Füzuli Ələkbərovun qardaşına ivanovkalılardan şok həmlə
Füzuli Ələkbərovun qardaşına ivanovkalılardan şok həmlə

100-ə yaxın sakin Nizami Ələkbərovdan şikayət üçün paytaxta axışdı

Azərbaycan rayonlarında yerli icra hakimiyyəti strukturlarından narazılıqların ardı-arası kəsilmir. Artıq bir çox rayonlarda yerli icra rəhbərlərinin qanunsuzluqlarından narazılıq kulminasiya nöqtəsinə çatıb və onların hər biri potensial Quba təsiri bağışlayır.

Belə rayonlardan birinin də İsmayıllı olduğuna dair ötən saylarımızda bir neçə dəfə informasiya yaymışıq. Dünən isə qəzetimizin adıçəkilən rayonlarla bağlı yazılanların reallıqla nə qədər səsləşdiyi təsdiqləndi.
Belə ki, İsmayıllı rayonunun İvanovka kəndinin yüzə yaxın sakini rayon rəhbərliyinin qanunsuz əməllərindən şikayət üçün paytaxt Bakıya gəlib. Prezident Administrasiyası qarşısına toplaşan ivanovkalılar bu yolla narazılıqlarını ölkə rəhbərliyinə çatdırmağa çalışıblar.
Sakinlərin əsas narazılığı isə heç şübhəsiz, yerli icra orqanlarından, xüsusilə də rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovdan olub. Son beş ildə çoxlu qanunsuzluqlarla üzləşdiklərini deyən sakinlər onlara rahat yaşamağa, işləməyə imkan verilmədiyini iddia edir.
Şikayətçilərin bir neçəsi Prezident Administrasiyasında qəbul edilib, amma verilən vədlər onları razı salmayıb.
Xatırladaq ki, İvanovka Azərbaycanda SSRİ zamanından qalma yeganə kənddir ki, hələ də birgə təsərrüfat olan kolxoz quruluşu ilə idarə olunur. İvanovkada istehsal olunan ət və süd məhsulları keyfiyyəti, ekoloji baxımdan təmizliyi ilə seçilir.
Bununla belə, kənd sakinləri yerli icra hakimiyyəti rəhbərliyinin onlara qarşı qanunsuz və özbaşına davranışlarından əziyyət çəkirlər.
Onu da demək lazımdır ki, İsmayıllı rayonuna əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı rəhbərlik edir. İndiyədək mətbuatda adıçəkilən rayonunun Ələkbərov qardaşları tərəfindən qeyri-rəsmi şəkildə özəlləşdirildiyi qeyd edilib. Bildirilib ki, nazirin kurasiya etdiyi, qardaşının isə icra başçısı olduğu rayonda həm onların geniş gəlir qaynaqları var, eyni zamanda rayonun meşə zolaqlarının bir qismi məhv edilərək, yerində Ələkbərovlara məxsus imtirahət və əyləncə mərkəzləri, mülklər tikilib.
Konkret olaraq, İvanovka kənd sakinlərinin rayon icra başçısına qarşı sərt ittihamlarına gəlincə, mütləq xatırlatmağa ehtiyac var ki, hələ ötən ilin oktyabrında ölkə mətbuatında adıçəkilən kənddə baş verənlərlə bağlı ilginc məlumatlar yayılmışdı. Üstündən 6 ay keçməsinə rəğmən hələ də təkzib edilməyən həmin məlumatlarda bildirilirdi ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və onun qardaşının kənddə malikanəsi, dəbdəbəli evləri var. "Kənddə başqa ərazilərdən gəlmələrin məskunlaşması ab-havanı tamam məhv edib. Çox az sayda malakan və ləzgilər qalıb ki, onların da deportasiya olunması prosesi gedir. Özü də çox sakit şəkildə" - məlumatlarda vurğulanırdı. Maraqlı məqamlardan biri də odur ki, həmin xəbərlərdə sakinlərə istinadən bildirilirdi ki, nazir Füzuli Ələkbərov 80 min manata evləri alır, alınan evlərin yerində isə villalar, dəbdəbəli saraylar tikdirir.
Göründüyü kimi, artıq bütün bu narazılıqların miqyası o qədər genişlənib ki, İvanovka kəndinin 100-dək sakini Bakıya axın etmək məcburiyyətində qalıb. Bu, şübhəsiz ki, məlum Quba hadisələrindən sonra icra başçıları və rayonları kurasiya edən məmurlarla bağlı həssas situasiyada nazir Ələkbərova və onun qardaşı Nizami Ələkbərov üçün ciddi başağrısıdır. Çünki ölkə rəhbərliyinin açıq iradəsi var ki, əyalətlərdə əhalinin kütləvi şəkildə narazılıqlarına yol açan əməllərdən çəkinmək, yerlərdəki problemlərin həllinə xüsusi diqqət göstərmək lazımdır. Əks halda yerli sakinlərin ciddi narazılıq etdiyi rayonların icra başçıları, eləcə də həmin raonların kurasiyası ilə məşğul olan şəxslərin iqtidar daxilində nüfuz və karyerasının gələcəyi şübhə altına düşür.
Ona görə də İvanovka kənd sakinlərinin üzləşdiyi problemlərdən cana doyaraq paytaxta axışması da şübhəsiz, məhz bu mənada Ələkbərovlara yaxşı nə isə vəd etmir. Bu əlbəttə, bir ehtimaldır. Həmin ehtimalın nə qədər doğru olub-olmadığını isə zaman göstərəcəkdir.
Sevda Cəlilli