Avro-2012: Berti Foqtsun izlədiyi komanda
Avro-2012: Berti Foqtsun izlədiyi komanda

Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Yarış iştirakçılarının təqdimatını davam etdirən "Unikal" bu dəfə A qrupunun favoritlərindən olan Rusiya yığmasından bəhs edir.

Bu komandadan danışarkən, öncə 1 məqam qeyd olunmalıdır. Belə ki, Azərbaycan və ölkəmizdə çox sevilən Türkiyə yığmasının olmadığı Avro-2012-də bizim üçün ən çox maraq kəsb edən məhz şimal qonşumuzdur. Bunun da 2 səbəbi var.
Əvvəla, DÇ-2014-ün seçmə mərhələsində rəqibimiz olan rusların çıxışını görmək maraqlı olacaq. Xüsusilə, millimizin baş məşqçisi Berti Foqts və futbolçular bu komandanın qarşılaşmalarını izləməlidir. Axı ilin sonuna kimi biz də bu komanda ilə üz-üzə gələcəyik. Hələ DÇ-2010-nun seçmə mərhələsində də yığmamız bu rəqiblə 2 dəfə qarşılaşmışdı. Moskvada 0:2 hesabıyla uduzan Foqtsun yetirmələri Bakıda 1 xal ala bilmişdi - 1:1.
İkincisi isə Rusiya yığmasının tarixi ilə bağlıdır. Rəqibimiz 1917-ci ilədək Rusiya imperiyası, 1917-1991-ci illərdə SSRİ, 1992-ci ildə MDB, elə həmin ildən bu yana Rusiya yığması kimi çıxış edir. Bu 4 hissədən ibarət tarixin SSRİ və MDB-yə aid olan hissəsi bizlərə də aiddir. Çünki Rusiya yığmasının sələfi olan həmin komandalarda Azərbaycan futbolçuları da çıxış edib və ölkəmizdə həmin milliyə azarkeşlik edilib.
Əslində, Rusiya yığmasının uğurları da əsasən həmin dövrlə bağlıdır. 1960-cı ildə Avropa, 1956 və 1988-ci ildə Olimpiya çempionu olan SSRİ millisinin uğurlarını Rusiya yığması davam etdirə bilmir. 52 il əvvəl ilk qitə çempionatının qalibi olan, 4 il sonra finalda İspaniyaya uduzan milli sonradan daha 2 dəfə 2-ci olub. 1972-ci ildə "Neftçi"nin əfsanəsi Anatoli Banişevskinin də oyandığı SSRİ yığması finalda millimizin indiki baş məşqçisi Berti Foqtsun da yer aldığı AFR-a 0:3 hesabı ilə uduzmuşdu.
Həmin darmadağından sonra həm Banişevski, həm də ölkəmizdə "İnter"in baş məşqçisi olmuş Anatoli Konkov da daxil olmaqla bir qrup futbolçu cəzalandırılmışdı. 1988-ci ildə isə SSRİ-ni finalda Hollandiya məğlub etmişdi.
1992-ci ildə qrupda qalan MDB yığmasında "İnter"in indiki baş məşqçisi Kaxaber Sxadadze də yer almışdı. Onunla yanaşı, cari mövsümdə "Simurq"da çalışmış Sergey Yuran da həmin yığmada idi.
Lakin SSRİ dağıldıqdan sonra 1992, 1996 və 2004-cü ildə keçirilən final mərhələlərinə yüksələn MDB və Rusiya 9 oyunda 1 qələbə qazanmışdı.
2000-ci ildə isə ümumiyyətlə seçmə mərhələdə "ilişmişdi". Avro-2008-də isə hollandiyalı Qus Hiddinkin rəhbərlik etdiyi milli bu uğursuzluqları unutdurdu. Hətta Hollandiya yığmasını da yenən şimallılar sonda yarımfinalçı kimi bürünc medallara yiyələndi.
Avro-2012-nin seçmə mərhələsinin startında uğursuz oynayan rusiyalılar hətta öz meydanında Slovakiyaya da uduzdur. Lakin sonda toparlanan yığma qrup qalibi kimi pley-off oynamadan Polşa və Ukraynadakı turnirə yüksəldi. Həlledici mərhələnin püşkatmasında da bəxti gətirən qonşularımız çempionatın favoritlərinin olmadığı qrupda yer alıb.
Qrupdan çıxacağı gözlənilən ruslara yeganə problemi baş məşqçi məsələsi yaşada bilər. Belə ki, hollandiyalı Dik Advokatın Avro-2012-dən sonra millidən gedəcəyini açıqlaması komandanın oyununa və nəticəsinə təsir etməsi mümkündür.
Rusiya yığması
FİFA reytinqi: 11
İlk oyun: Meksika 2:0 (16.08.1992, Moskva)
Ən böyük hesablı qələbə: San-Marino 7:0 (07.06.1995, San-Marino)
Ən böyük hesablı məğlubiyyət: Portuqaliya 1:7 (13.10.2004, Lissabon)
Titulu: yoxdur
Baş məşqçi: Dik Advokat (Hollandiya)
Avropa çempionatlarında ən yaxşı nəticə: 2008-cı ildə III yer
Ən məhsuldar futbolçusu: Vladimir Besçastnıx - 26 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Roman Pavlyuçenko - 20 qol
Yığmada ən çox oyun: Viktor Onopko - 118
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Sergey İqnaşeviç - 88
Rusiya yığmasının Avro-2012-nin final mərhələsindəki qrup oyunlarının təqvimi:
08.06.2012. Vrotslav. 23:45. Rusiya - Çexiya
12.06.2012. Varşava. 23:45. Polşa - Rusiya
16.06.2012. Vrotslav. 23:45. Yunanıstan - Rusiya