Obamadan Putinə sərt xəbərdarlıq
Obamadan Putinə sərt xəbərdarlıq

ABŞ prezidenti: "Onlara görə sən məsuliyyət daşıyırsan"

"Putin Rusiya Federasiyasının vətəndaşı olan separatçılar üçün məsuliyyət daşıyır". Bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxışı zamanı Ukrayna səmasında vurulan Malayziya təyyarəsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, təyyarə separatçıların idarəçiliyində olan ərazidən vurulub: "Artıq 4 gün keçib və hazırda bütün səylər həlak olanların tapılması istiqamətində davam edir. Biz əmin olmalıyıq ki, həqiqət ortaya çıxacaq və günahkarlar cəzasını alacaq. Mən beynəlxalq müstəntiqlərdən ibarət ekspertlər qrupunu hadisə yerinə göndərmişəm, digər ölkələrdən də ekspertlər gəlib. Onlara qəza yerinə maneəsiz giriş lazımdır. Ukrayna prezidenti qəza yerinin təhlükəsizliyini təmin etmək istiqamətində addımlar atdı, amma təəssüf ki, Rusiyanın dəstəklədiyi separatçılar araşdırmanı bloklamağa çalışır. Sual yaranır, onlar nəyi gizlətməyə çalışır?"
ABŞ prezidenti qeyd edib ki, Rusiya separatçıların üzərində təsirə malikdir. "Rusiya onlara ilham verdi, öyrətdi və silahlandırdı. Həmçinin onlara hava hücumundan müdafiə vasitələri verib. Separatçıların lideri Rusiya vətəndaşıdır. Rusiya və xüsusilə prezident Putin onlara görə məsuliyyət daşıyır", -deyə Obama bildirib.
Ağ Ev rəhbəri Putini Ukraynanın suverenliyinə müdaxiləni dayandırmağa da çağırıb.
Qeyd edək ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində Malayziya hava yollarına məxsus olan Boinq-777 sərnişin təyyarəsi vurulmuşdu. Nəticədə 80 nəfəri uşaq olmaqla 298 nəfər həlak olmuşdu.

Təyyarədə ölən qızın atası Putinə məktub yazdı

Malayziyanın Boinq-777 təyyarəsində həlak olan 17 yaşlı holland qız Elsemik de Borstun atası Hans de Borst Rusiya prezidenti Vladimir Putin və Ukraynadakı separatçı liderlərə məktub yazıb.
Axar.az xəbər verir ki, həlak olan qızın atası məktubu qızının şəkli ilə birlikdə özünün Feysbuk səhifəsində yerləşdirib: "Onun 17 yaşı var idi. Arxitektor olmaq istəyirdi. Adıçəkilən centlmenlər, ümid edirəm ki, siz gənc ömrü kəsdiyiniz üçün fəxr edirsiz və sabah aynaya baxa biləcəksiniz.
Ümid edirəm ki, ingilis dilində olan bu məktubum sizə gəlib çatacaq və intellektual insanlar kimi onu oxuya biləcəksiniz. Bir daha sizə təşəkkür edirəm. Ən xoş arzularla həyatı məhv olan Elsemikin atası Hans de Borst".
Məktub sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçilərindən biri məktubla bağlı maraqlı şərh yazıb:
"Əgər separatçılar Putinin Forszotenedə (Haaqa yaxınlığındakı şəhər) yaşayan qızını öldürsəydilər, o, buna sevə-sevə baxardı".

Hillari Klinton Putinə
qarşı sanksiyaları
sərtləşdirməyə çağırır

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Malayziya "Boinq"inin qəzaya düşmə səbəblərinin araşdırılması üçün lazımi ölçülərin götürülməsini tələb edib.
Sabiq dövlət katibi "facebook" səhifəsində bu barədə belə yazıb: "Biz yalnız təyyarədə həlak olmuş insanların xatirəsini yad etməli deyilik, həm də günahkarların tapılması üçün çalışmalıyıq. Bu qəza daha geniş şəkildə araşdırılmalıdır".
H. Klinton belə davranışlara görə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini təklif edib. "ABŞ Avropanı Rusiyanın enerjisindən asılı olmadığına inandırmalıdır", - deyə o bildirib.
Sabiq dövlət katibi Avropanı sərhədlərinin qorunması və özünümüdafiədə ukraynalılara dəstək verməyə çağırıb.
Hollandlar ruslara
düşmən oldu

Malayziya sərnişin təyyarəsinin Ukraynada vurulması Antalya başda olmaqla Avropanın bir çox yerində istirahət edən rus turistlərinin vəziyyətini pisləşdirib.
Xüsusilə Rusiya və Hollandiya vətəndaşları arasında düşmənçilik özünün pik həddinə çatıb.
Bir çox məşhur turizm şirkətləri rus və hollandları bir-birindən ayrı tutmaq üçün hərəkətə keçdiyini açıqlayıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən həftə Türkiyədə olan rus və ukraynalı turistlər arasında dava olub. Kəmərdəki bir oteldə başlanan davada alman turistlər ukraynalıları müdafiə edib. Davanın sonunda rus turistlərin otelin üstünə Rusiya bayrağı sancdığı iddia olunur.
Bu arada Malayziyadan uçan təyyarələrin Ukrayna istiqamətindən olan reyslərin İraq ilə Suriya üzərindən həyata keçirdiyi məlum olub. Belə ki, Kuala Lumpur-London təyyarəsi təhlükəli bölgədən 11 min metr yüksəklikdən uçub, mənzil başına çatdığı bildirilir. ABŞ Suriya və İraq üzərindən olan uçuşların təhlükəli olması barədə xəbərdarlıq yayıb.

Separatçıların Malayziyaya təhvil verdiyi "qara
qutular"da müdaxilə
faktları aşkarlanmayıb

Donetsk separatçılarının Malayziyaya təhvil verdiyi "qara qutular"da müdaxilə faktları aşkarlanmayıb. Bunu Malayziya Milli Təhlükəsizlik Şurasının üzvü Mohd Sakri deyib.
M. Sakri qeyd edib ki, "qara qutular"da bəzi zədə izləri var, lakin vizual olaraq xarici müdaxilə faktlarına rast gəlinməyib.
Qeyd edək ki, srağagün Donetsk separatçılarının lideri Aleksandr Boroda "qara qutu"ları yalnız Malayziya tərəfinə təhvil verəcəyini bildirib. Ukrayna tərəfi isə separatçıların "qara qutular"a müdaxilə etdiyini iddia edib.

"Boeing 777"də ölən
sərnişinlərin
meyitlərinin olduğu qatar Xarkova yola düşüb

Malayziyaya məxsus "Boeing 777" təyyarəsində ölən sərnişinlərin meyitlərinin olduğu qatar Donetsk şəhərindən keçməklə Xarkova yola düşüb. Bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qroysman prezident Pyotr Poroşenkoya məruzəsində bildirib.
Prezident Silahlı Qüvvələrə qatarın təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlərin görülməsinə dair göstəriş verib.

"Malayziya
təyyarəsinin
vurulması Qərb və Ukraynanın
lehinədir"

Politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Barak Obamanın Ukraynada Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulmasında ittiham edilən Rusiyanı hədələməsi barədə nəsələyə münasibət bildirib.
Z.Əlizadə hesab edir ki, Obamanın bu hədələri siyasi üsuldur. Politoloq qeyd edib ki, ABŞ etdiyi hədələrlə Rusiyanı addım-addım geri çəkməyə çalışır. Onun sözlərinə görə, hər hədədə Rusiyanı bir addım geri çəkməyə nail olur: "Tədricən Ukraynanın Rusiyadan ayırır və bununla Poroşenko hakimiyyətini leqallaşdırmağa səy göstərir. ABŞ və Rusiya vecimə deyil, amma Ukrayna tədricən Qərbin təsiri altına düşür. Yəni ki, icra edilməyən hədələr yürüdülən siyasətin əsas tərkib hissəsidir". Zərdüşt Əlizadə təyyarənin vurulmasında Rusiyanın əlinin olması məsələsinə də toxunub. Z.Əlizadə bildirib ki, Rusiyanın Malyaziya təyyarəsinin vurulmasında əlinin olması barədə müəyyən şübhələr var. Politoloqun sözlərinə görə, lakin bu barədə istintaq qrupu, Beynəlxalq Aviasiya Komitəsinin, digər rəsmi qurumların axtarışlarının rəsmi nəticəsi yodur: "Qərb məsələni seperatçılar və Rusiyanın üzərinə atır, Moskva Ukrayna tərəfindən həyata keçirildiyini iddia edir. Məsələ haqqında tərəflərin müxtəlif fikirləri var. Hüquqi müstəvidə düşünməyə adət etmiş insanlar hansısa rəsmi nəticəni gözləmədən hökm verməyə tələsməməlidirlər. Mən deyə bilərəm ki, Rusiyanı vurmaq üçün bunu Ukrayna edib məsuliyyətini Moskvanın üzərinə atıb. Rusiya da məsuliyyətdən boyun qaçırmaq üçün bunu Ukraynanın etdiyini deyə bilər. Hava Hücumundan Müdafiə Qüvvələrinin general-leytenantı xəritə və digər vasitələrlə sübut etdi ki, təyyarə Ukrayna hərbiçiləri vurub. Siyasi tərəfdən izah etsək, belə bir hadisənin baş verməsi Ukrayna və Qərbin lehinədir. Digər tərəfdən proseslərdə yer almayan səviyyəsiz adamlar Moskvanın xəbəri olmadan da edə bilərlər".
Murad İbrahimli