbaycanda ingilislərin "bir sektordan asılılıq" adlandırdığı başqa bir real təhlükə mövcuddur Bu təhlükə ondan ibarətdir ki, neft gəlirlərinin çoxluğu bütövlükdə ölkənin dövlət strukturlarının effektli işləməsinə imkan vermir. Yəni neft pullarına güvənən müəyyən dövlət qurumları tənbəlləşməyə başlayır. Azərbaycanda bu problem bir mənalı şəkildə təzahür edə bilər. Dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin azalması, tənbəlləşməsinin qeydə alınması bu təhlükənin əsas əlamətləridir. Bu isə öz növbəsində yenidən neft sektoruna bumeranq qaydasında dönüb ziyan vurmağa başlayır. Qeyri-neft sektorunun dövlət büdcəsindəki payına diqqət yetirsək, bu pay cəmi 26% təşkil edir. Qeyd edilməlidir ki, Ümumi Daxili Məhsulun, təxminən, yarısı neft sektorunun payına düşür. O baxımdan ölkənin qeyri-neft sektorunun indiki durumu, təbii ki, arzu olunan səviyyədə deyil və ciddi inkişaf tendensiyaları da nümayiş etdirmir. Amma sözügedən sektorun inkişafı ilə bağlı nikbin məqam ondan ibarətdir ki, 2011-ci ildən başlayaraq bu sektordakı inkişaf neft sektorundakı inkişafdan daha çoxdur. Çünki 2011-ci ilin elan olunmuş iqtisadi göstəricilərinə görə, ölkədə qeyri-neft sektoru 9,6 % inkişaf edib, neft sektorunda qeydə alınan inkişaf isə bu qədər aşağı düşmüşdü. 2012-ci ilin I rübünün yekunlarına görə, ölkə iqtisadiyyatında bu sektor 7,7% inkişaf edib. Neft sektoru isə, əksinə, 3%-ə yaxın azalıb. Deməli, son iki ildə qeyri-neft sektorunda hiss ediləcək səviyyədə artımlar var. Amma hələlik bu artımlar ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq həddinə qədər gətirib çıxarmayıb. Nəzər alaq ki, 2011-ci ilə qədər qeyri-neft sektorunun inkişafı kifayət qədər zəif olub. Bütövlükdə isə bu artım büdcədəki nisbətlərdə gözəçarpan fərq yaratmayıb və neft sektoru Azərbaycan dövlətinin və dövlət büdcəsinin hegemon faktoru olaraq qalmaqdadır.
-Təsvir etdiyiniz sindromlar, iqtisadi meyllər, makro və mikrogöstəricilər, ölkə iqtisadiyyatının amorf inkişaf xətləri baxımından və s.-lər fonunda sıravi Azərbaycan vətəndaşının iqtisadi durumunu necə qiymətləndirə bilərsiniz?
-Ölkə iqtisadiyyatına makroiqtisadi baxımdan deyil, minimum istehlak zənbilinin durumu baxımından yanaşsaq və dünya ölkələri ilə müqayisə aparsaq, təbii ki, böyük fərqlərin nəzərə çarpdığını müşahidə edəcəyik. Əsas fərq ondan ibarətdir ki, bu gün Azərbaycanda ümumi gəlirlərin artmasına baxmayaraq, əhalinin aylıq qazancının 70%-i gündəlik tələbat mallarının əldə edilməsinə yönəldilir. Müqayisə üçün deyim ki, Birləşmiş Ştatlarda bu rəqəm 12% təşkil edir. Yəni sıravi amerikalı aylıq qazancının cəmi 12%-i yeməyə və geyimə xərcləyir. Bu göstərici Avropa ölkələrində 20-26%-dir. Dünyanın inkişaf etməkdə olan ölkələrində bu rəqəm ümumi gəlirin üçdə biri, yəni 33% həcmindədir. Göründüyü kimi, ölkəmizdəki göstərici dünyanın inkişaf etməkdə olan ölkələrindəki göstəricidən 2 dəfə çoxdur. Əlbəttə ki, bu, kifayət qədər ciddi problemdir. Əhalinin öz gəlirlərinin 70%-ni istehlak mallarına yönəltməsi, bu malların alınması üçün daha çox vəsaitin xərclənməsi əhaliyə yığım və digər məqsədlər üçün pul toplamağa imkan vermir. Əhalinin gəlirlərində istehlak mallarının əldə edilməsinə yönəldilən vəsaitin çox olması birmənalı şəkildə daxili bazarda qiymətlərin yüksək olması ilə əlaqəlidir. Bazarda qiymətlərin yüksək olması isə onunla bağlıdır ki, ölkənin istehlak bazarı kifayət qədər qapalıdır. Xüsusən də Bakıdakı bazarlar bir və ya bir neçə subyektlər tərəfindən idarə edilir. Yəni bu sahədə də monopoliya güclü şəkildə inkişaf edib. Bakı bazarlarında ərzaq məhsullarının qiymətləri bazarın ümumi qanunauyğunluqları nəticəsində deyil, bu bazarları idarə edənlərin istəkləri və göstərişləri əsasında müəyyənləşdirilir. Bu da ona gətirib çıxardır ki, bazarlarda qiymətlər yüksəldikcə sıravi vətəndaşların aylıq gəlirlərinin əksəriyyəti ərzaq məhsullarının alınmasına sərf edilir. Yenə də təkrar edirəm: istehlak bazarının qapalı olması əhalinin gəlirlərinin süni şəkildə yeyilməsinə gətirib çıxardır. Buna görə də bu gün ölkədə istehlak səbəti ilə istehlak bazarı arasında kəskin fərq var. Bunun nəticəsidir ki, rəsmi statistikaya görə, əhalinin gəlirlərinin üçdə ikisi istehlak mallarının əldə edilməsinə sərf olunur. Bu rəqəm isə yaxşı göstərici deyil.
-Ölkənin ümumi iqtisadi mənzərəsində bölgələrlə paytaxtı müqayisə edəndə hansı mənzərə alınır?
-Regionlarla Bakının inkişaf fərqi çox ciddidir. Bu, rəsmi rəqəmlərdə də ifadə olunub. Rəsmi məlumatlara görə, ölkədəki biznesin 90%-i Bakıda və Abşeron yarımadasında cəmləşib. Dövlət büdcəsinə ödənişlərin 92%-i Bakı və Abşeronun payına düşür. Ölkə iqtisadiyyatının isə ancaq Bakının çiynində olması gələcəkdə ölkə üçün ciddi problemlər yaradacaq. Regionla paytaxtın arasında bu qədər kəskin fərq kifayət qədər narahatlıq doğuran haldır.
Söhbətləşdi: Savalan