16 Sentyabr 2019
Bölgələrdən şok xəbərlər gəlir
Bölgələrdən şok xəbərlər gəlir İQTİSADİYYAT 14:39 2012-05-05

Bölgələrdən şok xəbərlər gəlir
Bölgələrdən şok xəbərlər gəlir

Astarada icra başçısının döyülməsi, Baləkəndə USM aparatının satılması, Sumqayıtda isə 40-a yaxın uşağın oğurlanması....

Əyalətlərdə maraqlı hadisələr baş verir. Bəzi rayonların başçıları yeni qaydalar gətirmək istədikləri üçün yerli əhalinin təzyiqləri ilə üzləşirlər. Artıq ilk olaylar belə qeydə alınıb. Amma bununla bərabər bəzi rəsmi təşkilatların nümayəndələri nəticə çıxarmaqda maraqlı deyillər. Onlar daha çox şəxsi mənfəətlərini önə çıxararaq, digərlərini düşünmədən hərəkət edirlər. Elə bu səbəbdən də ciddi problemlərin yaşandığı diqqəti çəkir.

Astarada icra
başçısını döydülər

Astara rayonuna yeni icra başçısı təyin olunmuş Qəzənəfər Ağayev Masallıda həyata keçirmək istədiyi işlərin analoqunu burada da reallaşdırmaq istəyib.
Verilən məlumata görə, dünən Astara bazarına baş çəkən yeni icra başçısı oranı sökdürəcəyini deyib.
Məlumatlı mənbənin sözlərinə görə, bazarda alver edən yerli qadınlarla söhbət əsnasında Qəzənfər Ağayev yeni bazarda onlara yer veriləcəyini desə də, bir qədər ağız süründürüb. Daha sonra isə saymazyana hərəkət edərək, bütün hallarda bazarın söküləcəyini bildirib. Bundan bərk qəzəblənən alverçi qadınlar onun üzərinə hücum çəkiblər. Nəticədə icra başçısı kötəklənib. Hadisə yerindən müavinləri vasitəsi ilə birtəhər uzaqlaşan Ağayev oradan da birbaşa Bakıya gəlib.
Mənbə bildirir ki, astaralı qadınlar Qəzənfər Ağayevə xatırladıblar ki, o, Masallı ilə bu rayonu səhv salmasın. Yoxsa bu cür hərəkətlərin daha ağır formaları ilə üzləşə bilər.
Qeyd edək ki, Qəzənfər Ağayev Masallıda icra başçısı olan zaman Mərkəzi Bazarı sökdürərək, yerində ticarət mərkəzləri inşa etdirmişdi. Həmin vaxt bu məsələ narazılığa səbəb olsa da, kiçik sahibkarlar Astarada olduğu kimi addım atmamışdılar. Görünür, icra başçısı bu hadisədən sonra elə zənn edib ki, Astara da elə Masallı kimi olacaq. Amma işin tərs tərəfi ilə üzləşməli olub.

Balakən xəstəxanasında
USM aparatını satıblar

Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev qəribə bir addım atıb. Bu barədə məlumat verən mənbə bildirir ki, Balakən rayonundakı Mərkəzi Xəstəxanası bu yaxınlarda istifadəyə verilmiş, modern və gurşad bir binadan ibarətdir. Tibbi və texniki avadanlıqlara gəldikdə isə buradakı personalın tayı-bərabəri olmadığı deyilir. Amma baş həkim Hacıömər Nuriyev bu qədər üstünlüklərin üzərindən elə ustalıqla xətt çəkib ki, nəticədə, camaat narazı düzüb.
Məlumatda deyilir ki, prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM (daha çoz UZİ aparatı kimi tanınır-red.) avadanlığı quraşdırılmışdı. Amma baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satığı bildirilir. Yerinə isə sovet dövründən qalma avadanlığı qoyub.
Məlumatı verən şəxs deyir ki, baş həkim bunun qarşılığında Ümumi Şöbəyə qoyulmuş USM-dən istifadəni hamıya tövsiyyə edir. Məsələn, Ginekologiya Şöbəsinə müayəinəyə gəlmiş hamilə, zahı, hətta ağır vəziyyətdə olan qadınlardan tələb olunur ki, o vəziyyətlərində durub getsinlər Ümumi Şöbədəki USM aparatından keçsinlər. Səbəbi də budur ki, həmin şöbənin müdiri baş həkimin yaxınıdır və Hacıömər Nuriyev də bu hərəkəti ilə bütün pulları bir əldə, özü də etibarlı əldə cəmləşdirmək istəyir.
H.Nuriyevin olduqca maraqlı qayda və qanunları da var. Balakən Mərkəzi Xəstəxanasının baş həkimi ildə iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə verməlidir. İkincisi isə ildə bir dəfə yığılır. H.Nuriyev hər ilin sonu həkimlərdən tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən çıxarmalı olacaq.
Hacıömər Nuriyevin bir başqa "kuralları" da var. Bolgexeber.com saytı yaydığı məlumata görə, Azərbaycan Tibb Universitetini bitirmiş və Balakən rayon Mərkəzi Xəstəxanasına göndərişlə göndərilmiş həkimlərin hamısının başına olmazın oyunlar açırlar. Belə ki, hal hazırda Balakən rayon Mərkəzi Xəstəxanasında göndərişlə gəlmiş 5-6 həkim var. Lakin baş həkim onların hansı şəkildə gəldiklərinə məhəl qoymur. İxtisaslı kadrlar olduqları halda onları kəndlərə ailə həkimi kimi göndərən Hacıömər Nuriyev onların ştatlarını isə başqalarına satmaqla məşğuldur. Məsələn, ATU-nu bitirmiş və Bakıda UZİ avadanlıqları üzrə təcrübə keçmiş həkimi "ailə həkimi" kimi sənədləşdirib, ucqar kəndələrə göndəriblər.
Qəribə hallardan biri də odur ki, Hacıömər Nuriyev kəndə ailə həkimi kimi göndərdiyi həmin həkimlərdən sonra tələb edir ki, Mərkəzi Xəstəxanada işləsin. Özü də başqalarının yerinə. Çünki onların yerini satdığı başqalarını xəstəxanada tapmaq çətindir. Pullarını verib ştat almış həmin "həkim"lərin əsas funksiyası ayda bir dəfə gələrək, ştat cədvəlinə qol çəkərək, maaş almalarıdır.
Baləkən rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu hərəkətlərindən edilən şikayətlərə gəldikdə isə indiyə qədər bununla bağlı heç bir tədbir görülməyib. Hacıömər Nuriyev isə hamıya deyir ki, onun arxası möhkəmdir və yığdığı pulları da yuxarılarla, yəni Səhiyyə Nazirliyi ilə bölüşdürür. Ona görə də, kimsə ona bir şey edə bilməz.

Sumqayıtda orqan
mafiyası qorxusu

Sumqayıtda orqan mafiyasının tüğyan etdiyi, uşaqları oğurlayıb, daxili orqanlarını çıxararaq satdığı barədə bir müddətdir məlumat yayılır. Dünən sosial şəbəkələrdə yayılmış növbəti məlumat isə olduqca senssasiya xarakterlidir. Həmin məlumatda son günlər ərzində 40-a yaxın uşağın Sumqayıtda yoxa çıxdığı vurğulanır. Məlumatı yayan şəxs iddia edir ki, indiyə qədər həmin oğurlanmış uşaqların bəzilərinin meyti tapılıb. Digərlərinin taleyindən isə xəbər yoxdur.
Məlumatda o da vurğulanır ki, şəhər polisinin bu məsələdə susmasının əsas səbəbi Eurovizion" müsabiqəsi ərəfəsində ört-basdır etməsi ilə əlaqələndirilir. Hətta bəzi iddialar da var ki, orqan mafiyasının kimlərdən təşkil olunduğu hüquq mühafizə orqanlarına məlum olsa da, onlarla bağlı yarışdan sonra tədbir görüləcək.
Qeyd edək ki, bu məlumatların nə qədər səhih olduğu məlum deyil. Düzdür, Sumqayıtdan son günlər həyacanlı xəbərlər gəlir. Hətta şəhərdə itkin düşmüş uşaqların şəkillərinin divara yapışdırıldığına dair də məlumatlar var. Ancaq hələlik bu məlumatları təsdiq edən hər hansı bir fakt ortalıqda yoxdur. Lakin yenə də bu məlumatları gözardı etmək də mümkün deyil.

Cavid Qarabağlı