Asim Mollazadə: "Azərbaycana münasibətdə ikili  standartların tətbiqinə səbəb erməni diasporunun təsiridir"
Asim Mollazadə: "Azərbaycana münasibətdə ikili
standartların tətbiqinə səbəb erməni diasporunun təsiridir"

Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana münasibətdə ikili standartların tətbiqinə səbəb erməni diasporunun təsiridir. Azərbaycanlı politoloq, Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə belə hesab edir.
Millət vəkili bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ona görə çətinləşib ki, çox güclü, varlı, yaxşı təşkilatlanmış erməni diasporu ABŞ, Fransa və Avropa ölkələrinin əksəriyyətində bu ölkələrin xarici siyasətinin formalaşmasına ciddi təsir göstərir və fəsadlaşdırıcı amildir. Münaqişənin nizamlanması çərçivəsində beynəlxalq hüququn kobud şəkildə pozulmasına, eləcə də BMT TŞ-nin və başqa beynəlxalq təşkilatların münaqişənin həlli üzrə qəbul etdikləri qətnamələrin implementasiyasına göz yumulur. Ermənistanın təcavüzünə qarşı hansısa konkret sanksiyalar tətbiq edilmir və ona ciddi təzyiq göstərilmir".
Onun sözlərinə görə, Moldova və Gürcüstandakı hadisələrdən sonra, eləcə də bu gün, Ukraynada hadisələrin baş verdiyi vaxtda çox aydın şəkildə görünür ki, keçmiş Sovet İttifaqının ərazisində baş verən bütün bu münaqişələr eyni qüvvələr tərəfindən və eyni ssenari üzrə idarə olunur: "Hər dəfə bu cür "hüquqi nihilizm" baş verdikdə, bu, vəziyyətin getdikcə daha da pisləşməsinə gətirib çıxarır. Bu gün Ukraynada baş verənlər Dağlıq Qarabağ hadisələrinin davamıdır. Və bunlar yalnız o səbəbdən baş verir ki, lap ilk gündən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq hüquq çərçivəsində aparılmır".
İnsan haqları ilə bağlı vəziyyətə gəldikdə, Mollazadənin sözlərinə görə, bəzən ikili standartlar prinsipi müxtəlif ölkələr üçün təzyiq göstərilməsi üçün istifadə olunur: "Bəzən paradoksal vəziyyət yaranır. Azərbaycanı insan haqlarına riayət etməməkdə elə ölkə günahlandırır ki, o, özü bu hüquqa heç vaxt riayət etmir və demokratiyadan qətiyyən heç nə anlamır, insan hüquqları üzrə qeyri-dövlət təşkilatlarıını və müxtəlif institutları ciddi şəkildə maliyyələşdirmir. Azərbaycan ilə bağlı hallarda buna üstəlik erməni diasporunun aktivliyi və təsiri də əlavə olunur".