Özünü saymayan dövləti kim sayar ki...
Özünü saymayan dövləti kim sayar ki...

Ermənilər dərk edirlər ki, aldanırlar, istismar olunurlar

Rusiyanın regional destruktivizmini ermənilər qədər hiss edən ikinci millət çətin ki, tapıla. Sovetlər Birliyi dağılandan sonra Rusiya postsovet məkanında regional siyasətin yeni modelini aramağa başladı və sonra da tapdığı yarımçıq sistemi dünya siyasətinin çağdaş standartlarına uyğunlaşdırmağa çalışdı.

Lakin daxili siyasi və sosial məsələlərdə tam uğursuzluğa düçar olandan sonra Rusiya xarici siyasətdə irəliləyişlərə can atsa da, niyyətinə çatmadı. Moskvanın Ermənistanla bağlı yürütdüyü siyasət və tutduğu mövqe də deyilənlərin aşkar izharı sayıla bilər.
Yerevanı Cənubi Qafqazda "strateji müttəfiq və tərəfdaş, ən önəmli tərəf-müqabil" elan etsə də, Ermənistan Rusiya üçün az qala quberniyaya çevrilib. Trivial məntiqə görə, Yerevandakı proseslər bütünlüklə Rusiyanın nəzarətində olmalı, ermənilərin daxili və xarici siyasəti qeyd-şərtsiz Moskvanın rıçaqları ilə idarə edilməliydi. Amma belə deyil və Rusiyanın Ermənistandakı siyasətinin çürük, planlarının fiaskoya uğradığını söyləmək mümkündür. İş ondadır ki, Rusiyanın yeni regional siyasi modelinin daxili bazisi, möhkəm təməli yoxdur. Neoimper istəklər və postsovet məkanındakı dövlətlərin bir araya gətirilməsi üçün ən müxtəlif, özü də hiyləgər təzyiq metodlarından istifadə olunması Cənubi Qafqazdakı proseslərdə üzə çıxır. Moskva bəyanatlarının və vədlərinin tam əksinə olaraq sovet dəyərlər sisteminə qayıdaraq dəyənək, siyasi fırıldaqlar, aşkar pressinq, hədələr və qorxutmalar yolunu seçib. Sovetlər Birliyinin dağıldığı gündən 20 ildən də artıq vaxt keçməsinə rəğmən Rusiyanın hakimiyyət dairələri
Cənubi Qafqazda yerli xalqlara yeni heç nə təklif edə bilməyiblər. Üstəlik, Rusiya "strateji tərəfdaş və müttəfiq" adlandırdığı Ermənistanı üzləşdiyi ən ağır problemlərdən qurtarmaq üçün konkret heç bir addım atmayıb. Moskva Yerevanda rəqabətə davamlı siyasi, iqtisadi və ya ideoloji texnologiyaları tətbiq etməyib. Ermənilər də bunu görür və dərk edirlər ki, aldanırlar, istismar olunurlar, onlardan istifadə edirlər. Serj Sarkisyan iqtidarının təbliğat maşınının fasiləsiz işləməsinə və cəmiyyəti yalanlara inandırmağa çalışmasına rəğmən ermənilər gün keçdikcə əmin olurlar ki, Rusiya heç bir halda Ermənistan üçün inkişaf tərəfdaşı, tərəqqi yolunda tərəf-müqabili ola bilməz. Yerdə qalır Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı Rusiyanın qarant rolunda çıxış etməsi. Bu da qəliz məsələdir. Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir, Ermənistan sərhədlərini rus hərbçilər qoruyur, Yerevan iqtidarı ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü edib və suverenliklə yanaşı, müdafiə məsələlərinin həllini də faktiki olaraq Moskvaya həvalə edib. Sarkisyan iqtidarının kütləyə aşılamağa çalışdığı prinsiplərə görə, bütün bunlar ermənilərlə təhlükəsizlik və əmin-amanlıq hissləri yaratmalıdır. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da Rusiyanın məhz Yerevanın tərəfində olduğu vurğulanır. Özü də israrla, fasiləsiz olaraq.
Yerevan iqtidarı bildirir ki, yalnız ruslar erməniləri işğaldan və ya müharibədən qoruya bilər, ruslar olmasa, Azərbaycan və Türkiyə mütləq şəkildə Ermənistana hücum edəcək. Əslində bütün bunlar yalan, idiotik açıqlamalardır. Deyilənlərin boşboğazlıq olduğunu bilmək üçün sadəcə, Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərin məzmununa, habelə tərkib hissələrinə nəzər salmaq kifayətdir. Çağdaş dünyada hər hansı ölkənin təhlükəsizliyinin təminatı kompleks məsələ olaraq sırf müdafiə qabiliyyəti, hərbi texnika və ya ordu ilə bağlı olan məsələlər deyil. Prinsiplər daha mürəkkəb dəyərlərdən və məqamlardan ibarətdir. Ölkənin təhlükəsizliyi, ilk növbədə, iqtisadiyyatla xarici siyasətin təmərküzləşməsi, diplomatiyanın güclü olması və dəyərlər sisteminin qorunmasıdır. Gərçi Ermənistan təhlükəsizliyini təmin etmək istəyirsə, qonşu ölkədə yaşayan insanlar ilk əvvəl hansı dəyərlər sisteminə üstünlük verdiklərini müəyyənləşdirməlidirlər.
Belədə bəlli olur ki, Rusiya ermənilərin hamisi və ya müdafiəçisi yox, Ermənistanın ən böyük təhdidi, təhlükə mənbəyidir. Çünki Moskva Ermənistanın sivil seçim imkanlarının qarşısını alır, erməniləri bütün mümkün və aşkar destruktiv vasitələrdə anaxronik sovet-rus sistemində saxlamağa çalışır. Belə sistemdə insanın heç bir dəyəri yoxdur: insan heç kimdir və onun adı da önəmli deyil. Ermənistan üçün Rusiya dərin, fəlsəfi baxımdan təhlükəsizlik təminatı deyil. Moskva ermənilərə yalnız geriləməni, asılılığı, köləliyi və şovinizmi təmin edə bilər. Belə "təminat" üçünsə Ermənistan çox baha qiymət ödəyir. Bütün bunlarla yanaşı Ermənistandakı situasiyanı dəyərləndirəndə günahkar qismində ya Rusiya, ya da Qərbi görmək və göstərmək də yanlışdır. Suçlu elə ermənilərin özləridir.
Faktoloji baxımdan yaşananlarda Rusiyanın bilavasitə suçu olsa da, ermənilərin şüurları indi çox təhlükəli sindromun daşıyıcılarına çevrilib. Çünki onlar ölkədəki hər problemin arxasında xarici qüvvəni, siyasi oyunçuları, hansısa təşkilatları və ya adamları arayırlar. Halbuki məhz belə düşüncə daxili zəiflik, bacarıqsızlıq və cəmiyyətin ətalət, süstlük və qorxaqlıq xəstəliyinə tutulmasını göstərir. Ermənistandakı problemlərin kökündə müəyyən mənada xarici qüvvələr dursalar da, əsas səbəblər Yerevandakı mövcud iqtidarın xalqa qənim kəsilməsi, müxalifətin də bivecliyidir. Ölkənin, sözün əsl mənasında, suveren və müstəqil olmasına, ermənilərin talelərini özləri həll etməsinə can atan qüvvə yoxdur. Məhz bu səbəbdən də Ermənistan müxtəlif güc mərkəzləri və ölkələrin siyasi eksperimentləri məkanına çevrilib. Yerevan indi regional siyasətlə yanaşı, dünya miqyasındakı proseslərdə bəlli dövlətlərin tərəfdaşı, subyekti yox, mövqeyi və istəkləri əsla nəzərə alınmayan, sözləri qulaqardına vurulan yazıq məkandır. Xarici qüvvələrin ölkədəki hadisələrin müsbət və ya mənfi məcrada inkişafına təsir etmələrinə imkan verən şəraitin yaranmasında bilavasitə ermənilərin özləri suçludur. Vəziyyət isə yalnız ictimai şüurun qəflət yuxusundan ayılması, siyasi proseslərin yenilənməsi, xarici qüvvələrin varlığından şikayətlənmələrə son qoyulması ilə düzələ bilər. Ermənilər sonucda çətinliklə olsa belə, dərk etməlidirlər ki, xarici qüvvələrdən və bəlli ölkələrdən asılılıqdan qurtulmağın yeganə yolu öz vətəndaşlarına sayğı bəsləyən, onların hüquqlarını qoruyan, azadlıqlarını təmin edən dövlətin formalaşmasıdır.
Ermənilərin problemlərini yalnız özləri həll edə bilər. Başqa yol yoxdur. İnsanın vətəndaş sayıldığı, daxili və xarici siyasətini özü müəyyənləşdirən ölkəyə təzyiq etmək mümkün deyil. Bunun əksi Ermənistandır.
Elçin Alıoğlu